AFFA-dan maaş müjdəsi
AFFA-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, artıq baş katiblik tərəfindən bu qərarın icrasına başlanılıb. Baş katib Elxan Məmmədov görülən işlərlə bağlı danışarkən bildirib ki, qərarın icrası ilə əlaqədar Premyer Liqada çıxış edən klubların rəsmiləri və idman direktorları ilə müvafiq görüşlər keçiriləcək və bu istiqamətdə geniş fikir mübadiləsi aparılacaq:
`AFFA tərəfindən klublara təyin olunacaq idman direktorları barədə onlara ətraflı məlumat veriləcək. Onu da qeyd edək ki, bu vəzifəyə hazırda fəaliyyət göstərən bəzi idman direktorlarının da təyin olunması istisna edilmir. Amma bütün hallarda idman direktorunun məvacibi AFFA tərəfindən ödəniləcək və görülən işlərin nəticəsinə uyğun olaraq klublara assosiasiya tərəfindən vəsait ayrılacaq".
Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin qərarında bu və digər məsələlər konkret olaraq göstərilib: Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunsun və onun məvacibi AFFA-nın hesabına ödənilsin. Klublarda bu istiqamətdə görülən işlərin AFFA tərəfindən monitorinqi aparılacaq və bunun nəticəsinə əsasən klublara vəsait ayrılacaq.