Gənclər Təşkilatı “Tütünsüz həftə” kampaniyası keçirir

  26 May 2020    Oxunub : 2626
Gənclər Təşkilatı “Tütünsüz həftə” kampaniyası keçirir
“Sağlam Düşüncə” Gənclər Təşkilatının təşəbbüsü ilə 25 may tarixindən etibarən sosial media vasitəsilə “Tütünsüz həftə” adlı onlayn kampaniya keçirilir.
Kampaniya Ümumdünya Səhiyyə Təşkilatının “Ümumdünya Tütünlə Mübarizə Günü” elan etdiyi 31 may tarixində yekunlaşacaq.

Təşkilatçıların məlumatına görə, kampaniyanın məqsədi sağlam həyat tərzinin təbliği və tütün məmulatlarının zərərləri haqqında əhalinin maarifləndirilməsidir.

Kampaniya çərçivəsində məlumat xarakterli postlar və infovideolar paylaşılacaq. Eyni zamanda, 31 may saat 18:00-da “Sağlam Düşüncə” Gənclər Təşkilatının rəsmi Sosial şəbəkə hesablarından (facebook, instagram və Youtube) Tütünün zərərləri mövzüsünda canlı yayım və həkim konsultasıyası olacaq.

Tütünçəkmə bütün dünyada qarşısı alına bilən əsas ölüm səbəblərindəndir. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, tütün məmulatları hər il dünyada 8 milyondan çox insanın ölümünə səbəb olur. Bu ölümlərin 7 milyonu birincili - birbaşa tütün istifadəsinin, 1.2 milyon ölüm isə ikincili - passiv siqaretçəkmənin nəticəsidir.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, Azərbaycanda tütünçəkmə kişilər arasında daha geniş yayılmışdır. Belə ki, ölkəmizdə 15 yaşından yuxarı kişilər arasında tütünçəkmə 33 faiz təşkil edir.

Bununla yanaşı, passiv tütünçəkmə göstəriciləri də Azərbaycanda yüksəkdir. Ümumilikdə kişilərin 77%-i ictimai yerlərdə, qadınların 41%-i evdə tütün tüstüsünün təsirinə məruz qalırlar.

Qeyd edək ki, “Sağlam Düşüncə” Gənclər Təşkilatı 2009-cu ildən etibarən hər il ənənəvi qaydada “Tütünə yox!” maarifləndirmə kampaniyasını həyata keçirir və 31 may - Ümumdünya Tütünlə Mübarizə günü ərəfəsində Tütünsüz Ay layihəsini icra edir. Bu ilin kampaniyası koronavirus (COVİD-19) pandemiyası səbəbindən tətbiq edilən karantin tədbirləri çərçivəsində onlayn şəkildə həyata keçirilir.

Teqlər: