Kasparov Bakıya gəlmək istəyir
“Harri Kasparov Bakıda keçiriləcək Olimpiadada iştirak etmək niyyətini bizə bildirib. Kasparov Azərbaycanın yetişdirməsidir. Ümumilli lider Heydər Əliyev ona lazımi köməklik edib. Harri heç vaxt bunu danmayıb”-deyə F.Həsənov bildirib.
Vitse-prezidentin sözlərinə görə, Olimpiadada 180-dən çox ölkənin şahmatçılarının iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, 2016-cı il Şahmat Olimpiadası Bakıda keçirilməsi barədə qərar Beynəlxalq Şahmat Federasiyasının 2012-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən 83-cü konqresində qəbul olunub. Bakıda Şahmat Olimpiadasının 2016-cı ilin sentyabrında təşkili nəzərdə tutulub.
Ermənistan şahmatçıları Bakıya gəlmək barədə konkret qərar qəbul etməyiblər.
Harri Kasparov 1963-cü ildə Bakıda doğulub. Atası Kim Moiseyeviç Vaynşteyn milliyətcə yəhudi, anası Klara Şagenovna Kasparyan isə ermənidir. Babası Moisey Rubinoviç Vaynşteyn keçən əsrin 40-50-ci illərində Azərbaycan SSRİ-nin tanınmış mədəniyyət xadimi, bəstəkar və dirijor olub.
Harri əvvəllər Vaynşteyn soyadını daşısa da, atasının vəfatından sonra, 1976-cı ildə anası onun soyadını dəyişərək, öz soyadını verib və soyadın sonluğundakı "yan" hissəciyini dəyişərək rus stilində "ov" yazdırıb.
Harri Kasparov 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbi qızıl medalla bitirib. 1985-ci ildə Anatoli Karpovu məğlub edərək dünya çempionu adını qazanıb. Sovet ordusunun Bakıya müdaxiləsi ərəfəsində- 18 yanvar 1990-cı il tarixdə Bakını ailəsi və qohumları ilə birlikdə tərk edərək Moskvaya gedib. Daha sonra bəyanat yayaraq sovet ordusunun da Bakını tərk etməsini tələb edib.
Son zamanlar siyasətlə məşğul olur. 2005-ci ildə Rusiyada yaradılmış "Birləşmiş vətəndaş cəbhəsinin" sədridir.
Teqlər: