Mədəniyyət Nazirliyi yeni layihəyə start verdi

Mədəniyyət Nazirliyi yeni layihəyə start verdi
  29 Mart 2020    Oxunub:5680
Hazırda ÜST tərəfindən COVID-19 xəstəliyinin pandemiya elan edilməsi, xəstəliyin dünya üzrə geniş̧ kütlə arasında yayılmasını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi rejimə keçilməsi il bağlı qərar qəbul edilmişdi. Bu baxımdan digər sahələrdə olduğu kimi mədəniyyətin online təbliği, insanlara evdə boş̧ vaxtlarını səmərəli təşkili üçün Mədəniyyət Nazirliyi “Yaradıcılığı evdə öyrən - özünü̈ kəşf et və bacarıqlarınla tanın” adlı yeni layihəyə start verib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, layihə insanlara yeni bacarıqları kəşf etməyə və özünə əminlik hisslərini gücləndirməyə imkan yaradacaqdır.

Bu məqsədlə Nazirliyin “YouTube” kanalından, “Facebook”, “Instagram” səhifələrində maksimum istifadə olunmaqla adıçəkilən layihə həyata keçirilməkdədir.

Artıq layihəyə müxtəlif yaradıcı şəxslər qoşulmuşdur. Belə ki, hər biri 30-45 saniyəlik #yaradıcılığıevdəöyrən layihəsinə qoşulmaqla bağlı çağırış̧ videoları, eyni zamanda, aşıq musiqisini və müxtəlif yaradıcı şəxslərin sahələri üzrə maarifləndirici, təlim videolarını artıq Mədəniyyət Nazirliyinin sosial şəbəkələrində görmək mümkündür.

Həmçinin layihə çərçivəsində televiziya kanallarından birində hər gün təlim xarakterli "Yaradıcılığı evdə öyrən" verilisinin təşkili nəzərdə tutulmuşdur. Daha geniş̧ tamaşaçı kütləsini məlumatlandırmaq üçün bu veriliş efirdə olduğu vaxt bütün sosial şəbəkələrdə canlı olaraq nümayiş ediləcəkdir.

Veriliş̧ sadə formatda - bir aparıcı və bir qonağın iştirakı ilə hər gün 30-45 dəqiqə təşkil edilməklə bərabər, müxtəlif növlər üzrə maarifləndirmə prosesinə həsr olunacaqdır. Verilişə dəvət olunacaq sahələrinin peşəkarları olan qonaqlar ilk günlərdə sahə üzrə ilkin bilik və bacarıqların təlimini aparacaq, növbəti günlərdə isə təlimin növbəti mərhələləri, master klaslar nümayiş olunacaqdır.

Veriliş çərçivəsində qısa rubrikanın təşkili və Azərbaycanın görkəmli mədəniyyət xadimləri barədə maraqlı faktlar təqdim edilməsi də nəzərdə tutulmuşdur.

Bu layihə həm də uşaq və yeniyetmələrin xüsusi marağına səbəb olacaqdır. Çünki hazırda bütün dərnək və kursların keçirilməsi dayandırılmışdır. Eyni zamanda, evdə vaxtlarının səmərəli keçməsi üçün valideynlər də övladları ilə birgə yeni bacarıqlar əldə edə və bu bacarıqlarını daha da təkmilləşdirə biləcəklər. Layihə zamanı bütün təhlükəsizlik, gigyenik qaydalara riayət edilməsi, nazirliyin aidiyyəti şöbələri ilə koordinasiya şəraitində həyata keçirilməsi nəzərə alınmışdır. Təşkilati məsələlər texnoloji imkanlardan (telefon, internet və s.) istifadə olunmaqla həll edilir.

Layihə çərçivəsində bu təlimlərdən əldə etdikləri bacarıqları videoya çəkərək "#yaradıcılığıevdəöyrən" həştəqi ilə paylaşan və nazirliyin rəsmi “Facebook” səhifəsini qeyd (tag) edənlərin ən çox bəyənilən ilk üç videonun sahiblərinə nümayiş etdirdikləri bacarıqlarına uyğun olaraq qiymətli hədiyyələr təqdim ediləcəkdir.

Azvision.az


Teqlər: Nazirlik  





Xəbər lenti