Şahnaz Haşımova: “15 yaşımda olduğu kimi gözələm” - Ad günü söhbəti

  Şahnaz Haşımova:  “15 yaşımda olduğu kimi gözələm” -  Ad günü söhbəti
  02 İyun 2020    Oxunub:13125
“Həmişə doğum günümdə günortaya qədər ağlayıram”

Bu gün Azərbaycanın Xalq artisti Şahnaz Haşımovanın doğum günüdür. 63 yaşını qeyd edən tanınmış müğənni ad günü ilə bağlı təəssüratlarını Azvision.az -la bölüşüb.
- Şahnaz xanım kişilər haqqında “Yaş kişinin var-dövlətidir” deyirlər. Bəs bir qadın üçün yaşın mənası nədir?

- Yaş artıqca insan müdrikləşir, ötən illərə geri dönüb baxır, düzünə-səhvinə nəzər yetirir, heyfslənir. Yaşa dolanda insan düşünür ki, vaxtıma az qalıb. Onda mən bir az sıxılıram. Ümumiyyətlə, ad günlərimdə mən belə oluram. Dünəndən uşaqlarım deyir ki, ana, birdən sabah ağlayarsan ha. Sabah ağlama. Həmişə doğum günümdə günortaya qədər ağlayıram. Özümdə olmuram. Çünki əvəllər belə günlərimdə atam var idi, bacı və qardaşlarım yanımda olurdu. İndi isə heç kim yanımda deyil. Hərə bir yanda yaşayır. Mən də özümü tək hiss edirəm. Baxmayaraq ki, 40 ildən artıqdır ailəliyəm, 16 yaşımdan həyat yoldaşımı tanıyıram. İki övladımız, 6 nəvəmiz var. Allah qohumlarımızı var etsin. Amma mən ata-anam, bacı və qardaşlarım üçün darıxıram. Mən onları istəyirəm. Yiyəsiz uşaq kimi qalıram. Atam 40 yaşım olanda rəhmətə gedib.

Bu gün ənənəni pozub kədərlənməmişəm. Bakıdan ayın 31-dən mənə media işçilərindən zənglər gəlir. Televiziya və radiolarımız verilişlərə dəvət edir. Yollar bağlıdır deyə gedə bilmirəm. Dünən gecə saat 3-ə kimi təbriklərə cavab yazmışam. Səhər saat 7-nin yarısından durmuşam, 9-un yarısından isə televiziyalara müsahibələr vermişəm. İnsanların da təbriki öz yerində. Utandım, nəvəmə dedim, ay bala, bir şəkil də sən qoy.

Yay fəsli gəlir. Təbiətin isti vaxtları başlayır. Maraqlıdır, ömrün hansı vaxtlarını isti, qaynar hesab etmək olar?

- Mən ömrümün qızğın, qaynar çağlarını işdə olanda hiss edirəm. Harada olmasından asılı olmayaraq, səhnədə olduğum vaxt mənim üçün qiymətlidir. Həyatımın xoşbəxtliyi, nəfəsim, zirvəm səhnədir.

- Bu gün yuxudan durdunuz, aynaya baxdınız, özünüzə nə dediniz?

- Özümə dedim ki, ay Şahnaz, sən bu gün nə gözəlsən?! Saçımı daramışam, çox sadə makiyaj etmişəm, sevdiyim narıncı rəngli koftamı geyinmişəm, bijuteriyamı taxmışam. Xüsusi bəzənməmişəm. Amma 15 yaşımda olduğum kimi gözələm.

- Nəvələriniz sizi necə təbrik etdilər?

- Nəvələrim səhərdən məni qucaqlayıb öpürlər. Deyirlər, nənə, sən bizim kraliçamızsan. Nəvələrimdən birinə adımı vermişik. Eldar balam isə həyat yoldaşımın adını daşıyır. Böyük bir sevgi göstərdilər. Həyat yoldaşım isə saat 12-yə qalmış mənə gül verdi. Onun belə diqqətinə görə çox sevindim.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ŞahnazHaşımova   Müğənni  





Xəbər lenti