“Bəlkə də Allahın qəzəbinə tuş gəlmişik” - Ramiz Həsənoğlu
"Çalışıram qaydalara riayət edim, məsafə gözləyim, ictimai yerlərdə maska ilə gəzim. Karantini bağda keçirirəm. Yaşlı adamam, bütün günü bina evində oturmaq mənə çətin olar. Burada sakitlikdir, pandemiyadan sonra görəcəyim işlərlə bağlı rahat düşünə, götür-qoy edə bilirəm. Digər məşğuliyyətlərim arasında kitab oxumaq da var. Mütaliə etməyi çox sevirəm. Darıxanda sosial şəbəkələrə baxıram. Orada dostlar, tanışlarla danışıram, ya da xəbərləri oxuyuram.
Hamı tələb olunan qaydalara riayət etsin ki, bəla tezliklə sovuşsun. Hərə öz rahatlığnı düşünsə, iş düzəlmir. Cəmiyyətin pandemiya dövrünə aid qanunları var. Hər şey qarşılıqlıdır. Qonşumuz gürcülər kimi virus üzərində qalib gəlməliyik. Gec-tez biz də qalib gələcəyik. Hamımız istəyirik ki, normal həyata qayıdaq. Bunun üçün özümüzü qorumalıyıq".
R.Həsənoğlu pandemiyanın ona maddi zərər vurmadığını söyləyib:
"Koronavirus işlərimi əsaslı dərəcədə pozmadı, amma bir az əngəllədi. Məşq prosesinə başlamalısan, aktyorları bir yerə yığmalısan və s. Bu alınmadığı üçün işlər gecikir. Onlayn rejim film çəkilişində yaramır. Maliyyə baxımdan mənə ciddi təsir etmədi. Mən yaşımla bağlı təqaüd alıram və Prezident təqaüdçüsüyəm. Vəziyyətimdən şikayətçi deyiləm. Mənəvi baxımdan çox zərər oldu. Görəcəyimiz işlər yarımçıq qaldı. Hərdən düşünürəm ki, bəlkə də hamımız Allahın qəzəbinə tuş gəlmişik. İnsan bir şey düşünür, Allah başqa cür fikirləşir".
Şahanə Rəhimli
Azvision.az
Teqlər: RamizHəsənoğlu rejissor