“Mən digər qadınlardan fərqliyəm” - Səkinə İsmayılova ilə ad günü söhbəti

  “Mən digər qadınlardan fərqliyəm”  - Səkinə İsmayılova ilə ad günü söhbəti
  24 Fevral 2020    Oxunub:16702
“Mənim üçün üzümün qırışları da çox dəyərlidir”

Bu gün Xalq artisti Səkinə İsmayılovanın doğum günüdür. 64 yaşını qeyd edən tanınmış muğam ifaçısı ad günü ilə bağlı təəssüratlarını Azvision.az -la bölüşüb.
- Səkinə xanım, kişilər haqqında “yaş kişinin var-dövlətidir” deyirlər. Qadınlarda isə bu bir az fərqlidir. Onlar adətən yaşlanmaqdan qorxurlar.

- Mən digər qadınlardan fərqliyəm. Yaşımla fəxr edirəm. Yaşa dolmaq həyatı yaşamaq, sevmək, sevilmək deməkdir. Yaşa dolmaq Allahın sənə bəxş etdiyi gündür. Hamı yaşa dola bilmir. Bu tanrının sənə verdiyi bir nemətdir. Mənə bəxş olunan ömür varidatdır, dövlətdir. Allah kimə nəyi bəxş edirsə, o nemətdir, kimə nəyisə bəxş etmirsə, o hikmətdir. Buna görə də hər şeyə şükür edirəm və yaşımı, həyatı çox sevirəm.

- Zaman qadın gözəlliyinin oğrusudur. Bu, yeni yaşınızda sizi qorxutmur ki?

- Yox, məndə elə bir qorxu yoxdur. Yeganə istəyim sağlam olmağımdır. Gözəllik, görünüş məsələlərində təbiliyə üstünlük verirəm. Hətta ərk etdiyim xanımlara deyirəm ki, üzünüzə kənar müdaxilələr etməyin. Biz qadınlar Allahın yaratdığı rəsm əsərləriyik. Hansı rəssamın xoşuna gələr ki, onun əsərlərinə müdaxilə edəsən. Təbii yaşlanmaq, qocalmaq istəyirəm. Bunda bir nur var. Mənim üçün üzümün qırışları da çox dəyərlidir.



- Bəs keçmişə səfər etsəniz, həyatınızın hansı illərinə boylanmaq istərdiniz?

- Mənim bir xüsusiyyətim var, heç bir il üçün xiffət çəkmərəm və heç bir şey üçün də təəssüf etmərəm. Çünki həyat budur. Biz bilmədiyimiz kitabı vərəqləyirik və oxuyandan sonra bilirik ki, orada nə yazılıb. Ömür də elədir. Səhər başımıza nə gələcəyini bilmirik. Onu yaşayırıq. Deməli, belə olmalıdır. Səhvi ilə düzü ilə ancaq gələcəyə baxmaq lazımdır. Sən keçmişdə səhv etmisənsə, gələcəkdə onu təkrar etmə.

- Bu gün özünüzlə baş-başa qalanda haqqınızda hansı fikirlər ürəyinizdən keçdi?

- Əlimi göyə qaldırıb dedim: “Allah, çox şükür ki, bu günü mənə sağlam nəsib etdin”. Sonra da özümə çay hazırladım. Ailəm, sevdiklərim məni təbrik etdilər. Əhatəmdə oldular. Yuxudan duran kimi şirni ilə ağzımı dada gətirdilər. Bundan gözəl nə ola bilər ki?!

- Bu gün sizi necə təbrik etsələr və ya nə hədiyyə etsələr ürəyinizin sarı simini tərpədər?

- Hər kəsin adi bir təbriki mənim üçün diqqət və sevgidir. Hədiyyə də öz yerində.



- Nəvələriniz sizi necə təbrik etdilər?

- Bir nəvəm var, adı Səkinədir. Neçə gündür doğum günümə hazırlaşır. Axşam ailəmlə bir süfrə arxasına yığışacağıq. Nəvəm deyir ki, məni 3 dildə təbrik edəcək.

- Qolunuzu çirmələyib, bir azərbaycanlı xanımı kimi qonaqlara süfrə açacaqsınız?

- Bu gün evdə heç nə bişirməyəcəm. Mənə icazə də vermirlər. Şəhərdə gözəl məkanlardan birində yığışacağıq. Əvəllər çox süfrə açmışam, yeməklər hazırlamışam. İndi məni əziyyətə salmırlar.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Xalq-artisti   Muğam  





Xəbər lenti