Sumqayıt Teatrı premyeraya hazırlaşır

Sumqayıt Teatrı premyeraya hazırlaşır
  06 Mart 2020    Oxunub:2583
Sumqayıt Teatrı yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povesti əsasında eyniadlı ikihissəli tamaşa hazırlayıb.
Azvision.az xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov bildirib ki, Prezident İlham Əliyev yola saldığımız 2019-cu ildə yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin 150 illiyinin keçirilməsi barədə müvafiq Sərəncam imzalayıb. Sözügedən Sərəncama uyğun olaraq ölkəmizin bütün dövlət teatrlarında və mədəniyyət müəssisələrində görkəmli ədibin əsərlərinə müraciət edilir və pyeslərinə yeni quruluşlar verilir.

“Biz də öz növbəmizdə ədibin yubileyinə töhfə olaraq Mirzə Cəlil yaradıcılığına müraciət edərək, görkəmli dramaturqun “Danabaş kəndinin əhvalatları” povesti əsasında eyniadlı iki hissəli tamaşa hazırlamışıq. Yeni səhnə əsəri martın ilk həftəsonu teatrsevərlərin ixtiyarına veriləcək”, - deyən teatrın direktoru bildirib ki, əsər XIX əsrin sonlarındakı Azərbaycan kəndinin feodal-patriarxal mühitini, zülm və özbaşınalığı, xurafatı bütün dolğunluğu ilə əks etdirir.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədov, quruluşçu rəssamları Elşən Sərxanoğlu və Şahin Hüseynlidir. Baş rollarda Əməkdar artistlər İlahə Səfərova və Mövsüm Hüseynov çıxış edirlər. Həmçinin tamaşada teatr truppasının istedadlı aktyorları da yer alıb.

Azvision.az


Teqlər: Teatr  





Xəbər lenti