İsmayıllıda narkotik əkən qonşular saxlanılıb

  01 İyun 2020    Oxunub : 1663
İsmayıllıda narkotik əkən qonşular saxlanılıb
Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Eşqin Paşayev saxlanılıb.

Saxlanılan şəxsin rayonun Diyallı kəndində kolluq ərazidə xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi, ümumi çəkisi 246 kiloqrama yaxın olan 784 ədəd çətənə bitkisi və 12 kq 635 qr narkotik vasitə-qurudulmamış marixuana aşkar edilərək götürülüb. E.Paşayev həmin narkotik tərkibli bitkiləri qurudandan sonra satmaq istədiyini etiraf edib.

Araşdırma zamanı E.Paşayevin bundan əlavə İsmayıllı şəhər sakini Əlmurad Bəkirovla əlbir olaraq, Diyallı kəndi ərazisində daha 481 ədəd çətənə bitkisi becərdikləri müəyyən olunub. Həmin çətənə kolları da kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Azvision.az

Teqlər: DİN   Narkotik