Naxçıvanda ötən ay 260 nəfər işlə təmin olunub

  07 Aprel 2020    Oxunub : 1508
Naxçıvanda ötən ay 260 nəfər işlə təmin olunub
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial–iqtisadi islahatlar nəticəsində əmək resurslarından səmərəli istifadə edilməsi, əhalinin məşğulluğunun təmin olunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin icrası mart ayında da davam etdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, muxtar respublikada əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramının icrası ilə əlaqədar ötən ay 260 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub. Onların 73-nü gənclər, 55-ni isə qadınlar təşkil edib. Həmçinin işlə təminolunanlardan 3-ü hərbi xidmətdən yeni tərxis olunan, 3-ü isə sağlamlıq imkanları məhdud şəxs olub. Mart ayında işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək üçün 23 nəfər müvəqqəti və mövsümi işlərə göndərilib, ünvanlı sosial yardımın alınması üçün rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət edən vətəndaşlardan 5-i münasib işlə təmin edilib.

Ay ərzində sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluqlarının təmin edilməsi məqsədilə 19 vətəndaşın hər birinə 1 baş yanıbalalı inək, 3 sakinin hər birinə isə 10 baş yanıbalalı qoyun verilib. Həmçinin Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Baytarlıq Xidmətinin və Dövlət Baş Sığorta Agentliyinin əməkdaşlarının iştirakı ilə Ordubad rayonunda özünüməşğulluq proqramına cəlb edilən sakinlərlə maarifləndirici görüş keçirilib, fərdi təsərrüfatlarını nümunəvi inkişaf etdirənlərlə bağlı həvəsləndirici tədbirlər görülüb.

Mart ayında aparılan monitorinqlər zamanı 12 obyektdə fərdi mühafizə vasitələrindən istifadə etməyən 18 işçi həmin vasitələrlə yerində təmin edilib, 4 işçi isə müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılıb.

Azvision.az

Teqlər: Naxçıvan   ƏƏSMN