Cəmi 23 il yaşasa da tarixə düşən insan

  05 Aprel 2020    Oxunub : 3145
Cəmi 23 il yaşasa da tarixə düşən insan
Bu gün Azərbaycanın görkəmli bəstəkarı Asəf Zeynallının doğum günüdür.
Azvision.az xəbər verir ki, Asəf Zeynallı 1909-cu ildə Dərbənddə dünyaya gəlib.

O, 1923-1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Üzeyir Hacıbəyovun sinfini bitirib. 1929-1931 illərdə A.Zeynallı türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləyib. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olublar.

Azərbaycan musiqi tarixində ilk romanslar A.Zeynallının adı ilə bağlıdır. A.Zeynallı, həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının “Sevil”, “Qayıdış”, X. Nəzirli və S. Rüstəmin “Alov”, A. Həmidin “Hind qızı”, V. Kirşonun “Küləklər şəhəri” əsərlərinə musiqi bəstələyib.“Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyub. A.Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota alıb.

Görkəmli bəstəkar 1932-ci ildə ağır xəstəlikdən vəfat edib. Bakı musiqi kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.

Azvision.az

Teqlər: Asəf-Zeynallı   Bəstəkar