İslam Həmrəyliyinin qayçısı: Ermənistandan cılız istifadə cəhdlərinə son qoyulmalıdır – TƏHLİL

      İslam Həmrəyliyinin qayçısı:    Ermənistandan cılız istifadə cəhdlərinə son qoyulmalıdır –    TƏHLİL
  23 Sentyabr 2020    Oxunub:10462
Son vaxtlar Ermənistanın Yaxın Şərqin bəzi müsəlman ölkələrilə yaxınlaşmaq cəhdləri Paşinyan hökumətinin həm xarici, həm də daxili siyasətinin fiaskoya uğradığından xəbər verir. Paşinyan tam batmaqdan xilas olmaq üçün yapışacağı son saman çöpü kimi ərəb ölkələrini görür.
Türkiyə ilə Səudiyyə Ərəbistanı və Misir arasında hansısa regional məsələdə fikir ayrılığının yaranmasından həvəslənən Yerevan əslində ərəbləri dəstəklədiyini bəyan etməklə intriqanı böyütməyə və bu yolla özünə tərəfdaş tapmağa ümid edir. Təbii ki, Yerevanın bu cılız “diplomatik” sıçrayışları Yaxın Şərq ölkələri tərəfindən gülüşlə qarşılansa da, ərəblər hər halda, Ermənistandan öz məqsədləri üçün istifadə edirlər.

Sentyabr ayının ortalarında Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Misirdə səfərdə olarkən bu ölkənin xarici işlər naziri və prezidenti ilə görüşüb. O həmçinin, Misirin Əl-Əzhar Məsçidinin imamı və Ərəb Dövlətləri Liqasının baş katibi ilə də danışıqlar aparıb. Mnatsakanyan Qahirədə misirli həmkarıyla keçirdiyi brifinqdə qeyd edib ki, “Şərqi Aralıq dənizindən Yaxın Şərq və Şimali Afrikaya təhlükəsizliyə hədə çağırışları səslənir. Biz həmin çağırışları Cənubi Qafqazda da görürük. Onlar bir-birilə əlaqəlidir və eyni destabilizasiya mənbələri kimi xarakterizə olunur”. Aydındır ki, Ermənistan “təhlükə mənbəyi” kimi Türkiyəyə işarə vurur və Cənubi Qafqazada Türkiyənin mümkün müdaxiləsindən müdafiə üçün Misirdən dəstək umur.

Mnatsakanyanın bu səfərindən sonra Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbduləziz və onun varisi Məhəmməd bin Salman Ermənistanın müstəqilliyinin ildönümü munasibətilə bu ölkənin prezidenti Armen Sarkisyana təbrik məktubu ünvanlayıblar.
Ermənistanla heç bir diplomatik münasibəti olmayan Səudiyyə Ərəbistanı tərəfindən belə gözlənilməz addım ilk növbədə Ankara ilə Ər-Riyad münasibətlərində son illərdə müşahidə olunan sərinləşmə ilə bağlı olduğu sirr deyil. Bu sərinləşmənin əsas səbəbi 2017-ci ildə Qətərlə Səudiyyə Ərəbistanı arasında yaranmış böhranda Ankaranın birincinin tərəfini tutması ilə bağlıdır. Təbii ki, regional müstəvidə dövlətlər arasında müəyyən fikir ayrılıqlarının yaranması labüddür, ancaq bu fikir ayrılıqlarını fürsət bilib, Ermənistan kimi cılız dövlətin müqəddəs İslam dəyərlərinin çətiri altında birləşən dövlətlər arasında nifaq toxumu səpməklə özünə xal qazanmasına şəraitin yaradılmasına heç bir halda yol verilməməlidir.

Azərbaycan prezidenti İlham Əliyev son müsahibəsində bu məqama xüsusilə diqqət ayırdı və Ermənistanın yaxınlaşmaq cəhdlərinə müsbət raaksiya verən islam ölkələrinə özünəməxsus formada ismarıc göndərdi. Prezidentin həmin ölkələrə ünvanlanan ismarıc xarakterli bəyanatı üç hissədən ibarət idi. İlkin olaraq İlham Əliyev ölkəmizin İslam dünyasındakı rolu və islam həmrəyliyi üçün gördüyü çoxsahəli fəaliyyətdən bəhs edib:

- Bildiyiniz kimi, Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olub, ölkəmizdə bir çox tədbirlər keçirilib. Biz həmişə çalışmışıq ki, müsəlman ölkələrinə kömək göstərək, beynəlxalq təşkilatlarda həmişə müsəlman ölkələrinin maraqlarını müdafiə etmişik, həm səsvermə zamanı, eyni zamanda, əgər hansısa beynəlxalq təşkilata müsəlman ölkəsi öz namizədliyini irəli sürübsə, həmişə onu dəstəkləmişik. Yəni, bu həmrəylik sözdə yox, əməldə olmalıdır. Biz o ölkələrdənik ki, əməldə İslam həmrəyliyinə daim öz xarici siyasətimizdə böyük yer ayırmışıq. Mənim xarici siyasət istiqamətləri ilə bağlı çıxışlarımda siz bunu görə bilərsiniz. Əsas prioritetlərdən biri müsəlman ölkələri ilə əlaqələrdir. Çünki biz müsəlman dünyasının bir hissəsiyik,- deyə dövlət başçımız vurğulayıb.

Ardınca “Bizi BMT-də ən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir”,- deməklə, prezident bir tərəfdən Azərbaycanın mövqeyinin İslam ölkələri tərəfindən dəstəkləndiyini təqdir edir, digər tərəfdən Ermənistanla yaxınlaşmaq istəyən müsəlman ölkələrini də xəbərdar edir ki, onlar bu addımlarıyla Azərbaycanı dəstəkləyən digər çoxsaylı islam ölkələrinin mövqeyinə saymazyana yanaşırlar.

Bəyanatın ikinci hissəsində prezident konkret olaraq İslam ölkələrinin ermənilərlə yaxınlaşmasına etirazını bildirir və Ermənistanın antiislam mahiyyətini tam çılpaqlığı ilə ortaya qoymaqla etirazın səbəbini açıqlayır:

- Müsəlman ölkələrinin Ermənistanla hər hansı yaxınlaşmasına biz həmişə çox həssas yanaşırıq. Çünki Ermənistan bizim torpağımızı zəbt edib. Eyni zamanda, müsəlman ölkələri də bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib. Baxın, bizim məscidlərimiz nə gündədir? Məgər müsəlman ölkələrində bilmirlər ki, ermənilər bizim yarıdağılmış məscidlərdə heyvan, donuz, inək saxlayırlar. Bu, müsəlman aləminə edilən təhqir deyilmi? Ona görə hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin. Eyni zamanda, mənə verilən məlumata görə, Ermənistanın xarici işlər naziri Misirdə hansısa dini liderlə görüşüb. Yaxşı, o dini liderə deyən olmadı ki, bu adamlar müsəlman məscidlərini təhqir edib, bütün müsəlman dünyasını təhqir edib. Biz dəqiq bilirik, erməni rəsmiləri Avropada olarkən avropalıların yenə də bunlara münasibətinin müsbət olması üçün onların əsas arqumenti o olur ki, biz müsəlmanların əhatəsində yaşayırıq. Bizim üç qonşumuz müsəlman ölkələridir. Biz burada, bu bölgədə xristianlığı qoruyan xalqıq. – deyən İlham Əliyev əlavə edib ki, “Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər, bu ideologiyanı uşaqlara aşılayırlar. Ona görə biz öz prinsipial mövqeyimizdə qalacağıq. Bu məsələni həmişə diqqətdə saxlayacağıq. Bütün müsəlman ölkələrinin rəhbərlərinə bir daha demək istəyirəm, Ermənistan sizin dostunuz deyil.

Nəhayət, prezident məsələyə dair çıxışının üçüncü hissəsində Ermənistanın müsəlman ölkələri tərəfindən hansı səbəbə dəstəklənməsilə bağlı mülahizələrini açıqlayır. Təbii ki, bu halda iki səbəb ola bilər – birincisi, dövlət maraqları, ikincisi isə “düşmənimin düşməni mənim dostumdur” prinsipinə əsasən Türkiyəyə qarşı hansısa formada etiraz bildirmək. Əlbəttə, Ermənistan iqtisadi maraqlar baxımından heç bir Yaxın Şərq ölkəsinə hər hansı perspektiv vəd etmir.

İlham Əliyev bununla bağlı qeyd edir ki, “Ermənistanda hansı maraqlar ola bilər? Bu ölkə uğursuz ölkədir. Bunun bir beynəlxalq adı da var: “Fail state”. Uğursuz ölkədir. İqtisadiyyat çöküb, bazar məhdud, əhali azalır, hər hansı bir investisiya üçün cəlbedici deyil. Heç bir ölkəyə investisiya qoymur. Nəqliyyat dalanıdır bu ölkə. Hansı marağı ola bilər?”

Beləliklə, aydın olur ki, bəzi İslam ölkələrinin Ermənistanla yaxınlaşmaq istəyinin altında yatan yeganə səbəb Türkiyə ilə regional məsələlərlə bağlı yaranmış fikir ayrılığı fonunda Ankaraya acıq verməkdir. Belə cılız səbəblərdən İslam həmrəyliyi ideyalarını mövcudluğunun mənasını müsəlmanları qırmaqda görən ermənilərə dəyişmək nə dərəcədə doğrudur?

Prezidentintin məsələyə dair çıxışının sonunda “Hansısa vəziyyətə görə, kiməsə acıq vermək üçün əgər belə addımlar atılırsa, bunlar ancaq təəssüf doğurur” deməsi, güman ki, diplomatik dillə məhz Türkiyə ilə yaranmış müəyyən fikir ayrılıqlarına görə belə addımların atılmasının qınanması kimi yozulmalıdır.

Tofiq Vahid
Azvision.az



Teqlər: İslam-Həmrəyliyi   Ermənistan  





Xəbər lenti