Zelenski İranı beynəlxalq məhkəmə ilə hədələyir

 Zelenski İranı beynəlxalq məhkəmə ilə hədələyir
  22 İyun 2020    Oxunub:2956
Ukrayna Prezidenti Vladimir Zelenski İranın səhvən vurduğu “Boeing” sərnişin təyyarəsi ilə bağlı öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə beynəlxalq məhkəməyə müraciət edəcəyini bildirib.
Azvision.az xəbər verir ki, bu barədə Zelenski Kanadanın “Globe and Mail” nəşrinə müsahibəsində bildirib.

“Ümid edirəm ki, zaman keçdikcə İran hökumətinin nəticələrə istiqamətlənmiş siyasətinə etibar edə bilərik. Onlar nəinki bizə “qara qutular”ı qaytarmırlar, söhbət həm də digər vədlərdən gedir. Rəsmi olaraq üzr istəməlidirlər. Adekvat olaraq kompensasiya ödəməlidirlər", - deyə Ukrayna Prezidenti əlavə edib.

Zelenskinin sözlərinə görə, İran tərəfi “qara qutular”ın qaytarılmasının gecikdirilməsini koronavirusla bağlı yaranmış vəziyyətlə əlaqələndirir.

"Ancaq bu problem əbədi gözləyə bilməz. Onlar vəd etdiklərini yerinə yetirməlidirlər. Əks təqdirdə, beynəlxalq məhkəməyə müraciət etməkdən başqa çarəmiz qalmayacaq. Mövqeyimizi bilirlər".

Xatırladaq ki, bu il yanvarın 8-də Kiyevə uçan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-800 tipli sərnişin təyyarəsi Tehran hava limanından çıxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Nəticədə İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları olan 176 nəfər həlak olub.

İran hərbi qüvvələri yanvarın 11-də təyyarənin səhvən vurulduğunu etiraf edib. Belə ki, təyyarə İranın hərbi obyekti yaxınlığında uçub və bunu "düşmən hədəfi" hesab edərək kruiz raketlə vurublar.

Qeyd edilib ki, İran tərəfi ABŞ-dan hücum gözlədiyi üçün ölkənin hava hücumundan müdafiə sistemlərini tam hazır vəziyyətə gətirib.

Bundan əlavə, Prezident Zelenski İrandan günahının tam etiraf etməsini, rəsmi üzr istəməsini, günahkarların cəzalandırılması və təzminat ödəməsini gözlədiyini söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran  





Xəbər lenti