Qarabağ mədəniyyətinin canlı yadigarı - Şuşa teatrının yubileyidir
Qarabağ xanlığının mərkəzi olan, Qafqazın konservatoriyası adlanan Şuşa şəhərində teatr sənətinə də böyük maraq olub. XIX əsrdə Qafqazın mədəni mərkəzlərindən sayılan Şuşada ilk teatr tamaşası 1874–cü ildə göstərilib. Yerli ziyalılar və məktəb şagirdləri Mirzə Fətəli Axundzadənin “Hacı Qara komediyasını tamaşaya qoyublar. Teatra maraq ilbəil artıb. 1891-ci ildə Şuşada bəyzadə İ.Xandəmirov yeni teatr binası inşa etdirib. 1880-1900-cü illər arasında Şuşada yerli ziyalıların, xaricdə təhsil alan tələbələrin, müəllim və şagirdlərin iştirakı ilə Azərbaycan dramaturqlarının bir çox əsərləri tamaşaya qoyulub.
1901-1919–cu illərdə Şuşanın teatr prosesi yeni yaradıcılıq mərhələsi keçib. Şəhərdə maarifləndirmə işlərinə xidmət edən “Cəmiyyət evi” yaradılıb. İlboyu teatr tamaşaları göstərilib. Xüsusən yay aylarında şəhərdə hər həftə, bəzən həftədə ikiüüç tamaşa oynanılıb. Uilyam Şekspirin dramaturgiyasına Azərbaycanda ilk dəfə Şuşanın teatr həvəskarları müraciət ediblər, ədibin “Otello” faciəsi burada oynanılıb.
1919-cu ildə Üzeyir bəy və Zülfüqar bəy Hacıbəylilərin “Müdiriyyət”inin Şuşa filialı açılıb. Şuşanın teatr həvəskarları burada Mirzə Fətəli Axundzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun, Haşım bəy Vəzirovun, Sultan Məcid Qənizadənin əsərlərini, Üzeyir bəy Hacıbəylinin və Zülfüqar bəy Hacıbəylinin opera və oprettalarını oynayıblar.
1920-1937-ci illərdə Şuşada teatr prosesi bir qədər də canlanıb. Nərmaniyyə, Şuşa qəza firdə məktəblərinin, Cavanlar ittifaqının dram dərnəklərində tez–tez tamaşalar oynanılıb. 1920–ci illərdə Şuşa teatr həvəskarları dəstəsi bir müddət hökumət teatrının şöbəsi adlanıb. Milli Dram Teatrının aparıcı aktyorları tez–tez Şuşaya gələrək yerli həvəskarlarla tamaşalar hazırlayıblar və özləri də həmin səhnə əsərlərində iştirak ediblər. 1935–ci ildə şəhərdə Sabir adına klub açılıb və dram həvəskarları burada mərkəzləşib. 1938–ci ilin fevral ayında Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaranıb.
1943–cü ildə kollektivin adı dəyişdirilərək Şuşa Dövlət Musiqili Dram Teatrı adlandırılıb. Ona Üzeyir bəy Hacıbəylinin adı verilib. Teatrda dram və komediyalarla yanaşı, opera və operettalar da oynalılıb. Ayrı–ayrı illərdə Şuşa teatrında Ənvər Məmmədov, Cəlil Bağdadbəyov, Əlihüseyn Hüseynov, Əzizağa Məmmədov, Cəmil Vəzirov, Əsəd Cəfərov, Ümid İsrafilov bədii rəhbər və rejissor, Surxay Mehdiyev, Məmməd Yəhyayev rəssam işləyiblər.
Erməni şovinizminin xalqımıza vurduğu zərbələr teatr tariximizdən də yan keçməyib. Erməni millətçiləri dəfələrlə Şuşa teatrının fəaliyyətsizliyi, gərəksizliyi barədə Mərkəzi Komitəyə, İncəsənət İşlər İdarəsinə müraciət etsələr də, öz istəklərinə nail ola bilməmişdilər. Lakin Üzeyir bəyin vəfatından sonra, 1949–cu ildə həmin teatrın fəaliyyətinə xitam verilib, əvəzində isə M.Qorki adına Stepanakert Dövlət Dram Teatrı fəaliyyətə başlayıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 may 1990–cı il tarixli qərarına əsasən 25 may 1990–cı ildə Mədəniyyət Nazirliyi tərəfindən Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti bərpa edilib. Lakin demək olmaz ki, 41 il ərzində Şuşada teatr mühiti tamamilə məhv edilmişdir. Yerli həvəskarlar müxtəlif illərdə dram dərnəyində, 1987-ci ildən isə Xalq teatrında fəaliyyətlərini davam etdiriblər.
Qeyd etmək yerinə düşərdi ki, ötən əsrin 80-ci illərindən başlayaraq, Şuşanın mədəni həyatında yeni bir canlanma hiss olunmaqda idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Şuşada dahi şairimiz Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirakından sonra, mütəmadi olaraq hər il keçirilən “Vaqif – Poeziya günləri”ndə, mahnı bayramlarında, görkəmli xalçaçı – rəssam Lətif Kərimovun bilavasitə rəhbərliyi ilə həyata keçirilən muzey eksponadlarının və rəsm əsərlərinin sərgisinin təşkil edilməsi ilə əlaqədar və ən nəhayət maestro Niyazinin təşəbbüsü ilə hər il avqust ayında keçirilən “Simfonik musiqi günü”ndə iştirak etmək üçün təkcə Azərbaycandan deyil, dünyanın bir çox ölkələrindən şer – sənət adamlarının Şuşaya gəlməsi ilə yanaşı, Vaqifin dərs dediyi mədrəsənin bərpası, Poeziya evinin açılışı, Şuşa mədəni – maarif məktəbinin yaradılması, M.M.Nəvvab adına Şuşa orta ixtisas musiqi məktəbinin müstəqil fəaliyyətə başlaması, rayon Mədəniyyət evində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblına Xalq kollektivi, teatr truppasına Xalq teatrı adlarının verilməsi dediklərimizə əyani sübutdur.
Şuşanın yetirdiyi görkəmli sənətkarların Şuşaya olan qayğı və diqqətinin artması nəticəsində, burada artıq böyük potensial imkana malik istedadlı bir nəsil formalaşmaqda idi. Bu baxımdan Şuşada Dövlət teatrının bərpa edilməsi labüd idi.
Şuşa Dövlət Musiqili Dram Teatrı Şuşada fəaliyyət göstərdiyi qısa müddət ərzində teatrın kollektivi tez bir zamanda bir–birinin ardınca Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan”, Süleyman Ələsgərov və Şıxəli Qurbanovun “Özümüz bilərik” musiqili komediyalarını, Eldar Baxışın “Uzun Həsən” tarixi dramını tamaşaya hazırlamağa müvəffəq oldu.
Lakin çox təəssüf ki, Şuşada teatrın rəsmi açılışını keçirmək, tamaşalar oynamaq kollektivə nəsib olmadı. Şuşanın süqutu hər şeyə son qoydu. Amma mədəniyyət beşiyi sayılan bir şəhərin düşməndən azad edilməsi üçün ən güclü silahın elə mədəni irsin qorunub saxlanılması olduğunu dərk edən kollektiv doğma Şuşanın mədəni həyatının canlı yadigarı olan teatrı dağılmağa qoymadı.
1992-ci ildən bu günə kimi Şuşa Dövlət Musiqili Dram Teatrı fəaliyyətini Bakı şəhərində davam etdirir - 1992-2005-ci illər ərzində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında, 2005-2014-cü illərdə “Savalan” kinoteatrının binasında.
2013-cü ildə “Savalan” kinoteatrı ləğv edilmiş, bina Şuşa Dövlət Musiqili Dram Teatrına verilmişdir. 2014–cü ildə isə binada əsaslı bərpa və təmir işlərinə başlanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq “Savalan” kinoteatrı təmir olunaraq 2018–ci ilin dekabr ayında Şuşa Dövlət Musiqili Dram Teatrının ixtiyarına verilib.
13 fevral 1993–cü ildə Bakıda - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” operettası ilə rəsmi açılış edən Şuşa Dövlət Musiqili Dram Teatrının ötən dövrdə keçdiyi sənət yolunu çətin olduğu qədər də uğurlu hesab etmək olar.
1993-cü ildən bu günə qədər teatrın kollektivi Azərbaycan dramaturqları ilə yanaşı, xarici ölkə dramaturqlarının da əsərlərinə müraciət edib, müxtəlif beynəlxalq və yerli festivallarda uğurla çıxışlar edərək diplom və mükafatlarla təltif olunub.
Hazırda teatrda 1 nəfər Xalq artisti, 5 nəfər Əməkdar artist, 1 nəfər Əməkdar mədəniyyət işçisi, 2 nəfər Prezident Mükafatçısı fəaliyyət göstərir. 2 nəfər "Tərəqqi" medalı ilə, 6 nəfər Azərbaycan Mədəniyyət Nazirliyinin təsis etdiyi “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə, 2 nəfər Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” Medalı ilə təltif edilib.
Teatrın cari repertuarında 13 tamaşa, o cümlədən 4 uşaq tamaşası, 5 musiqili ədəbi–bədii kompozisiya və 2 konsert proqramı vardır.
Azvision.az