Zelenski İlham Əliyevə zəng edib - YENİLƏNİB

  27 May 2020    Oxunub : 3031
 Zelenski İlham Əliyevə zəng edib -  YENİLƏNİB
Mayın 27-də Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Ukrayna Prezidenti koronavirusla mübarizə ilə bağlı Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib, bunu bu ağır dövrdə dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib.

Prezident İlham Əliyev bu yardımın ölkələrimiz və xalqlarımız arasında münasibətlərin ruhunu əks etdirdiyini bildirib.

Telefon söhbəti zamanı Azərbaycan investisiyası hesabına Ukraynada həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər də müzakirə olunub.

Prezident İlham ƏliyevPrezident Vladimir Zelenski postpandemiya dövründə də siyasi, iqtisadi-ticarət, nəqliyyat sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

Ukrayna Prezidenti Ramazan ayının başa çatması və Respublika Günü münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirib.

Söhbət zamanı bir sıra ikitərəfli və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

***
(15:46)

Azərbaycan Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Azvision.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Bildirilib ki, Zelenski 21 may 2020-ci ildə Azərbaycandan Kiyevə gətirilmiş ümumi çəkisi 23 tondan çox olan tibbi material və avadanlıqlardan ibarət humanitar yardıma görə təşəkkür edib.

"Azərbaycan xalqının bu cür dostluq jesti COVİD-19 pandemiyasına qarşı mübarizənin çətin dövründə xüsusilə dəyərlidir", - Zelenski deyib.

Tərəflər arasında koronavirus pandemiyası və onun nəticələrinin aradan qaldırılması istiqamətində səylərin daha da əlaqələndirilməsi barədə razılıq əldə olunub.

Söhbət zamanı Ukraynada Azərbaycan investorlarının iştirakı ilə həyata keçirilən bir sıra irimiqyaslı layihələrin icrası müzakirə edilib.

Vladimir Zelenski Ukraynada və Azərbaycanda karantin rejiminin başa çatması ilə ikitərəfli siyasi dialoqun və ticarət-iqtisadi əməkdaşlığın ənənəvi olaraq yüksək dinamikasının bərpa olunacağına əminliyini ifadə edib. O, həmçinin GUAM təşkilatında işə daha çox diqqət yetirməyi də təklif edib.

“GUAM mühüm ticarət və iqtisadi məsələlərin müzakirəsi üçün ciddi bir ittifaq və birlik ola bilər. Bu təşkilata yeni həyat verməliyik", - deyə Ukrayna Prezidenti vurğulayıb.

Söhbətin sonunda Vladimir Zelenski bütün müsəlmanlar üçün müqəddəs Ramazan ayının başa çatması münasibətilə Azərbaycan Prezidentinə səmimi təbriklərini, Milli bayram - Respublika Günü münasibətilə Azərbaycan xalqına ən xoş arzularını çatdırıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Zelenksi   İlham-Əliyev   Prezident