Fransada turistik məkanlar, restoran və barlar açılır

  31 May 2020    Oxunub : 2203
 Fransada turistik məkanlar, restoran və barlar açılır
Fransanın turistik yerləri, o cümlədən restoran və barlar iyun ayından fəaliyyətə başlayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Fransanın Baş Naziri Eduard Filip bildirib.

Onun sözlərinə görə, məhdudiyyətlərin aradan qaldırılmasının ikinci mərhələsində restoran və turizm biznesi üçün qaydalar yüngülləşdirilə bilər.

Baş Nazir deyib ki, iyun ayında restoran, bar, kafe, otel və digər turizm müəssisələri açılmağa başlayacaq. Ancaq şərtlərə ciddi əməl edilməlidir.

İyunun 2-dən etibarən insanların Fransa daxilində səyahətinə icazə veriləcək.

Çimərliklər, parklar və bağlar iyun ayının əvvəllərində hər yerdə açıq olacaq. Turizm işinə gəlincə, iki əsas tarix var: 2 və 22 iyun.

Turizmlə əlaqəli bütün müəssisələr, düşərgələr, otellər, yaşıl zonalar daxil olmaqla 2 iyundan açılacaq. Narıncı zonalarda olan obyektlər isə 22 iyundan fəaliyyət göstərəcəklər.

Eyni hal restoran, bar və kafelərə, muzeylərə, turistik məkanlara, həmçinin teatrlara aiddir.

Avropa İttifaqı daxilində beynəlxalq uçuşlara gəlincə, Baş Nazir Britaniya daxil olmaqla, 15 iyundan etibarən uçuşların bərpasına ümid etdiklərini söyləyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Fransa