Yaxın Şərq oyununun yeni oyunçuları – TƏHLİL

Yaxın Şərq oyununun yeni oyunçuları – TƏHLİL
  27 Yanvar 2014    Oxunub:1893
İsveçrənin Montre şəhərində Suriyada sülhün əldə olunması üçün təşkil olunan “Cenevrə-2” danışıqları heç bir nəticə vermədi. Suriyada hakim rejimi dəstəkləyən nümayəndə heyəti öz mövqeyinin dəyişməz olduğunu və Bəşər Əsədin heç bir halda istefa verməyəcəyini bildirib. Suriya müxalifətçilərinin rəhbəri Əhməd Carba isə Əsədin istefası olmadan sülhün mümkün olmayacağını söyləyib.

Suriya müxalifətinin tərəfində olan dövlətlər müxalifətin, Əsədin tərəfində olan dövlətlərin nümayəndələri isə müvafiq olaraq Suriya hakimiyyətinin mövqeyini dəstəkləyiblər.
Əslində Suriya böhranında olan məlum həqiqətlər və mövqelərin dəyişməzliyi, növbəti konfransın heç nəyi dəyişməyəcəyi hər kəsə məlum idi. Maraq doğuran məqam ondan ibarətdir ki, nəticəsi əvvəlcədən bəlli olan tədbirin keçirilməsində məqsəd nədir?

“Cenevrə-2” konfransı əslində nəinki Suriya kampaniyası, eyni zamanda Yaxın Şərq siyasi müstəvisində son il yarim ərzində baş vermiş dəyişiklərlə bağlı ortaya çıxan yeni oyunçular və yeni oyun qaydalarının təqdimat mərasimi kimi qiymətləndirilə bilər.

Dəyişikliklər demək olar ki, Yaxın Şərqin əsas oyunçularına təsir edib. Misirdə hakimiyyət çevrilişi, İranda yeni prezidentin seçilməsi, Suriya müxalifəti kimi tanınan “Suriya İnqilabçı və Müxalifətçi Qüvvələrin Milli Koalisiya”sının (SİMQMK)rəhbərini başqası ilə əvəz olunması, Qətər əmirinin hakimiyyəti öz oğluna təhvil verməsi və hətta Suriya hakim BAAS partiyasının rəhbərliyinin yenilənməsi kimi mühüm dəyişikləri nəzərə alarsaq Yaxın Şərq regionun liderlərinin toplanmasının zərurət olduğu ortaya çıxır.

İlk baxışdan qeyd olunan dəyişikliklərin təbii və yaxud spontan xarakter daşıdığı, hadisələrin bir-biri ilə heç bir əlaqəsinin olmadığı fikri yarana bilər. Ancaq hadisələrin təhlili göstərir ki, bu dəyişikliklər əlaqəli şəkildə vahid mərkəzdən məqsədli olaraq həyata keçirilmiş və Yaxın Şərqdə yeni oyun qaydalarını şərtləndirən əsas amillərdir.

Bu məqama ilk diqqət çəkən mətbu orqan Livanda dərc olunan “Al-Akhbar” qəzeti oldu. Qəzetin Suriyada hakimiyyətdə olan BAAS partiyası ilə bu hakimiyyətə qarşı mübarizə aparan müxalifət rəhbərliyinin dəyişməsinin demək olar ki, eyni vaxtda baş verdiyini qeyd edir. BAAS partiyasındkı yeniliyin nəsillərin dəyişməsi ilə əlaqəndirən “Al-Akhbar” qəzeti SİMQMK-nin rəhbərinin dəyişməsini “Müsəlman qardaşları” təşkilatının sıxışdırılması ilə əlaqələndirib.

Məhz bu nöqteyi-nəzərdən yanaşarsaq aydın olur ki, son il yarim ərzində Yaxın Şərqin siyasi müstəvisində baş vermiş əsas dəyişiklik ondan ibarətdir ki, “Müsəlman qardaşları” adlı regional nüfuza malik təşkilat faktiki olaraq siyasi müstəvidən silindi.

Üzvləri Misir, Suriya, Fələstin, İran və digər ölkələrdə fəaliyyət göstərən “Müsəlman Qardaşları” radikal-dini təşkilatın nümayəndəsi Muhamməd Mursi Misirdə prezident Hüsnü Mübarəkin devrilməsindən sonra 2012-ci ilin oktyabr ayında hakimiyyətə gəlişi bu təşkilata yeni nəfəs verdi. Qısa müddət ərzində məhz “Müsəlman qardaşları”nın regindakı geniş şəbəkəsi hesabına Mursi regional liderə, Misir isə siyasi cəhətdən aparıcı dövlətə çevrildi. “Müsəlman Qardaşları”nın Fələstindəki nümayəndəliyi hesab olunan və Qəzza bölgəsinə nəzarət edən HƏMAS təşkilatının rəhbəri Xalid Meşalla Misir prezidenti Muhammed Mursi və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakıyla danışıqlar uğurla başa çatdı və HƏMAS İsrailə qarşı zərbələri dayandırdı. Ardınca Mursi İranla yaxınlaşmağa başladı və İranın o dövrki prezidenti Mahmud Əhmədinejat misirli həmkarının dəvətini qəbul edərək bu ölkəyə yollandı. 34 ildən sonra ilk dəfə İran prezidenti Misirə səfər etdi və ölkələr arası əlaqələrin genişlənməsinə start verildi.

2012-ci ilin noyabr ayında isə Türkiyə və Amerikanın birbaşa dəstəyi, Qətər əmiri Həməd bin-Xəlifə əl Taninin təşkilatçılığı ilə Doha şəhərində keçirilən konfransda Suriyada Əsəd rejiminə qarşı mübarizə aparan qüvvələrin birləşməsinə nail olundu və Suriya İnqilabçı və Müxalifətçi Qüvvələrin Milli Koalisiyası yaradıldı. Koalisiya rəhbərliyinə Türkiyə və Misir siyasi elitasına yaxınlığı olduğu iddia edilən din xadimi Əhməd Muaz əl-Hatib adlı şəxs seçildi. Koalisiyada təbii ki, əsas söz sahibi “Müsəlman Qardaşları”nın nümayəndələri idilər.

Region get-gedə dini icmanın nəzarətinə keçməyə başlamış və hadisələrin bu tip inkişafı Qərb üçün məqsədəuyğun hesab edilə bilməzdi. Mursi-Ərdoğan cütlüyü Amerikanın dəstəyi ilə regionu dini bayraq altında birləşdirməyə nail olmuşdular. Amerika anlayırdı ki, hadisələr bu yöndə davam edərsə bir müddətdən sonra regiona nəzarəti itirəcək və ayrı-ayrı ölkələrin artıq onun “yardım və məsləhətlərinə” ehtiyacı qalmayacaq. Odur ki, müsəlmanların qardaşlığına təcili zərbə vuruldu.

İlk zərbə Mursiyə dəydi və 2013-cü ilin 3 iyul tarixində Mursi hakimiyyətdən devrildi, hakimiyyətə gəlmiş hətbçilər onun tərəfdarlarını məhv etməyə başladılar. Həmin ilin 23 sentyabr tarixində Misir məhkəməsi “Müsəlman qardaşları”nın hər növ fəaliyyətinə qadağa qoydu. Xatırlamaq yerinə düşər ki, Türkiyədə “Gezi Parkı” ilə bağlı kütləvi mitinqlər Mursinin devrilməsindən bir neçə gün əvvəl başlamışdı və baş nazir Ərdoğan öz müsəlman qardaşına yardım əlini uzada bilməmişdi.

Bundan əvvəl, artıq mart ayında Suriya İnqilabçı və Müxalifətçi Qüvvələrin Milli Koalisiyasının rəhbəri Muaz əl-Hatib Qərb ölkələrindən onlara dəstək verilməməsinə etiraz olaraq vəzifəsindən istefa vermişdi. Gözlənilmədən 2013-cü ilin iyun ayının 24-də Qətər əmiri Həməd bin-Xəlifə əl Tani hakimiyyətdən getmək fikrində olduğunu bəyan etdi və onu bu postda oğlu Tamim bin-Həməd əvəz etdi. Qeyd edək ki, SİMQMK əsasən Qətər əmirinin nəzarətində idi və bu qurumla digər xarici qüvvələr arasında əsas əlaqələndirici şəxs Həməd bin-Xəlifə idi. Əmirin hakimiyyətdən getməsi nəhayət ki, SİMQMK rəhbərliyinə lazımi şəxsin gətirilməsinə şərait yaratdı.

İyulun 6-da İstanbulda keçirilən konfransda Əhməd Carba SİMQMK-ə rəhbər seçildi. “Al Akhbar” qəzeti iddia edir ki, Səudiyyə Ərəbistanı kəşviyyatının rəhbəri şahzadə Bəndər bin Sultan SİMQMK rəhbərliyində “Müsəlman qardaşları”nın təsirini azaltmaq üçün uzun müddət məxfi fəalliyyətlə məşğul olub və Əhməd Carba məhz onun hazırlayıb irəli sürdüyü namizəddir. Səudiyyə Ərəbistanı bununla Qətəri oyundan kənar vəziyyətə saldı. Əhməd Carbaya gəldikdə isə, qəzet iddia edir ki, bu şəxs Səudiyyə Ərəbistanı və Suriyada silah və narkotik satışı ilə məşğul olmuş, bir-neçə dəfə həbs olunmuş cinayətkar keçmişə malik şəxsdir. Hər-halda silah satışının həyata keçirilməsi üçün onun qazandığı təcrübə yeni vəzifəsində yararlı olacaq.

Qeyd olunanları nəzərərə alaraq, Türkiyə ilə bağlı belə bir ehtimal irəli sürmək olar ki, Ərdoğan hakimiyyətini qorumaq üçün bilərəkdən süni şəkildə dini icma rəhbəri Fətullah Gülənlə münaqişəli vəziyyət yaratdı ki, özünün İslamçı qüvvələrdən kənar olduğunu sübut etsin. Gözlənilmədən Ərdoğanın dershaneleri bağlamaq istəməsi və ardınca Gülən camaatı ilə konfliktin yaranması təsadüf yaxud xırda məsələnin şişməsi kimi qəbul oluna bilməz.

Daha sonra suni şəkildə təşkil olunması hiss edilən korrupsiya qalmaqalı və ardınca Gülən tərəfdarlarının hüquq-mühafizə sistemindən uzaqlaşdırılması və s. kimi hallar Ərdoğanla Gülən arasında ciddi fikir ayrılığının Amerikaya nümayiş etdirilməsi məqsədilə həyata keçirildiyini irəli sürməyə əsas verir. Qərbin Ərdoğana inanın-inanması isə Türkiyədə mayda keçiriləcək prezident seçkilərindən sonra məlum olacaq.

Hər halda, Yaxın Şərq oyununun yeni oyunçuları artıq məlumdur və onlar bir-biri ilə “Cenevrə-2” konfransında tanış oldular.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti