“Azərbaycanda dolların ucuzlaşması gözlənilmir” - RƏY

   “Azərbaycanda dolların ucuzlaşması gözlənilmir” -    RƏY
  16 Mart 2020    Oxunub:5627
“ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini azaltması gözlənilən idi. FES koronavirusun ABŞ-a və ölkə iqtisadiyyatına təsirlərini minimuma endirməyə çalışır. Çünki koronavirus ABŞ dollarının möhkəmlənməsinə gətirib çıxara bilərdi”
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, FES dolların digər valyutalara nisbətən mövcud məzənnənisini qoruyub saxlamağa çalışır.

“FES-in uçot dərəcəsini azaltması inkişaf etməkdə olan valyutaların möhkəmlənməsi anlamına gəlmir. FES-in bu qərarından sonra dolların kəskin ucuzlaşması gözlənilmir. Çünki güman olunur ki, digər ölkələr də oxşar addımlar atacaq. Avropa Mərkəzi Bankı və digər ölkələrin mərkəzi bankları uyğun addım atmaq niyyətindədir. Bu baxımdan dünya bazarında dolların kəskin ucuzlaşması gözlənilmir”.



V.Bayramov qeyd edib ki, inkişaf etməkdə olan ölkələr kimi FES-in uçot dərəcəsini azaltmasının Azərbaycan valyuta bazarına təsirlərinin olacağı gözlənilmir.

"Adətən uçot dərəcəsini artıranda inkişaf etməkdə olan ölkələrin milli valyutalarına müəyyən təsir ola bilər. Uçot dərəcəsini azaltması dolların zəiflənməsi anlamına gəlməməlidir. Dolların avro və digər valyutalara nisbətən məzənnəsində cüzi dəyişiklər ola bilər. Azərbaycanda bu qərardan sonra dolların ucuzlaşması gözlənilmir”.

Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsini 0-0,25 faizə qədər endirilib. FES-in uçot dərəcəsini azaltması koronavirusun iqtisadi təsiri ilə əlaqələndirilir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Dollar   Ekspert   Vüqar-Bayramov  





Xəbər lenti