Kiyev tələbələrinə Heydər Əliyev adına təqaüd verildi

Kiyev tələbələrinə Heydər Əliyev adına təqaüd verildi
  29 Yanvar 2014    Oxunub:1605
AzVision.az xəbər verir ki, bu gün T.Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) Beynəlxalq Münasibətlər İnstitutunun (BMİ) Elmi Şurasının zalında BMİ-nin ən yaxşı tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ukraynadakı nümayəndəliyinin dost ölkədə müxtəlif millətlərdən olan tələbə gənclərin layiqli nümayəndələrini stimullaşdırma proqramı üzrə Heydər Əliyev adına təqaüdlərin təntənəli təqdim edilmə mərasimi keçirilib.
Bu təqaüd həm də gənclərin mənlik şüurunun formalaşması, intellektual potensialı gələcəkdə Ukraynanın daha da inkişaf etdirilməsinə xidmət edəcək istedadlı gənclərin dəstəklənməsi və maddi həvəsləndirilməsi məqsədilə təsis edilib.

T.Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Valeri Kopeyka tədbiri giriş nitqi ilə açıb. O, rəhbərlik etdiyi ali məktəbin Azərbaycanla, ilk növbədə, Azərbaycanın Ukraynadakı səfirliyi ilə əməkdaşlığının yüksək səviyyədə olmasını vurğulayıb.

Ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətli Azərbaycan üçün yüksək ixtisaslı diplomatik kadrlar hazırlanması məqsədilə iki ölkə arasında zamanın sınağından çıxmış bərabərhüquqlu və qarşılıqlı sərfəli əlaqələr mövzusunu davam etdirib.

E.Mədətli bildirib ki, bu gün T.Şevçenko adına KMU-nun Beynəlxalq Münasibətlər İnstitutunun məzunlarının çoxu Azərbaycanın siyasi elitasında təmsil olunub.

Hazırda ölkəmizdən olan 30-dan çox tələbənin bu adlı-sanlı ali məktəbdə təhsil aldığını vurğulayan səfir xüsusi qeyd etmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına təqaüd tələbələrin təhsildə yüksək müvəffəqiyyətlər qazanması, ali məktəbin ictimai həyatında fəal iştirak etmələri üçün güclü stimul olacaqdır. Diplomat çıxışının sonunda azərbaycanlı tələbələrə göstərilən diqqət və qayğıya görə institutun direktoruna təşəkkür edib.

ARDNŞ-nin Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov öz çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti müxtəlif ölkələrdə təhsil prosesinə sanballı töhfə verir. O xatırladıb ki, Azərbaycanda, Rumıniyada və Gürcüstanda təhsil alan tələbələr xüsusi təqaüdlər alır. E.Məmmədov deyib ki, “ARDNŞ Ukraynada uzunmüddətli biznes layihələrini nəzərə alaraq bu ölkədə də Heydər Əliyev adına təqaüd proqramını inkişaf etdirməyə başlayır”.

Sonra E.Məmmədov Heydər Əliyev adına təqaüdə layiq görülmüş tələbələrə - beynəlxalq iqtisadi münasibətlər fakültəsinin üçüncü kurs tələbəsi Famil Qasımova, beynəlxalq hüquq fakültəsinin ikinci kurs tələbəsi Elvira Xanayevaya və beynəlxalq informasiya ixtisası üzrə magistraturanın tələbəsi Darya Kirilkoya xüsusi bank kartları təqdim edib.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, T.Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının üzvləri, ARDNŞ-nin Ukraynadakı nümayəndəliyinin əməkdaşları, Ukraynada Azərbaycanlı Gənclər İttifaqının sədri Anar Tahirov və başqaları iştirak ediblər.

Elə həmin gün Azərbaycanın Ukraynadakı səfiri və BMİ-nin direktoru qarşılıqlı maraq doğuran profil məsələləri müzakirə ediblər.


Teqlər:  





Xəbər lenti