`Yığmaya dəvət alacağıma inanmıram` - MÜSAHİBƏ

`Yığmaya dəvət alacağıma inanmıram` - MÜSAHİBƏ
  10 Yanvar 2014    Oxunub:1387
Milli komandamızın sabiq üzvü Saşa Yunisoğlunun forma geyindiyi Türkiyənin “Dənizlispor” komandasının maliyyə sıxıntıları yaşaması həmyerlimizin komandadan ayrılacağı yönündə söyləntiləri artırmışdı. Məhz bu səbəbdən müdafiəçi ilə əlaqə saxlayıb, həm bu, həm də digər maraqlı məsələlərə aydınlıq gətirdik.
- Türkiyə birinci liqasında ikinci dövrə başlamaq üzrədir. “Dənizlispor”un qış fasiləsindəki hazırlıqlarını necə qiymətləndirirsiniz?

- Bu il keçiriləcək Dünya çempionatı ilə əlaqədar olaraq qış fasiləsi cəmi iki həftə oldu. Artıq yanvarın 12-də çempionatın ikinci dövrəsində ilk matçımızı keçirməliyik. Ümumi götürəndə hazırlıqlarımız plana uyğun, normal şəkildə davam edir

- Komandanın yeni baş məşqçisi Özcan Bizati ilə münasibətləriniz necədir?

- Komandanın yeni baş çalışdırıcısı ilə heç bir problemim yoxdur. Yeganə problem baş məşqçinin mənim oyunuma bələd olmamasıdır. Belə ki, məşqçi komandaya gələndə mən zədəli olduğumdan özümü göstərə bilmədim. İndi Bizatinin mənə şans verəcəyi anı gözləməkdəyəm. Məhz o zaman özümü göstərərək onun etimadını qazanmalıyam.

- “Dənizlispor” ilk dövrədəki çıxışını necə qiymətləndirirsiniz?

- Əslində, “Dənizlispor” zəngin tarixə malikdir və bu üzdən komandanın hazırkı vəziyyəti bizə yaraşmır. Düzdür, turnir cədvəlinin 17-ci pillədən 8-cı sıraya qədər irəlləməklə nəyə qadir olduğumuzu göstərdik, amma açığı, komandada ciddi maliyyə problemləri var və bu amil uğur qazanmağa mane olur.

- Komandada maliyyə probleminin olduğunu dediniz. Maaşla bağlı problem yaşayan komandada oynamaqdansa, başqa kluba keçmək olmazdımı?

- Başqa komandaya transfer olmaq mümkündür, amma mən “Dənizlispor”la müqaviləmi pozmaq istəmirəm, çünki bura öyrəşmişəm. İnanıram ki, ən qısa zamanda komanda rəhbərliyi futbolçuların bütün məvacibini ödəyəcək.

- Qış fasiləsində yeni təkliflər var? Məsələn, Azərbaycan və ya Türkiyə klublarından hansısa sizinlə maraqlanıb?

- Dediyim kimi, mən artıq “Dənizlispor”a öyrəşmişəm və bu səbəbdən komandamı dəyişmək fikirində deyiləm, amma bəzi komandalardan təklif almışdım.

-Öz oyununuz barədə nə deyə bilərsiniz?

- Mənim oyunum haqqında başqaları danışsa, daha yaxşı olar. Mən həmişə olduğu kimi, matçlarda əlimdən gələni edirəm ki, komandama xeyir verim.

Türkiyə birinci liqası ilə Azərbaycan premyer liqası arasında nə kimi fərqlər var?

- Əslində, Türkiyənin PTT birinci liqası ilə Topaz Premyer Liqası arasında ciddi səviyyə fərqi yoxdur. Ancaq onu deyə bilərəm ki, Türkiyənin aşağı dəstəsində matçlar daha maraqlı keçir. İki çempionat arasındakı daha bir fərq isə azarkeş amili ilə bağlıdır. Burda hər oyunda stadion 60-70% dolu olur. Həm də azarkeşlər azərbaycanlı fanatlarla müqayisədə daha aktivdir.

- Millimizin üzvü Cihan Özkaranın "Dənizlispor"a keçidi haqqında söz-söhbətlər dolaşır. Bu haqda məlumatınız varmı?

- Bu haqda yalnız mətbuatdan oxumuşam. Başqa heç bir bilgim yoxdur.

- Ümumiyyətlə, indiki halda azərbaycanlı futbolçuların “Dənizlispor”a transferi nə dərəcədə real görünür?

- Düzü, indiki halda nə azərbaycanlı, nə də başqa ölkədən olan futbolçuların “Dənizlispor”a keçidi real görünmür. Dənizli təmsilçisinin sabiq üzvlərinə xeyli borcu olduğundan Türkiyə Futbol Federasiyası komandaya transfer qadağası qoyub. Amma ümumiyyətlə, azərbaycanlı oyunçuların Türkiyənin iddialı klublarında çıxış etməsini çox istərdim.

- Azərbaycan futbolu Türkiyədən necə görünür? Mustafa Dənizli və Güvənc Kurtar kimi türkiyəli mütəxəssislərin Azərbaycanda işləməsi Türkiyədə necə əks-səda doğurdu?

- Sözügedən məşqçilərin Azərbaycanda işləməsi ölkə futbolu üçün faydalı olacaq. Bu həm də Azərbaycan futboluna marağı artırmaqdadır. Məsələn, Mustafa Dənizli ilə Güvənc Kurtarın Azərbaycanda çalışmasından sonra şəxsən mənə Azərbaycan futboluna dair xeyli sayda suallar verilməkdədir. Həm Mustafa Dənizli və Güvənc Kurtarın rəhbərlik etdiyi klublar, həm də milli komandamız haqqında məlumat almaq istəyənlərin sayı çoxalıb.

- “Dənizlispor”un əsas üzvlərindən olsanız da, milli komandaya dəvət almırsınız. Sizcə, bu nə ilə əlaqədardır?

- Şübhəsiz, mən də bütün futbolçular kimi milli komandada çıxış etmək istəyirəm. Amma nədənsə, Berti Foqts məni yığmaya dəvət etmir. Mən Türkiyədə legioner həyatı yaşasam da, vaxtaşırı legioner oyunçuların azlığından şikayətlənən Foqts mənə etimad göstərmir. Açığı, bundan sonra da Berti Foqtsun məni yığma komandaya dəvət edəcəyinə inanmıram.

Tural Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti