"Azərbaycanla əlaqələr bizim üçün qiymətlidir" - BƏƏ səfiri

  29 May 2020    Oxunub : 3072
"Azərbaycanla əlaqələr bizim üçün qiymətlidir" -  BƏƏ səfiri
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu yada salmaq hər zaman qürurvericidir.
Azvision.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfiri Məhəmməd əl-Qubaisinin 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik məktubunda bildirilib.

"Ölkələrimiz arasında ortaq cəhətlər çoxdur: ölkə ərazisinin ölçüsü (hər iki ölkənin ərazisi 80 min kvadratkilometrdən artıq), əhalinin sayı (hər ikisi 10 milyona yaxın) təxminən eynidir. Ölkələrimizin coğrafi mövqeyi də bizi bir-birimizə daha da yaxınlaşdırır".

Diplomat qeyd edib ki, beynəlxalq əlaqələrin hazırkı mərhələsində ticarət və siyasi maraqlar daha üstün tutulsa da, BƏƏ və Azərbaycanın ikitərəfli əlaqələri bu maraqlardan qat-qat qiymətlidir. Hər şeydən əvvəl bu münasibətlər qarşılıqlı qardaşlıq niyyəti, xalqlarımıza ən yaxşı arzularla, güclü mənəvi dəyərlər üzərində qurulur.

"Azərbaycan hər il 28 may tarixində Respublika Gününü qeyd edir və BƏƏ rəhbərliyi öz səmimi arzu və təbriklərini Prezident İlham Əliyevə çatdırır. Hər iki ölkənin gəncləri hər zaman xalqlarımızın dövlətlərimizi qurmaq üçün verdikləri dəyərləri xatırlamalıdırlar. Ölkələrimizin bir-birinə verdiyi dəstəyi gələcək nəsillər də bir-birinə ötürməlidirlər", - səfir əlavə edib.

Onun sözlərinə görə, BƏƏ regionda öz tərəfdaşı Azərbaycan kimi böyük bir respublikanın mövcudluğunu yüksək qiymətləndirir:

"İkitərəfli münasibətləri getdikcə daha da inkişaf etdirmək, millətimizə daha çox fayda gətirmək üçün axtarışlar davamlıdır. Dövlət başçılarımızın və hökumət nümayəndələrinin qarşılıqlı yüksək səviyyəli səyləri və təşəbbüsləri nəticəsində bu münasibətlər ilbəil inkişaf edir. Bunu xüsusilə turizm sektorunda müşahidə edə bilərik. Ümid edirəm ki, pandemiyadan sonrakı dövrdə bu göstəricilər daha yüksək olacaq. Səfir olaraq həmişə BƏƏ-Azərbaycan ikitərəfli münasibətlərinin bütün sahələrdə inkişafı üçün Azərbaycan tərəfi ilə birgə işləməyə hazıram".

Diplomat sonda bir daha Prezident İlham Əliyevə, Azərbaycan parlamentinə, hökumətinə - bütün xalqımıza, Respublika Günü münasibətilə əmin-amanlıq və tərəqqi, bütün dünyanı bürüyən pandemiya şəraitində təhlükəsizlik və cansağlığı diləyib, mövcud çətin vəziyyətin tezliklə düzələcəyinə və qardaş xalqlarımızın yenidən bir-birlərini ziyarət etməyə başlayacaqlarına əmin olduğunu bildirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: BƏƏ