İsanın həyatının 17 gizli ili – ARAŞDIRMA (davamı)

İsanın həyatının 17 gizli ili – ARAŞDIRMA (davamı)
  15 Yanvar 2014    Oxunub:5577
(Davamı. Əvvəli burada)

...Tibet mətnləri İsanın həyatının ən sirli məqamlarına işıq salır. 4-cü fəsildən etibarən onun haqqında yazılıb: “13 yaşına çatanda – bu yaşda hər bir israilli gələcək həyat yoldaşını seçməlidir – onun valideynlərinin evi İsanı gələcək kürəkəni kimi görmək istəyən qonaqlarla doldu” (5.1). Amma mətnin müəllifi İsanın evlənmək haqqında deyil, ruhi inkişaf barədə düşündüyünü yazır. İsa valideynlərindən xəbərsiz evlərini tərk edərək, Hindistana gedən bir karvana qoşulur.


14 yaşından etibarən İsa Hindistanın Caqan-natha şəhərində savadlı brahmanların himayəsi altında elm öyrənməyə başlayır: “O, Vyasa-Krişnanın yer üzündəki əyləncələrinin diyarı olan Caqan-nathada brahmanların şagirdi oldu... onlardan Vedaları oxumağı, öyrətməyi və şərh etməyi, mantralarla müalicə etməyi, pis ruhları qovmağı öyrəndi” (5.4).

Yoqanın müxtəlif növləri, sanskrit dili, ayur-veda (Vedaların tibbi biliklərdən ibarət bölümü), astrologiya, və s. kimi elm sahələrinə mükəmməl yiyələndikdən sonra İsaya sərbəst şəkildə dini təbliğatla məşğul olmaq missiyası tapşırılır. O, bir müddət Hindistanda, sonra indiki Pakistan və Əfqanıstan ərazilərində təbliğatla məşğul olur və sonra İrandan keçərək İsrailə qayıdır: “Yaradanın seçdiyi İssa 29 yaşında günah çirkabına batmış insanlara Əsl Tanrını xatırlatmaq üçün İsrail torpağına gəldi” (9.1).

3 illik fəal təbliğatdan sonra İsa özünə xeyli şagirdlər, tərəfdarlar, həmçinin qorxunc düşmənlər qazanır. İsanın həyatından bəhs edən Tibet mətnlərinin bu hissəsi İncildəki hadisələrlə əsas məqamlarda tam üst-üstə düşür. Məsələn, bu mətnlərdə də İsanın Pilat adlı şəhər hakimi tərəfindən təzyiqlərə məruz qalması qeyd edilir. Nəhayət, İsa həbs edilir. İncildə əksini tapmayan məqamlardan biri İsanın zindana salınaraq işgəncələrə məruz qoyulmasıdır: “Onlar bu işgəncələrlə İsadan onun edam edilməsi üçün bəhanə ola biləcək etiraflar qoparmağı düşünürdülər ”.

Sonda hadisələr məhz İncildə göstərildiyi kimi, İsanın çarmıxa çəkilməsi ilə nəticələnir. Bir çox mütəxəssislərin “Tibet İncili” adlandırdığı bu mətnlərdə də İsa çarmıxdan endirilərək yaxınlarına təhvil verilir. Amma bu mətnlər rəsmi kilsə tərəfindən qəbul edilən 4 İncildən daha çox apokrifik “Andreyin İncili”ndəki məqamlara uyğundur. Burada da İsa Pantiy Pilat tərəfindən gizlicə müdafiə olunur və onun göstərişi ilə “daha uzağa” göndərilir.

Tibet mətnləri Notoviçin təqdim etdiyi variantda İsanın şagirdlərinin təbliğat fəaliyyətinin təsviri ilə bitir. Amma İsanın çarmıxdan sonra şagirdləri ilə yenidən görüşməsi, yenidən qeyb olması kimi məqamlar Tibet mətnlərində yoxdur. Bu mövzunu dərindən araşdıran mütəxəssislərdən Elizabet Kler Profet “İsa Məsihin itirilmiş illəri” adlı kitabında Notoviçin mətnlərin tərcüməsinə sərbəst yanaşmasını, xristian fanatlarının qəzəbindən uzaq olmaq üçün rəsmi doktrinaya uyğunlaşdırmalar etdiyini ehtimal edir.

Notoviçin kəşfi işıq üzü gördükdən sonra mətbuatda və elmi dairələrdə qızğın mübahisələrə yol açır. Mətnlərin mövcudluğuna inanmayanlar bu mübahisələrdə daha güclü görünsələr də Tibetə yollanan ekspedisiyalar əsl həqiqəti üzə çıxaran nəticələrlə qayıdırlar. Bu nəticələrdən ən vaciblərini dünya ictimaiyyətinə 1922-ci ildə şərq dinləri, dilləri və mədəniyyətləri üzrə tanınmış mütəxəssis Abhidenanda Svami, 1925-cildə isə məşhur rəssam, tarixçi-arxeoloq, antropoloq Nikolay Rerix təqdim edib (“Altay-Himalay”, “Himalay”, “Asiyanın ürəyi” əsərləri).

Notoviçdən fərqli olaraq, Abhidenanda və Rerixin hesabatları etirazsız qarşılanır. Amma geniş təbliğ də edilmir. “Literaturnıy sbornik” Rerixin hesabatını dərc etdiyi 1 sentyabr 1928-ci il tarıxlı buraxılışında İsaya aid mətnlərdən sanki, sıradan bir detal kimi bəhs edir: “Rerix qədim buddist məbədlərində İsanın Fələstin missiyasına qədər o torpaqlarda 10 il təhsil almasını sübut edən mətnlərə rast gəlib...” Hərçənd, bu iki alimin hesabatları Notoviçin təqdim etdiyi mətnlərin daha geniş variantlarından bəhs edirdi.

Açıq sualların cavabları

İsa Məsihin çarmıxdan azad olduqdan sonrakı həyatı barədə məlumatlara “Tibet incili”ndə rast gəlməsək də, Rerixin əsərlərində bu barədə suallara kifayət qədər ətraflı cavab tapmaq mümkündür. O, Kəşmirdəki Rozabal mavzoleyindən bəhs edir. “Peyğəmbərin qəbri” mənasını verən bu ad və onun İsaya aid olması fikri ilə Anastasiya Novıxın “Sensey I” əsərində və bir çox başqa müəlliflərin əsərlərində də rast gəlmək olar. Bu əsərlərin ümumi rəyinə görə Kəşmirin paytaxtı Şrinaqarda yerləşən Rozabal mavzoleyi məhs İsa peyğəmbərə aiddir. Bu fikri yerli müsəlman təriqəti olan əhmədilər də dəstəkləyirlər. Digər islam təriqətləri bu ideyanı rədd edərək qəbrin Üz Asəf adlı müsəlman övliyasına aid olması fikrini dəstəkləyirlər. Lakin araşdırmalar göstərir ki, Üz Asəf və İsa Məsih eyni şəxsiyyətin müxtəlif adlarıdır. İsa sadəcə, bu adla da tanınıb. Bunu IV əsrdə yaşamış pəhləvi saray şairlərindən birinin İsa Məsihə həsr etdiyi şerləri də sübut edir. O. Bir misrada “o şəxs ki, ona qərbdə İsus Xristos, şərqdə Üz Asəf deyirdilər” ifadəsini işlətməklə bu mübahisələrə son qoyur.

Adını çəkdiyimiz mənbələr İsanın Kəşmirə çarmıxdan xilas olduqdan sonra getdiyini qeyd edirlər. Apokrifik (rəsmi kilsə tərəfindən qəbul edilməyən) “Fomanın incili” və “Andreyin incili” İsanın şərqə Ponti Pilatın məsləhəti və dəstəyi ilə, həm də tək deyil, anası Məryəm, həyat yoldaşı Məcdəlli Məryəm və bir şagirdi (Fomaya görə, bacısı) ilə yollandığını yazır. O, bu dəfə ikinci vətəni Caqan-nathaya deyil, Kəşmirə yollanır. Orada yaşayır, övlad sahibi olur, təqribən 60 yaşlarında tərki-dünyalıq qəbul edərək təbliğatını davam etdirir və 118-125 yaşlarında dünyasını dəyişir.

İsanın Kəşmir həyatı barədə yerli jurnalist Əziz Kəşmiri də 1973-cü ildə nəşr etdirdiyi “Xristos Kəşmirdə” əsərində ətraflı yazıb. BBC telekanalı 2006-cı ildə çəkdiyi “İsus ölübmü?” adlı filmini məhz bu mövzuya həsr edib. Filmin təkrar nümayişlərinə qoyulan qadağalar onu gözlənilən şöhrətdən məhrum etsə də, artıq quş qəfəsdən uçub.

Bir çox mütəxəssislər Rozabal mozoleyindəki qəbrin sahibinin məhz İsa peyğəmbər olduğunu dəqiqləşdirmək məqsədilə araşdırmalara başlayıblar. Artıq ilk rəylər də var. Mütəxəssislər qəbrin sahibinin əl və ayaq sümüklərində sonradan bitişmiş yarıq izlərinin olmasını deyirlər. Təəssüf ki, bu araşdırmalar 2010-cu ildən dayandırılıb. Mavzoleyin gözətçisi Məhəmməd Əmin Rinqşol elə həmin il “Röyter” agentliyinə verdiyi açıqlamada bunu dini qarşıdurmaları dayandırmaq məqsədilə atılmış addım kimi izah edib: “Rozbalın İsa peyğənbərin qəbri olduğunu iddia edənlər müsəlmanların dini hisslərinə toxunurlar. Ona görə də mavzoleyi bağlamalı olduq”.

İsanın təlimi

Görəsən, Caqan-nathada Vedaları öyrənən, onu ayaq basdığı hər yerdə təbliğ edən İsa Fələstinə qayıtdıqdan sonra niyə Xristianlıq kimi bir din yaratmağa qərar verib? Bəlkə bu, heç onun ideyası deyil?

Bu sualların cavabı nə qədər qaranlıq görünsə də, ömrünün 17 ilini həsr etdiyi təlimi 29 yaşından sonra İsanın unutması təbii ki, ağlabatan deyil. Bu məqama tam aydınlıq gətirən mənbələr olmasa da mütəxəssislər ayrı-ayrı fraqmentləri əsas gətirərək bu qənaətə gəliblər ki, İsanın göylərə yüksələrək qeyb olması ideyası onun gözlənilən növbəti terrordan xilası naminə uydurulub.

Əvvəldən düşünülmüş plana görə, onun yerini soruşan əsgərlərə “İsa hanı?” – sualının cavabı olaraq: “Göydən gəlmişdi, göylərə də qayıtdı” cavabı verilib. Digər tərəfdən, bu ilahi qeybolma elanı onun tərəfdarlarının inamını və sayını daha da artırıb. Məbədlərin boşalması ilə nəticələnən bu proses o zaman üçün faktiki hakimiyyətin itirilməsi təhlükəsi demək idi.

Bəli, yeni ideologiya artıq yeni-yeni ölkələr fəth etməkdə idi. Və bu ideologiyanın əsas mərkəzi yad bir ölkə - uzaq Hindistan idi. Bu isə həmin ölkələri ideoloji cəhətdən Hindistandan asılılıq təhlükəsi ilə üz-üzə qoyurdu. Odur ki, bu bağları kəsmək, həm də hakimiyyəti əldə saxlamaq üçün radikal addımlara ehtiyac vardı. Odur ki, siyasətçilər də İsanın təlimini “qəbul edib”, onun aparıcı nümayəndələrinə çevrildilər və lazımi düzəlişlərlə onu “milliləşdirdilər”. Bu proses bir günün, bir ilin işi deyil. O, uzun illər davam edərək İsanın təlimini müasir xristianlıq halına gətirdi.

