Qərəzli SES-küy: Araz üzərindəki layihə niyə birdən-birə siyasiləşdirildi? – TƏHLİL

  Qərəzli SES-küy:  Araz üzərindəki layihə niyə birdən-birə siyasiləşdirildi? –  TƏHLİL
  09 May 2020    Oxunub:58037
Son günlərdə Azərbaycanın İranla sərhədində yerləşən Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su-elektrik stansiyalarının tikintisi gözlənilmədən siyasiləşdirildi və bəziləri bu layihəni tamamilə yanlış şəkildə yozaraq, dövlətlə qarşı istifadə etməyə çalışırlar. Bəs əslində məsələ nədir və onun məhz indi siyasiləşdirilməsinin arxasında hansı maraqlar dayanır? Gəlin, aydınlaşdıraq.
“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su-elektrik stansiyalarının tikintisi barədə razılaşma keçən əsrin 70-ci illərində SSRİ ilə İran arasında əldə olunmuş və 1977-ci ildə bu istiqamətdə işlərə start verilmişdi. 1981-ci ildə “Bakı Hidrolayihə” institutu tərəfindən hazırlanmış layihə SSRİ-nin müvafiq qurumları tərəfindən təsdiqlənib və 1988-ci ildə SSRİ ilə İran arasında imzalanmış iqtisadi, ticarət və elmi-texniki əməkdaşlığa dair Sazişə uyğun olaraq, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi istiqamətində işlər başlayıb. SSRİ-nin dağılması və Azərbaycanın müstəqillik əldə etməsindən sonra Tehranla Bakı Araz çayı üzərindəki layihənin icrasını davam etdiriblər. 1992-ci ildə müstəqil ekspert qrupu tərəfindən layihələr yenidən işlənib hazırlanıb. Lakin Dağlıq Qarabağ münaqişəsinin alovlanması və Azərbaycan torpaqlarının işğalı bu layihənin reallaşmasının qarşısını aldı. Ta ki, 2016-cı ilə qədər.

2016-cı ilin fevral ayında İran Azərbaycanla Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında yenidən Saziş imzaladıqdan sonra layihə üzrə işlər bərpa olundu. Bu unikal beynəlxalq sənəddə BMT qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyi yer almaqla yanaşı, dövlətimizin işğal olunmuş ərazilər üzərində suveren yurisdiksiyası tanınır. Sazişə əsasən, Azərbaycan və İran qurğuların tikintisi, istismarı, energetika və istifadəsi ilə əlaqədar birgə fəaliyyət göstərməlidir və qurğular üzərində mülkiyyət sırf bu iki ölkəyə məxsusdur.

Sənədə əsasən, İran işğal olunmuş torpaqları Azərbaycanın faktiki ərazisi kimi qəbul edir və bu ərazidə Azərbaycanla uzunmüddətli əməkdaşlıq etmək niyyətindədir. Belə çıxır ki, Tehran işğal olunmuş ərazilərin Ermənistanın nəzarətindən çıxaraq, Azərbaycana qaytarılacağına artıq əmindir, çünki əks halda Saziş üzrə tam əhatəli fəaliyyətin aparılması mümkün olmaz.

Bu məsələdə düşündürən əsas sual ondan ibarətdir ki, nəyə görə bu qədər uzun müddətdən sonra Azərbaycan layihə üzrə işlərin bərpa olunması ilə bağlı məhz 2016-cı ildə İranla razılığa gəldi?

Müstəqillik əldə etdikdən sonra Azərbaycanla İran arasında sabit iqtisadi-siyasi əməkdaşlıq hökm sürsə də, iki ölkənin münasibətlərində sərinlik hər zaman müşahidə olunurdu. İranın Ermənistanı dəstəkləməsi Bakını qane etmirdi, Tehran isə Azərbaycan-İsrail münasibətlərinin inkişafından narahat idi.

2013-cü ildən başlayaraq, münasibətlər birdən-birə müsbət mənada dəyişməyə başladı və prezident İlham Əliyevlə yeni seçilmiş iranlı həmkarı Həsən Ruhani arasında keçirilən görüşlər intensivləşdi. 2014-cü ilin əvvəlində İlham Əliyev Nazirlər Kabinetinin iclasında İranla Azərbaycanın münasibətlərinin artıq yüksələn xətlə inkişaf edəcəyini bildirdi və ilk dəfə olaraq Azərbaycan-İran-Türkiyə iqtisadi-siyasi blokunun yarandığını açıqladı. Doğrudan da, həmin dövrdən etibarən Tehranla Bakı arasındakı münasibətlər yüksələn xətlə inkişaf etməyə başladı və illərdir razılaşdırılması müşkülə çevrilmiş məsələlər bir-bir həllini tapdı.



