Məddahların yaman coşub, ya Əli...

   Məddahların yaman coşub, ya Əli...
  29 Aprel 2020    Oxunub:18444
İki gündür, Əli Kərimlinin tərəfdarları cəbhəbaşılarının ad günü münasibətilə ona elə mədhiyyə nümunələri həsr edirlər ki, orta əsrlərin saray şairləri həsəd apara bilərdilər.
Oxuyanda belə məlum olur ki, Makedoniyalı İsgəndərdən tutmuş, Toni Starka qədər bütün real və fantastik fövqəlşəxslərin gücü də, ağlı da Əli Kərimlidə cəmləşib; o, bəşəriyyətin xilası üçün göndərilmiş sonuncu Messiyadır, sadəcə, hələ ki, internet blokadasından çıxa bilmədiyi üçün missiyasını həyata keçirə bilmir.

“...Cəmi 1 dəqiqə davam edən görüş zamanı Əli bəyin qeyri-adi maqnetizmi məni tam əhatə etdi və anladım ki, bu şəxsin Allahın verdiyi müqəddəs missiyası Azərbaycan xalqını xilas etməkdən ibarətdir ”. Dünya yaltaqlarının müsabiqəsi keçirilsə, şübhəsiz ki, ilk üçlükdə olacaq bu sözləri AND hərəkatının rəhbəri Arf Məmmədov yazıb. And olsun ki, heç fanatik şiələr imamları Əlini mədh edəndə bu qədər dərinə getmirlər. “ Azərbaycan xalqını xilas etmək üçün Allahın verdiyi müqəddəs missiya” nə idi? Bu gedişlə yaxın günlərdə bunlar Əli Kərimlini hətta Mehdi də elan edərlər...



Mitinqlərin əsas tamadası kimi tanıdığımız İlham Hüseyn isə ağasını belə mədh edir: “Sabah Əli bəyin 55 yaşı tamam olur. Onun 55 yaşı əsrdən böyükdür. Kimin nə deməsindən asılı olmayaraq, Əli Kərimli faktdır, tarixdir, şəxsiyyətdir, obrazdır, liderdir” . Davam edək: Əli Kərimli Böyük Adron Kollayderidir, korononavirusa qarşı vaksindir, Marsa enən ilk insandır, Supermedir, Kapitan Amerikadır...



Daha sonra mitinq tamadası yazır, daha doğrusu, qızıl xırdalayır: “Əli Kərimlinin bioqrafiyası ləyaqətli vətəndaş, ləyaqətli insan olmağın reseptidir”. Əgər bir ömür boyunca bitməyən satqınlıq və yalançılıq “ləyaqətli insan olmağın resepti” sayılırsa, onda bəli, cəbhəçilərlə razılaşmaq olar. Ümumiyyətlə isə, həqiqətən ləyaqətli insanları təhqir etməmək üçün yaltaqlığın bu növünə əl atmamaq daha yaxşı olardı.

Kərimlinin ətrafındakı yalmanma xorunun digər iştirakçısı Fuad Qəhrəman lı isə yazır: “...Belə bir şəraitdə onun liderliyinin cazibəsi ilə siyasi mübarizəyə qoşulanların sayının artması və Xalq Cəbhəsinin bütün təzyiqlərə rəğmən böyüməsi Əli Kərimli fenomeninin nəticəsidir”.



Çox maraqlıdır: bunlar Əli Kərimlinin cazibəsini nədə hiss edirlər? Olmaya, güclü cazibədən danışanda Kərimlinin ölkə siyasətinin “qara dəliyi” olmasına eyham vurmaq istəyirlər? Çünki o, olsa-olsa, ancaq iki növ insanı özünə cəzb edə bilər: 1) Qrant piroqunun qırıntılarına göz dikənləri, yəni YALtaq sözünün birinci hecasının uğrunda quyruq bulayanları və 2) Hansısa fırıldaqla xaricə köçmək istəyənləri. Bu ikisindən qeyri, çətin ki, kimsə Kərimlinin nəinki yanında, hətta bir kilometr ətrafında olmaq istəsin. Onun məşhur tərəfdarlarından biri Emin Əhmədbəyovun “Azərbaycan Saatı”na dediyi fikir bu baxımdan çox maraqlıdır: “Mən istəyərdim müraciət edək Amerika səfirliyinə, İngiltərə səfirliyinə ki, Əli Kərimlinin evinə maddi yardım yox, ərzaq yardımı göndərsinlər” . Yəni dolayısı ilə Əli Kərimliyə maddi yardım göndərildiyi etiraf olunub.

İki gündür, Kərimlinin tərəfdarlarının arasında onu hansısa böyük, tarixi şəxsiyyətlərin davamçısı elan etmək yaraşı gedir. Emil Səlim adlı biri isə qərara gəlib ki, xırdaçılqı etməsin və Kərimlini birbaşa Atillanın davamçısı elan edib! Öz dövrünün ən böyük imperiyalarını daimi qorxu altında saxlayan Atillanın. Qorxusundan evindən bayıra çıxa bilməyən Kərimlini...



Görünüyü kimi, Kərimlinin 55 yaşını təbrik kampaniyası ikrah doğuran bir yaltaqlıq marafonuna çevrilib. Maraqlıdır: Görəsən, doğrudanmı, bu adamlar Azərbaycan siyasətində “Kərimli” sözünün “satqınlıq” sözü ilə sinonim olduğunu bilmirlər? Fərqində deyillərmi ki, orta səviyyəli populist blogerə “böyük lider” deməklə özlərini gülünc vəziyyətə salırlar? Tutaq ki, biri, ikisi, beşi bunu görmür, ya görmək istəmir, bəs qalanları necə? Onlar niyə bu iyrənc quyruqbulama aksiyasına qoşulublar?

Bu yerdə gəlib, Kərimlinin öz mahiyyətinə çıxırıq . O, təbiətcə qorxaq oluğu qədər də, avtoritardır - zatən bütün qorxaqlar avtoritar, bütün diktatorlar da qorxaq olurlar. Sadəcə, onun gücü diktaturasını ancaq bir partiyanın miqyasında qurmağa çatıb. Daha doğrusu, heç buna da çatmayıb – onun mikrodiktator ədalarına dözməyən, özünə hörmət qoyan insanların çoxu vaxtaşırı partiyanı tərk ediblər. Kərimli vaxtilə AXCP olan partiyanın xarabalıqları üzərində özünün diktatorluğunu qəbul edən şəxslərdən ibarət radikal qruplaşma yaradıb. Bu marginal qrup siyasi qüvvə deyil, məhz Kərimlinin şəxsiyyətinə pərəstiş dərnəyidir. Ona görə də, bu gün heç nədən utanıb-qızarmadan ölkənin ən odioz siyasətçisini az qala Xilaskar səviyyəsinə yüksəldiblər.

İndi isə taleyin ironiyasına fikir verin ki, xirtdəyinə qədər bu üfunətli yaltaqlıq palçığının içində olanlar neçə gündür ki, sadə vətəndaşların hakimiyyətə yazdığı səmimi minnətdarlıq məktublarına lağ edirlər. Vətəndaşın öz hökumətinə minnətdarlıq etməsi üçün həqiqətən də, böyük səbəbi var: Ən azından, özünün və ailəsinin sağlamlığı üçün. Bəs Əli Kərimli öz yaltaqlar dəstəsinin şit təriflərini nəyə görə haqq edir?

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Əli-Kərimli  





Xəbər lenti