Rusiya Putincəsinə davranmalıdır, Zatulincəsinə yox

  13 Avqust 2020    Oxunub : 27770
 Rusiya Putincəsinə davranmalıdır, Zatulincəsinə yox
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putinə dünənki zəngini bir necə baxış bucağından qiymətləndirmək olar. Birinci onu deməliyəm ki, bu telefon danışığı və ondan əvvəl, eləcə də ardınca baş verənlər onu göstərir ki, biz Qarabağ probleminin həlli məsələsində yeni bir mərhələnin astanasındayıq.
Ya cəbhədə geniş əməliyyatlara başlanacaq, ya da havadarları hayları danışıqlar stolu arxasına əyləşdirərək gərginliyin aradan qaldırılması üçün müəyyən addımlar atdıracaqlar, üçüncü yol yoxdur.

Qardaş Türkiyə ilə birgə keçirdiyimiz və döyüş hazırlığından daha çox, birgə “döyüşə hazırıq” xarakteri daşıyan hərbi təlimlər, hər iki ölkənin xarici və müdafiə nazirləriylə görüşdə cənab Ərdoğanın etdiyi jest, verdiyi mesaj, bu görüşdən dərhal sonra Hulisi Akarın Bakıya gəlməsi, ondan öncə rəsmi Ankarayla Moskva arasında Dağlıq Qarabağ probleminin həlli və Azərbaycan-Ermənistan sərhəddində hay təxribatıyla bağlı bağlı aparılan danışıqlar məhz bunun təsdiqidir.

Dövlət başçımızın Vladimir Putinə zənginin digər tərəflərinə gəldikdə isə İlham Əliyev kimi qətiyyətli və prinsipial olduğu qədər də informasiyalı bir liderin Azərbaycan-Ermənistan sərhəddindəki 12 iyul təxribatından sonra Rusiyadan haylara 400 tondan çox hərbi təyinatlı yük göndərilməsi faktını görməzdən gəlməyəcəyi aydın idi. Orası da aydındır ki, əgər hər iki dövlətin başçısı arasında qarşılıqlı güvən, rəğbət olmasaydı, Azərbaycanın haqlı narazılığı Rusiya Prezidentinə birbaşa zənglə çatdırılmazdı.

Bizim haqlı iradımızın bildirilməsindən sonra tərəflərin hər iki ölkə arasında əməkdaşlığı daha da genişləndirmək əzmində olduqlarının vurğulanmasından çıxan nəticə isə odur ki, Azərbaycan və Rusiya liderləri bu güvənlə rəğbətin gələcəkdə də qorunub saxlanmasının tərəfdarıdırlar. Eyni zamanda gəldiyim başqa bir nəticə də bundan ibarətdir ki, Rusiya Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi iradla, yəni 12 iyul döyüşləri başa çatar-çatmaz haylara hərbi təyinatlı yüklər göndərilməsinin Minsk qrupuna həmsədrlik edən bir dövlətin üzərinə götürdüyü öhdəlikə uzlaşmaması və Azərbaycanla dostluğa kölgə salmasıyla razıdır. Əgər razı olmasaydı, bir daha vurğulayıram ki, hər iki tərəfin onunla bağlı yaydığı rəsmi açıqlamada Azərbaycanla Rusiya arasında əməkdaşlığın daha da genişləndiriləcyindən söz edilməzdi.

Həm bu fakt, həm də Rusiya tərəfin hər iki dövlət başçısının telefon danışıqlarıyla bağlı rəsmi açıqlamasında ikinci dərəcəliləri qabardaraq, üzərində ən çox dayanılan məsələdən-Ermənistana göndərilən 400 tondan artıq hərbi yükdən bir kəlmə belə bəhs edilməməsi Kremldə Zatulincəsinə davranışın yaratdığı narazılığın tezliklə aradan qaldırlmasının istənildiyini ortaya qoyur.

Bəli, 12 iyul təxribatından dərhal sonra Rusiyanın haylara 400 tondan çox hərbi təyinatlı yük göndərməsi Putincəsinə deyil, məhz Zatulincəsinə davranışdır. Rusiyada dövlətlərimiz arasında əlaqələrin pozulmasına çalışan üçüncü qüvvənin, yəni Zatulincəsinə davrananların olduğunu isə Soçidə Vladimir Putinlə görüşündə cənab İlham Əliyev də demişdi. Mümkündür ki, hayların 12 iyul təxribatlarından dərhal sonra onlara 400 tondan artıq hərbi yardımın arxasında da ilk növbədə məhz o üçüncü qüvvələr durur.

Yaxşı, biz bu Zatulincəsinə davranışı görüb də nə nəticə çıxarmalıyıq? Nəticə bu ola bilər ki, Rusiyada hayların 12 iyulda Azərbaycanla sərhəddə törətdikləri təxribatı dəstəkləyən qüvvələr var və ola da bilsin ki, bu təxribat məhz onların tapşırığıyla reallaşdırılıb.

Amma həmən qüvvələr bu təxribatla öz məqsədlərinə çatmadıqları kimi, Ermənistana 400 tondan artıq hərbi təyinatlı yük göndərməklə güddükləri digər məqsədlərinə də çatmayacaqlar. Bununla nə Azərbaycanın işğal altındakı torpaqlarını boşaltmaq əzmi sarsılasıdır, nə də biz haylara verilən hərbi yardımın mümkün mənfi təsirini azlatmaq üçün bunu edənlərdən gedib nəsə alasıyıq. Çünki artıq bizim daha etibarlı tərəfdaşlarımız var ki, onların istehsal etdikləri hərbi texnika haylara verilən o 400 ton silah-sursatın bir hissəsini göyə sovura, digərini isə sadəcə metal yığınağınağına çevirə bilir. Azərbaycan ordusu 2016-cı ilin aprelində və bu ilin iyulunda hayların cavabını verərkən bunu açıq-aydın göz önünə sərdi.

Sonda onu da deyim ki, Rusiyadakı bəzi çevrələr onların regionda maraqlarının qorunub saxlanmasının bu dövlətin Zatulincəsinə yox, Putincəsinə davranmasından keçdiyini nəhayət anlamalıdrlar. Və onu da anlamalıdırlar ki, ikibaşlı qartal nə qədər əzəmətli görünsə də, ikibaşlı siyasət, yumşaq desək, bir o qədər itələyicidir.

Mənə elə gəlir ki, cənab Prezidentin Rusiyanın dövlət başçısına etdiyi zəng elə həm də bu demək idi.

Sahib Alıyev
Millət vəkili
Azvision.az

Teqlər: Rusiya   Putin