Tovuzda partlamamış top mərmisi tapıldı

Tovuzda partlamamış top mərmisi tapıldı
  15 İyul 2020    Oxunub:4264
Bu gün saat 08:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 09:13-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonunun Dondar Quşçu kəndi ərazisinə atılan mərminin evin həyətinə düşməsi və partlamaması barədə məlumatlar daxil olub.
ANAMA-dan Azvision.az -a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) və 1 ədəd RQM-2 partladıcısının gücləndiricisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərminin və partladıcının ətrafında 10 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti