Regionlarda başçəkmələr həyata keçirildi

  23 May 2020    Oxunub : 2617
Regionlarda başçəkmələr həyata keçirildi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Gəncə və Şəki şəhərlərindəki Uşaq Evlərinə əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmələr həyata keçirilib.
Ombudsman Aparatından Azvision.az -a verilən məlumata görə, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən keçirilmiş başçəkmələrdə məqsəd müəssisələrdə yeni növ koronavirus infeksiyasının (COVİD-19) yayılması ilə bağlı davam etdirilən qabaqlayıcı tədbirlərin, mövcud sanitariya vəziyyətinin, habelə bu ərəfədə müxtəlif yaş qruplarından olan uşaqların saxlanma şəraiti və xidmət əməkdaşlarının onlarla rəftarı məsələlərinin, eləcə də uşaqların hüquqlarının təmininin araşdırılması olub.

Başçəkmələr çərçivəsində regionlarda yerləşən müəssisələrin bütün obyektlərinə, o cümlədən yataq, dərs və tibb otaqlarına, yeməkxanaya və mətbəxə, asudə vaxtın təşkili üçün nəzərdə tutulmuş otaqlara, ümumi əraziyə baxış keçirilib, şərait və imkanlar araşdırılıb.

Rəftar məsələlərinin araşdırılması məqsədilə təsadüfi seçim əsasında bu müəssisədə yaşayan uşaqlarla, habelə müəssisə rəhbərliyi, müəllimlər və tibb işçiləri ilə fərdi söhbətlər aparılıb və mövcud vəziyyət öyrənilib.

Gəncə Uşaq Evində karantin rejimi ilə əlaqədar müəssisədə növbəli iş rejiminin davam etdirildiyi, dezinfeksiya işlərinin aparıldığı müşahidə edilib. Müəssisə Heydər Əliyev Fondu tərəfindən tibbi maskalar və spirtlə, eləcə də koronavirusa qarşı gigiyena qaydaları barədə maarifləndirici bukletlərlə təmin edilib. Uşaq evinin rəhbərliyi uşaqlardan və kollektivdən virusun yoxlanılması məqsədilə analiz götürüldüyünü, nəticələrin neqativ olduğunu bildirib.

Karantin rejimi dövründə uşaqların bir hissəsi valideynləri tərəfindən götürülüb, yoluxma hallarının qarşısı almaq üçün Uşaq Evində yaşayanların valideynlərlə və digər kənar şəxslərlə görüşləri müvəqqəti olaraq dayandırılıb.

Şəki Qarışıq Tipli Uşaq Evində də karantin rejimi dövründə istifadə məqsədilə Heydər Əliyev Fondu tərəfindən müəssisənin tibbi spirt, maska və əlcəklə təmin edildiyi müşahidə olunub.

Başçəkmə zamanı Uşaq Evinin həkim-pediatr ştatının vakant olduğu, elektrik enerjisi üçün müəssisəyə ayrılmış limitin artrılması, habelə ərzaq anbarında havalandırma sisteminin daimi olaraq işlək vəziyyətə gətirilməsi ilə bağlı tədbirlərə ehtiyac olduğu aşkarlanıb.

Başçəkmələrin yekununda MPQ üzvləri tərəfindən hər iki müəssisənin rəhbərliyi, əməkdaşları və ayrıca olaraq uşaqlarla 2020-ci ilin 18 may -18 iyun tarixlərində Müvəkkilin təşəbbüsü ilə respublikamızda elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində BMT-nin Uşaq Hüquqları Konvensiyası və Azərbaycan Respublikasının Uşaq hüquqları haqqında Qanunu əsasında hüquqi maarifləndirici söhbətlər aparılıb, uşaq evində saxlanma şəraiti və rəftar məsələləri, o cümlədən koronavirus epidemiyasından qorunmaq üçün sosial məsafə saxlanılması və gigiyena qaydalarına ciddi əməl olunması tövsiyə edilib.

Azvision.az

Teqlər: Ombudsman   Aparat