“Mədəniyyət sahəsində ciddi islahatlara start verilib” - Anar Kərimov
Ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən Anar Kərimov bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində çox ciddi islahatlara start verildiyini bildirdi.
Videokonfrans iştirakçıları ilə mədəniyyət sahəsində görüləcək işlər və gələcək planlarla bağlı səmimi fikir mübadiləsi aparıldı.
Görüş iştirakçıları ölkə rəhbərliyi tərəfindən mədəniyyət sahəsinə və incəsənət xadimlərinə göstərilən diqqət və qayğını yüksək dəyərləndirdilər. Mövcud problemlər və onların həll yolları, həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edildi. Mədəniyyət və incəsənət xadimləri mədəni irsin qorunması, təbliği və təşviqinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndirdilər.
Anar Kərimov gələcəkdə Mədəniyyət Nazirliyi tərəfindən reallaşdırılacaq layihələr və bu sahədə aparılan islahatlarda mədəniyyət və incəsənət xadimlərinin daha fəal iştirakının vacibliyini qeyd etdi. O, Mədəniyyət Nazirliyinin yaradıcı insanlarla, incəsənət xadimləri ilə ünsiyyətə, fikir mübadiləsinə daim önəm verəcəyini, hər zaman onların yanında olacağını bildirərək videokonfrans iştirakçılarına fəaliyyətlərində uğurlar arzuladı.
Vurğulandı ki, bundan sonra da görüləcək işlərlə bağlı mədəniyyət və incəsənət xadimlərinin fikir və təkliflərinin öyrənilməsi və birgə addımların atılması səmərəli olacaq.
İştirakçılar belə görüşlərin əhəmiyyətini vurğulayaraq, müzakirələr üçün seçilən formatın qarşıda duran məsələlərin səmərəli həlli üçün zəruri olduğunu qeyd etdilər və görüşün təşkil olunmasına görə təşəkkürlərini bildirdilər.
Azvision.az
Teqlər: Mədəniyyət-Nazirliyi Anar-Kərimov