“Köhnə çəkilişlərə, konsertlərə baxanda ağlayıram” - Bilal Əliyev

 “Köhnə çəkilişlərə, konsertlərə baxanda ağlayıram” -  Bilal Əliyev
  29 İyun 2020    Oxunub:11411
"Köhnə konsertlərə, çəkilişlərə baxıb ağlayıram. Xoşbəxt günlərin qədrini bilməmişik".

Bunu Azvision.az -a Xalq artisti Bilal Əliyev deyib. Müğənni bildirib ki, karantinlə əlaqədar zərurət olmadıqca, çölə çıxmır və günün çox hissəsini evdə keçirir.
"Hərdən çıxıb balkonda otururuq, çay içib, havamızı dəyişirik. Bütün günü evdə oluram, özümü virusdan məsafə saxlamaqla, maska taxmaqla qoruyuram. İnsanlara da səslənirəm, elə edək ki, yoluxma sayı getdikcə azalsın, pandemiyadan az itki ilə çıxaq. İnsanlar balkondan da olsa hava qəbul etsinlər, günəş görsünlər ki, bədənləri vitaminsizləşməsin. Qidada qırmızı ətə üstünlük verməsinlər. Daha çox tərəvəz, meyvə yesinlər".

Xalq artisti səhnə üçün çox darıxdığını dilə gətirib: "Evdə köhnə çəkilişlərə, konsertlərə baxıram və məni ağlamaq tutur. Ağlayıram ki, belə günlər yaşamışıq, xoşbəxt günlərin qədrini bilməmişik. Vaxtında insanların hamısı məsafə saxlasaydı, təmizliyə riayət etsəydi, qrip olanda ağızlarına maska taxsaydı, vəziyyət bu yerə gəlib çıxmazdı. Xeyli tədbirlərdə, el şənliklərində olmuşam. Bir də görürdün ki, yekə bir kişi burnunu əli ilə silib şalvarına yaxırdı. Cibinə qoyduğu dəsmalın özü natəmizlik mənbəyidir. Sonra da həmin mikroblu əli ilə hamı ilə görüşürdü. Bax, vaxtında təmizliyə əməl etməmək, işləri bu yerə gətirdi. Mənə elə gəlir ki, koronavirus insanlar üçün bundan sonra dərs olacaq. Əks təqdirdə sabah "COVID-119" da ola bilər".

B. Əliyevin sözlərinə görə, indiki durumda sağlamlıq pul qazanmaqdan vacibdir.

"Sağlamlıq hər şeydən önəmlidir. Xalq artistiyəm, dövlət bizə kömək edir. Biz bir tikə çörəklə də dolana bilərik. Pul qazanacam deyə, restoranlar açılsın, virusa yoluxum, insanları da yoluxdurum, bu, mənə lazım deyil. Xalqımızı birliyə çağırıram".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: BilalƏliyev  





Xəbər lenti