“Kor ərəbin mahnısı”nın mənimsənilməsinin qarşısı alınır

“Kor ərəbin mahnısı”nın mənimsənilməsinin qarşısı alınır
  05 Sentyabr 2020    Oxunub:16367
Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin musiqisi Belçikada yaşayan Vardan Hovanissian və Emre Gültekin tərəfindən mənimsənilərək “Houcher” adı altında “Karin” musiqi albomuna daxil edilib, www.bandcamp.com onlayn satış saytında, o cümlədən “YouTube” kanalında yerləşdirilib.
Fikrət Əmirovun vərəsələrinin Əqli Mülkiyyət Agentliyinə müraciəti əsasında bu hüquq pozuntusunun qarşısının alınması üçün müvafiq tədbirlər görülüb və məsələnin tam həlli istiqamətində işlər davam etdirilir.

Bu barədə Azvision.az -a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, Agentlik tərəfindən hüquq pozuntusunun aradan qaldırılması tələbi ilə Vardan Hovanissian və Emre Gültekinə məktub göndərilib, həmçinin “YouTube” kanalında yerləşdirilmiş “Houcher” adlı musiqi əsərinin “YouTube” kanalından çıxarılması tələbi ilə həmin kanalın Administrasiyasına müraciət ünvanlanıb.

Eyni zamanda, məsələ ilə bağlı Agentlik tərəfindən hazırlanmış arayış Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyinə də göndərilərək Fikrət Əmirovun pozulmuş müəllif hüquqlarının bərpası və hüquq pozucularına – Vardan Hovanissian və Emre Gültekinə münasibətdə müvafiq tədbirin görülməsi üçün bu hüquq pozuntusu barədə Belçikanın müvafiq dövlət qurumu qarşısında məsələ qaldırılması xahiş edilib. Agentlik tərəfindən Fikrət Əmirovun vərəsələrinə də bütün hüquqi yardımlar edilib və müvafiq məsləhətlər verilib.

Görülən tədbirlərin nəticəsi olaraq, “Karin” musiqi albomunun istehsalçısı olan Belçikanın “Muziekpublique” şirkətindən Agentliyə daxil olmuş məktubda edilmiş səhvə görə üzr istənilib və yaxın zamanda tələb olunmuş bütün dəyişikliklərin ediləcəyi bildirilib. “Muziekpublique” şirkəti tərəfindən Fikrət Əmirovun vərəsələrinə də məktub yazılaraq üzr istənilib və Vardan Hovanissian tərəfindən bu musiqinin folklor musiqisi olduğu düşünüldüyü üçün bu səhvi etdiyi qeyd olunub.

Atılmış addımlar nəticəsində www.bandcamp.com saytında “Houcher” musiqisinin məlumat hissəsində dəyişiklik edildikdən sonra bu musiqinin bir tərəfdən folklor nümunəsi (trad - ənənəvi musiqi) olduğu, digər tərəfdən isə bəstəkar Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsasında yaradıldığı göstərilib. Lakin bütün bunlar məsələnin mahiyyətinə qeyri-müəyyənlik gətirmək məqsədi daşıyır. Nəticə etibarı ilə Vardan Hovanissian və Emre Gültekin folklorun qorunması üzrə beynəlxalq alətin olmamasından istifadə edərək özlərinə bəraət qazandırmağa və məsuliyyətdən yayınmaq məqsədi güdürlər. Halbuki “Kor ərəbin mahnısı” müəllif əsəridir və orijinal əsər kimi 1963-cü ildə qeydiyyatdan keçirilib.

Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasının 12-ci maddəsinə əsasən, ədəbi və bədii əsərlərin müəllifləri öz əsərlərinin dəyişilməsi, aranjeman və digər dəyişikliklər edilməsinə icazə vermək müstəsna hüququna malikdirlər.

Müəllif hüquq sistemində aranjeman - əsərin yenidən işlənməsi deməkdir. Aranjemanın kommersiya məqsədilə edildiyi halda əsərin müəllifi, hüquq sahibi və ya vərəsələrindən lisenziya (icazə) alınmalıdır.

Bununla yanaşı, “YouTube” kanalında “Houcher” əsəri haqqında yerləşdirilən məlumatda da “Houcher - Vardan Hovanissian – Emre Gültekin – Fikrat Amirov” kimi düzəliş edilib. Lakin əsərin tək müəllifi var, o da Fikrət Əmirovdur. Vardan Hovanissian və Emre Gültekin isə həmin əsərin yalnız ifaçılarıdır və üstəlik, əsərin adını icazəsiz dəyişdirənlərdir.

Hazırda pozulmuş hüquqların bərpası üçün Əqli Mülkiyyət Agentliyi tərəfindən Fikrət Əmirovun vərəsələrinə hüquqi yardımların edilməsi davam etdirilir. Agentlik və bəstəkarın vərəsələri “Muziekpublique” şirkətinə qarşı Fikrət Əmirovun müəllif hüquqlarını pozmaqla “Houcher” adı altında “YouTube”da və digər media platformalarında yerləşdirilmiş musiqi əsərinin ümumiyyətlə çıxarılması tələbini irəli sürüblər.

Bu məsələlər və plagiatçılıqla məşğul olanlara qarşı tələblərin yerinə yetirilməsi Əqli Mülkiyyət Agentliyinin ciddi nəzarətindədir.

Azvision.az


Teqlər: Mahnı  





Xəbər lenti