Mikayıl Cabbarovdan mühüm yenilik

  27 Yanvar 2014    Oxunub : 440
Mikayıl Cabbarovdan mühüm yenilik
Təhsil Nazirliyi kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki və tədris bazasının müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni texnika, avadanlıq, əyani və texniki vasitələrin alınması prosesinə start verib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, İsmayıllı Peşə Tədris Mərkəzi, Balakən 1 nömrəli Peşə Məktəbi, Cəlilabad Peşə Liseyi, Bərdə Peşə Liseyi, Quba Peşə Liseyi, Şamaxı Peşə Liseyi, Göyçay Peşə Liseyi üçün 6 traktor, 4 otbağlayan, 7 traktor qoşqusu, 5 kotan, 6 toxumsəpən, 3 otbiçən, 3 taxıl və qarğıdalı yığan kombayn, 3 dərman çiləyici, 2 gübrəsəpən, 1 yemüyüdən texnika alınıb.

Ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilmiş kənd təsərrüfatı sektorunun yüksək ixtisaslı kadrlarla təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Kənd təsərrüfatının inkişaf hədəfləri bu sahədə əyani və texniki vasitələrlə təlim keçmiş, zəruri peşə vərdişlərinə, bilik və bacarıqlara yiyələnmiş ilk-peşə ixtisas təhsilli mütəxəsisslərə tələbatı artırır. Həmçinin, ilk peşə-ixtisas təhsili müəssisələri onlara veriləcək müasir texnika və avadanlıqlardan qanunvericiliyə uyğun istifadə etməklə əlavə maddi gəlir əldə edə bilərlər.

Qeyd edək ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə sonuncu dəfə müvafiq texnika, avadanlıq, əyani və texniki vasitələr 25-30 il əvvəl verilib.

Təhsil Nazirliyi kənd təsərrüfatının ixtisaslı kadrlara olan tələbatının daha dolğun odənilməsi və müvafiq təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə başladığı işləri davam etdirəcək. Bu istiqamətdə aparılan islahatların əsas məqsədi kənd təsərrüfatı üzrə ilk peşə-ixtisas təhsili müəssisələrində kadr hazırlığı işinin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.

Teqlər: