Goranboyda top mərmisi aşkarlandı - FOTO

  23 May 2020    Oxunub : 2654
Goranboyda top mərmisi aşkarlandı - FOTO
Mayın 22-si saat 17:21-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonu, Yeniyol kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.



Agentliyin mütəxəssisləri və Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 85 mm-lik top mərmisi (O-365) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 300 kv.m əraziyə yerüstü, 90 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.



Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 22 may 2020-ci il tarixlərində 127 siqnal (əməliyyat çağırışı) əsasında 113 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilib, 339 ədəd partlamamış hərbi sursat (PHS), 11 ədəd piyada əleyhinə mina, 16 ədəd tank əleyhinə mina və 6 569 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 56 805 kv.m ərazi yerüstü və 7 466 kv.m ərazi yeraltı yoxlanılıb.



Azvision.az

Teqlər: ANAMA   Top   Mərmi