Bunun əsas səbəbi dəyişən geosiyasi mənzərə və İlham Əliyevin yeni geosiyasi rellıqlardan məharətlə Azərbaycanın milli maraqları naminə faydalanması oldu. Belə ki, 2013-cü ildən Rusiya ilə Ukrayna arasında böhranın yaşanması, ardınca Krım yarımadasının ilhaqı Moskvanın Qərblə münasibətlərini gərginləşdirdi. Amerika Rusiya ilə münasibətlərin yumşaldılması siyasətindən əl çəkib, Kremlə qarşı iqtisadi sanksiyaların tətbiqinə qərar verdi. Rusiyanın enerji daşıyıcılarının Avropaya ixracına maneələrin yaranması Qərbin enerji təminatını təhlükə yaradacağından, ABŞ İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları yumşaltmaq qərarına gəldi. Sanksiyalar səbəbilə iqtisadiyyatı zəifləmiş İran yeni gəlir mənbələri tapmalıydı.

Neftin qiymətinin aşağı olması isə Tehranı qaz ixracı üçün əlavə vasitələr axtarmağa məcbur edirdi. Suriyada münaqişənin hökm sürməsi, Rusiyanın isə Qara dənizdən Avropaya çəkmək istədiyi boru kəmərinin inşasının dayandırılması İran üçün bu marşrutları əlverişsiz edirdi. Avropaya qaz ixrac etmək üçün yeganə vasitə Azərbaycanın müəllifi olduğu TANAP layihəsi qoşulmaq qalırdı ki, Tehran bu addımı atmaq qərarına gəldi. İranın TANAP layihəsinə qoşulması bir tərəfdən Ermənistandan qaz xəttinin çəkilməsi layihəsinin reallaşmasını ortadan qaldırır digər tərəfdən Xəzərin statusu problemini gündəmə gətirirdi. Belə ki, TANAP layihəsi gələcəkdə Türkmənistan qazının da Avropaya ixracını nəzərdə tuduğu üçün, Xəzərin statusu ilə bağlı sahilyanı dövlətlər razılığa gəlməli idilər. Nəticədə, Xəzərin danışıqlar intensivləşdi və 2018-ci ilin sonunda nəhayət ki, statusla bağlı razılıq əldə olundu.

İranla Azərbaycanın əməkdaşlığının dərinləşməsi Böyük İpək yolu layihəsində də Azərbaycanı əsas əlaqələndirici dövlətə çevirdi. Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması Azərbaycanı İran vasitəsilə Orta Asiya və Çinə bağlamaqla yanaşı, İranı Rusiyaya və Azərbaycan vasitəsilə Gürcüstan-Qara Dəniz- Ukrayna-Baltikyanı ölkələr marşrutlarına qoşdu. Ermənistan bu layihədən də kənarda qaldı.

İran-Azərbaycan əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyi bir vaxtda – 2016-cı ilin fevralında “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su-elektrik stansiyalarının birgə tikintisi və istismarı barədə Saziş imzalanır. Bu hadisədən cəmi bir ay sonra, yəni aprel ayında Ermənistanla Azərbaycan arasında məşhur Aprel döyüşləri başlayır. Aprel döyüşləri ilə bağlı kifayət qədər təhlillər aparılıb, ancaq mövzuyla bağlı qeyd edilməlidir ki, o günlərdə Ermənistanın ciddi-cəhdləri və təxribatlarına baxmayaraq, İran heç bir vasitə ilə prosesə müdaxilə etmədi.

Sazişin imzalanma tarixi və müddəalarının təhlilindən hətta belə bir ehtimal irəli sürmək olar ki, Aprel döyüşlərindən sonra Azərbaycanın işğal altındakı ərazilərinin bir hissəsinin azad olunması gözlənilirdi. Müharibədən sonra Rusiya ilə Azərbaycan arasında gedən danışıqlar, 5 rayonun azad olunması ilə bağlı “Lavrov planı”nın mövcudluğu barədə informasiyaların mediaya sızması, rusiyalı politoloqların münaqişə zonasına səfərləri də bu fikri deməyə əsas verir. Ancaq danışıqların uzanması, ardınca isə Ermənistanda hakimiyyət çevrilişinin baş verməsi bu məsələnin reallaşmasını yubatdı.

Odur ki, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su-elektrik stansiyalarının tikintisi məsələsi ətrafında böyük ajiotajın yaradılması, müxtəlif fikirlər, bəyanatlar, iddialar səsləndirilməsi, hətta dövlətə qarşı ağır ittihamlara yer verilirməsinin əsas səbəbi Tehran ilə Bakının münasibətlərinin möhkəmlənməsindən bəzi ermənipərəst dairələrin narahat olması ilə bağlıdır. Çünki layihə üzrə İranla Azərbaycanın əməkdaşlığının praktiki məcraya keçməsi işğal olumuş ərazilərin Azərbaycanın nəzarətinə verilməsini ehtiva edir ki, Yerevan hər an Tehranın bu tələbi ilə üz-üzə qala bilər.

Tofiq Əsgərov
Azvision.az üçün


Teqlər: Xudafərin   Qız-Qalası  





Xəbər lenti