Eramızın ilk 400 ili İsanın Caqan-nathadan gəirdiyi təlimin Yaxın Şərqdə və Roma imperiyası ərazisində təqiblər, təzyiqlər altında yayılması dövrüdür. Bu prosesin zirvə nöqtəsi Roma imperatoru Konstantinin (285-337) hakimiyyəti dövrünə təsadüf edir. Konstantin özü ətyeyən və şərab aludəsi olsa da vegetarian xristianların ölkədəki nüfuzunu, köhnə təlimlərin gözdən düşdüyünü nəzərə alıb dini islahatlara əl atır. O, xristianlığı (İsanın və onun ardıcıllarının təbliğ etdiyi formada deyil, özünə lazım olan qəlibdən çıxararaq) hakim din elan edir. İmperator 325-ci ildə çağırdığı Nikey Kilsə Yığıncağına korrektə təşkilatı yaratmağı, bütün xristian kitablarını “nizama salmağı” tapşırır. Təşklata ilk növbədə Veda təliminin bir çox vacib elementləri, o cümlədən, vegetarianlıq, spirtli içkilərə olan qadağaların izinin silinməsi tapşırılmışdı. İlkin xristianlıq üzrə mütəxəssis Q.Osuley bu dəyişiklikləri belə şərh edir: “Onlar hədsiz cidd-cəhdlə özlərinin əməl etmək istəmədiyi qadağalarla dolu İncili kəsib-doğradılar. Burada söhbət ət yeməyin və spirtli içkilərin əleyhinə olan qadağalardan gedir” (“12 müqəddəsin İncili”, Humata nəşriyyatı, 1988 ).

Nəhayət, Korrektə Təşkilatı papa Damasusun rəhbərliyi ilə dəfələrlə dəyişdirilmiş və “Yeni Əhd” kimi tanınan İncilləri rəsmi dini kitablar elan edir. Yerdə qalan bütün kitablar, mətnlər küfr elan edilir. Konstantin bununla kifayətlənmir. O, vegetarianlığı və Vedaları təbliğ edn hər bir kəsi boğazına əridilmiş qurğuşun tökərək edam etdirir. Tarixi mənbələr 375-380-ci illərdə 2 milyon vegetarian isapərəstin edam edildiyinə dəlalət edir. Salamat qalanlarsa başqa ölkələrə miqrasiya edirlər. (Yeri gəlmişkən, Məhəmməd peyğəmbərin uşaqlıq illərində Mərv dağında qoyun otararkən rast gəldiyi, İslam tarixində “Mərv hənifləri” kimi xatırladılan insanlar da dağlarda tərki-dünya həyat tərzi sürən ilkin xristianlıq nümayəndələri idilər). Beləliklə, Konstantinin dövründən xristianlıq yeni qiyafədə təbliğ edilməyə başladı. İsanın adı qalsa da, onun təlimi tarixə gömüldü. Konstantinə və onun xələflərinə müqəddəs titulu verildi. Onun ad günü (25 dekabr) hələ də xristianlar tərəfindən bayram kimi qeyd edilir.

Hərçənd, Veda təliminin izlərini xristianlıqda yenə də görmək mümkündür. 4-cü İncil Riq-Vedadan sitatla başlayır : “Əvvəlcə kəlam vardı və kəlam Tanrıda idi və kəlam Tanrı idi”. Rahiblk ənənəsinin qadağaları Veda təlimindəki brahmaçarya (subay şagird) və sannyasa (tərki-dünya təbliğatçı) həyat tərzinə aid qadağaları xatırladır və s. Amma bunlar azdır. İstənilən halda, tanıdığımız xristianlıq İsanın yox, Konstantinin təlimi adlanmalıdır.

Cəmşid Bəxtiyar
Xüsusi olaraq, AzVision.az üçün



Teqlər:





Xəbər lenti