A SÖYülü... – Etibar Hüseynovun yazısı

  21 Aprel 2020    Oxunub : 16991
 A SÖYülü... – Etibar Hüseynovun yazısı
ARB cəzalandırıldı, Elgizin verilişi bağlandı. Niyə? Nə üçün? Nədən yana?.. Çünki canlı efirə xalq artistini, bir mədəniyyət xadimini telefonla bağlayıblar, o da gözlənilmədən küçə söyüşü işlədib. Bir daha təkrar edirəm: Efirə hansısa küçə qadını, alverçi, "mama roza"nı deyil? "Xalq artisti" titullu, xanım adını daşıyan biri bağanıb. Bunun baş verəcəyi kimin ağlına gələ bilərdi ki? Heç kimin.
Ancaq gəlməliydi; ona görə də, MTRŞ-nın cəzasına bəraət verirəm. Bunun hamıya bir ibrət dərsi olmasından yana. Çünki biz, nəhayət, anlamalıyıq ki, ölkədə onlarla Afaq Bəşirqızı kimi təmtəraqlı titul daşıyıcısı var ki, onlara nəinki canlı efir, heç canlı efir bağlantısı da etibar etmək olmaz. Bu, Bəşirqızının timsalında növbəti dəfə sübut olundu; çanaq ARB və Elgizin başında çatlasa da.

***

Əksəriyyət kimi, mən də Afaqı aktrisa olaraq heç vaxt bəyənməmişəm. Çünki sənətə atasının adıyla gəlib, orada isə Söylüylə məhşurlaşıb - vəssəlam. Afaqı yaxından deyil, uzaqdan belə tanıyanlar yaxşı bilirlər ki, əslində Söylü, Bəşirqızının yaratdığı hansısa obraz deyil, onun səhnəyə gətirdiyi ÖZÜdür. O, həyatda da Söylü kimi savadsız, intellekt və ziyadan uzaq, xaraktercə kobud, qaba və söyüşkən birisidir. Zatən bundan yana da özünə hörmət edən bir çoxları bu xüsusiyyətlərinə görə əksər hallarda onunla ünsiyyətdən qaçıb, necə deyərlər, "əşşi, sən alla, yola ver, getsin" prinsipinə söykəniblər.

Əvvəldə də qeyd etdiyim kimi, xanım Bəşirqızı savad və intellekt baxımdan çox kasaddır. Bu səbəbdən, ciddi aparıcı və ya jurnalistlərlə hansısa ciddi mövzu ətrafında danışmaqdan həmişə yayınıb. Amma bir qədər əvvəl, yəni Prezidentin yanında məşhur görüşdən sonra adama özü səvviyyəsində olan kütlə tərəfindən o qədər "Halal olsun, malades!" deyildi ki, özünü bir qəhrəman, ziyalı, "El qızı" hiss etdi və bu emosiyaların ağuşunda da özünəvurğunluq maniyasına yoluxdu. Bu maniyanın sonrakı fəsadlarından danışacağıq. Hələliksə qayıdaq Afaqın məhşur görüşdəki "qəhrəmanlığı"na.

Uzun-uzadı da yazmaq olar, amma bir neçə cümləylə deyəcəm. Nə baş verdi o görüşdə? Belə götürəndə, qeyri-adi heç nə. Sadəcə, Afaq Bəşirqızıdan fərqli olaraq, həqiqətən də sənətkar olan, lakin savad və intellekt cəhətdən heç də ondan qabağa getməyən Zeynəb Xanlarova çıxışı zamanı "batırdı"; bunun fonunda isə sıradan bir çıxış edib, sıradan bir xahişdə bulunan Afaq Bəşirqızı parladı. Yəni sözümün canı ondadır ki, Zeynəb özünü "yandırmasaydı", Afaq orada "parlamayacaqdı".

Nə dedi ki, Afaq? Orada oturanların (Zeynəb xaric) hansı birindən üstün çıxış və ya xahiş elədi ki? Bəşirqızı artist və aktyorların maaşının artırılması xahişində bulundu, Prezident də elədi. Əvvəla, Afaq Bəşirqızına qədər də sənət adamlarının maaşları zaman-zaman artırılıb. Üzdə olanların hamısına fəxri ad və mənzil hədiyyə edilib. Bu, hamının bildiyi adi həqiqətdir. Dediyim odur ki, həmin görüşdə o, əslində heç bir qəhrəmanlıq etmədi, sadəcə, Zeynəb Xanlarovanın hesabına "qəhrəman"a çevrildi.

***

İndisə qayıdıram sözümün davamına. Kütlənin tərif yağışından sonra Bəşirqızında bir özünəvurğunluq baş qaldırdı. Ona elə gəldi ki, artıq hər kəsdən və hər şeydən danışmaq qabilliyətində püxtələşib. Buna görə də başladı öz "çəkisi" və "ölçüsünə" adekvat olmayan məsələlər barədə müsahibələr verməyə. Və gözlənildiyi kimi, elə ilk anındaca korladı. Xalqın ağır günündə özünü az qala "Tereza ana" kimi qələmə verən bu şəxs, qabağa düşüb, xeyriyyə aksiyaları keçirmək, digərlərinə nümunə olmaq əvəzinə, xalqın az qala 90%-ni təşkil edən əyalət adamını aşağıladı. Aradakı saxta qəhrəmanlıq pərdəsi götürüldü, mifik obraz alt-üst oldu. Afaq Bəşirqızı nə qədər istedadsız aktrisa olduğunu bir daha ortaya qoydu; ona görə ki, o, Söylüdür - həyatda da, səhnədə də. Və belələri heç vaxt Janna Dark ola bilməz.

Bu ilk büdrəməsindən sonra Afaq Bəşirqızı ibrət götürüb, nəticə çıxarmaq, "Məni düz anlamayıblar, elə demək istəməmişdim" deyib, üzrxahlıq etmək əvəzinə, "Dediklərimin üstündə dururam" söyləyərək, "Jurnalist fikirlərimin bəzisini təhrif edib, onu məhkəməyə verib, diz çökdürəcəyəm" deyərək, ədalı, yekəxana çıxışlar etdi. Və özünü "batırdı" - eynən Zeynəb kimi. Onun "batdax"ları üzərindən ucaldığı "zirvə"dən üzaşağı yerə yuvarlandı.

Amma "yıxılmaq ayıb deyil", Afaq xanım, ayıb olan, yıxılandan sonra ayağa dura bilməməkdir. Odur ki, gedin ARB-yə, çıxın efirə, üzr istəyin xalqdan, tamaşaçılardan. Sizə etimad göstərib, efirə bağlayan Elgizi və ARB kollektivini də unutmayın. Əks halda, bu xalqın yaddaşında elə Söyülü olaraq da qalacaqsınız. Qaba, kobud, hozu birisi olan Söylü kimi...

Teqlər: Afaq-Bəşirqızı