Mollanın koronavirus cavabları - Murad Köhnəqalanın yazısı

   Mollanın koronavirus cavabları -    Murad Köhnəqalanın yazısı
  25 Mart 2020    Oxunub:14506
Həmişə belə görmüşük, dindarlar özlərini, hətta, elmin cavab verə bilmədiyi sualların bilicisi kimi göstərməyi sevirlər. Ona görə istənilən söhbətdə elmi "neprav" çıxarıb, başına təsbeh vurmaq istəyirlər.
Mollalar dinlə idarə olunan İranın koronavirusa yoluxan ölkələr arasında liderlik etdiyini də kütlə qarşısında başqa cür yoza bilirlər. Ümumiyətlə, goplamağı yaxşı bacaran dindarlar bəşəri düşündürən istənilən ciddi suala cavab verə bilirlər.
Özündən demək olmasın, goplamağı mən dindarlardan da yaxşı bacarıram. Odur ki, son hadisələrlə bağlı ortaya çıxan istənilən suala dindarların yerinə cavab verə bilərəm. Başlanğıc üçün İranın bir ayətullahının yerinə bir neçə dini-qlobal suala cavab verəcəyəm. Bu tip sualları mənə siz də verə bilərsiniz. Çatdırsam hamısına cavab verəcəyəm. Düşünürəm ki, suallarınız boşboğazlıq üçün mənə geniş üfüqlər açacaq.
Getdik!

Sual: - Necə oldu ki, Allahın ən çox sevdiyi din adamlarının, ən çox ibadət edən insanların olduğu İranda da ölüm virusu yayıldı?

Cavab:
- Övlaaadım, İiiranda ibadət edən insanların hamısına iiiman əhli demək olmaz! Görürsən, birisi namaz qılır, ancaq fikri qazanc dalınca getdi, yaxud, siğəsiz qadın əldə etmək haqda düşündü. Ona görə, İiiranda da öləsi adamlar çoxdur. Allah böyükdür, belələrini asmaq üçün heç bizə əziyyət də vermək istəmir.

Sual: - Ağa, bəs, indiyə kimi bir neçə ayətullah da virusun qurbanı olub, bunu necə başa düşmək olar?

Cavab:
- Övlaaadım, allahın rəhmətilə mükafatlandırılan ayətullahlarımız qurban yox, şəhiddirlər. Onlar Əmrikanın bizə açdığı gizli müharibənin şəhidləridir! Həmin ayətullahlar, eynən müharibələrdə olduğu kimi, başqalarını ölümdən xilas etmək üçün sinəsini qabağa vermiş qəhrəmanlardır. Biz nə bilirik ki, onlar şəhid olmasaydı, nə qədər körpə uşaqların gənc anası rəhmətə gedə bilərdi? Allah minlərlə gənc ata və ananın yerinə bircə ayətullanın canını almaqla minlərlə uşağı yetimlikdən xilas edib. Özü də bunu ibadət zamanı allah onların özlərilə də razılaşdırır. Ayətullahlar ibadət zamanı allahla əlaqə yaradıb, söhbət edirlər və bu cür ölüm razılaşmaları onların özlərinin xahişi ilə olur. Ona görə, belə şəhidlərimiz allahın ən uca məqamında saxlanılır.

Sual:- Ağa, dünyada bu qorxulu virus yayıldıqdan sonra allahın ən uca, qiymətli evi olan Kəbə də bağlanıb. Necə düşünürsünüz, yəni, allah-təala öz sevimli evi olan Kəbəni bu virusdan qoruya bilməzdimi?

Cavab:
- Çox sağ ol, övlaadım, bu sualı hər bir adamın üzündən oxuyurdum, ama, soruşan adama rast gəlməmişdim. Ona görə sənə bir daha çox sağol deyirəm!
Övlaaadım, yadındadırmı, bir dəfə də danışmışdım sizə ki, bir gün Məhəmməd peyğəmbər rəsulillah Kəbənin başına dolanan ziyarətçilərə baxıb, yanındakı köməkçisindən soruşur ki, “Niyə bu il ziyarətçi bu qədər az gəlib?” Köməkçi də təccüblə soruşur, “Ya rəsulillah, bu qədər insan dolanır Kəbənin başına, niyə az deyirsən buna?” Onda rəsulillah deyir, “Ey həbəş qardaşım, bu qədər sürünün içində cəmi iki nəfər sidq-ürəkdən ziyarət edən görünür mənə”. Yəni, hər ziyarətə gedən də zəvvar deyil, övlaaadım. Kimsə Kəbəni öpüb ziyarət edir, biz hardan bilək o, hansı fikirlə bunu edir? İnsanın fikrini uzaqdan bilmək yalnız peyğəmbər əleyhissəlama verilmişdi.
İndi də elədir. Müqəddəs Kəbənin ziyarətinə hər kəs gedir, ancaq sidq-ürəkdən ziyarət edən çox azdır. Ona görə, allah-təala belə bir virus göndərdi ki, qoy, gedib, birinci Kəbəni yuyub təmizləsinlər. Çünki, bəd fikirlərlə, yanlış arzularla oranı ziyarət edən milyonlar Kəbəni zaman-zaman çirkləndirmişdi. Allah bu yolla öz evini dezinfeksiya elədi. Bunun nəyi pisdi ki? Düzdü, allah-təala bu işi gizlin də edə bilərdi, ancaq o halda insanların xəbəri olmayacaqdı ki, Kəbə nə qədər müqəddəsdir! Yəni, Kəbə bütün dünyanın gözü qarşısında təmizlənməli idi ki, hamı buranın müqəddəs bir yer olduğuna əmin olsun.
Başqa kimin sualı var?

Murad Köhnəqala
Yazıçı, şair
Xüsusi olaraq
Azvision.az üçün



Teqlər:





Xəbər lenti