Prezidentin İtaliya səfərinin iqtisadi əhəmiyyəti - Ekspert şərh edir

  24 Fevral 2020    Oxunub : 2660
 Prezidentin İtaliya səfərinin iqtisadi əhəmiyyəti - Ekspert şərh edir
Prezident İlham Əliyevin İtaliyaya səfərindən sonra bu ölkənin iş adamlarının Azərbaycanın qeyri-neft sektoruna daha aktiv şəkildə sərmayə qoymasını, eləcə də Azərbaycan iş adamlarının öz qeyri-neft məhsullarını İtaliya bazarına daha böyük həcmdə ixrac etməsini müşahidə edə biləcəyik.
Bunu Azvision.az -a iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, İtaliya Azərbaycanın əsas tərəfdaşlarından biridir.

“Son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin həcmində artımlar var. 3 il öncə bu rəqəm 4,7 milayrd dollar idi. Hazırda Azərbaycan-İtaliya arasında ümumi ticarət dövriyyəsi 6.2 milyard dollardır. Bu, Azərbaycanın ümumi ticarət dövriyyəsinin beşdə birini təşkil edir. Enerji sektorunda Azərbaycan-İtaliya arasında strateji tərəfdaşlıq var. Azərbaycan öz xam neftini əsasən İtaliya bazarına çıxarır. Azərbaycan üçün vacib olan Bakı-Tiblisi-Ceyhan kəmərində İtaliya Azərbaycanın əsas tərəfdaşıdır və tərəfdaşı olaraq qalır. Eyni zamanda, ilin sonunda istifadəyə veriləcək Cənub Qaz Dəhlizinin əsas elementlərindən biri olan TAP kəmərində də İtaliya Azərbaycanın əsas tərəfdaşı olacaq. Birinci mərhələdə Azərbaycan Avropa bazarına il ərzində 10 milyard kubmetr mavi qaz nəql edəcək. İkinci mərhələdə bu rəqəm yüksələcək. İtaliya Azəraycanın Avropada əsas mavi qaz alan ölkəsi olacaq. Ona görə də enerji sektorunda əməkdaşlıq növbəti mərhələdə davam edəcək”.

V.Bayramov bildirib ki, Prezident İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasında strateji münasibətlərin inkişafı baxımından əhəmiyyətli olub: “Nəzərə alsaq ki, bu dövlət səfəri idi. Dövlət səfəri bütövlükdə iki ölkə arasında səfərlər konteksində ən yüksək səfər kimi qiymətləndirilir. Səfər zamanı 25-ə yaxın müqavilə imzalandı, onların böyük qismi iqtisadi anlaşmalardır. Bu baxımdan Prezident İlham Əliyevin İtaliyaya səfəri və İtalyada həm rəsmilərlə, həm də iş adamları ilə görüşləri, imzalanan müqavilələr onu deməyə əsas verir ki, məhz bu səfərdən sonra iki ölkə arasında münasibətlər enerji və qeyri-enerji sektoruna transfer olunacaq. Güman olunur ki, tərəflər qeyri-neft sektorunda daha sıx əməkdaşlıq edə biləcəklər. Enerji sektorunda Azərbaycan-İtaliya birgə sərmayəsi 10 milyard dollara yaxındır, amma qeyri-neft sektorunda bu, 700 milyon dollar həcmində dəyişir. Azərbaycan iş adamlarının İtaliyanın daşınmaz əmlakı daxil olmaqla bir sıra layihələrində 1,7 milyard dollarlıq investisiyası var. Ehtimal olunur ki, bu səfər İtaliyadan sərmayənin cəlb edilməsinə də müsbət təsir göstərəcək”.

Ekspertin sözlərinə görə, yaxın zamanlarda qeyri-neft sektoru üçün İtaliyadan daha çox sərmayənin cəlb edilməsini müşahidə edə biləcəyik.

“Bu, həm də texnologiyanın, qeyri-neft sektorunun Azərbaycana transferi baxmından vacibdir. Enerji sektorunda olan əməkdaşlıq ölkə başçısının İtaliyaya səfəri və orada keçirilən görüşlər, imzalanan müqavilələr nəticəsində artıq qeyri-neft sektoruna transfer ediləcək”.

Qeyd edək ki, ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada dövlət səfərində olub. Ölkə başçısı Romada İtaliya Prezidenti Sercio Mattarella, Baş Nazir Cüzeppe Konte və digər rəsmi şəxslərlə önəmli görüşlər keçirib.

Aytən Zəhra
Azvision.az

Teqlər: İtaliya   Vüqar-Bayramov