“Ötən il 55,2 min unsiya qızıl istehsal edilib” - Zakir İbrahimov

 “Ötən il 55,2 min unsiya qızıl istehsal edilib” -    Zakir İbrahimov
  24 Fevral 2020    Oxunub:2980
"2019-cu ildə tam gücümüzlə çalışaraq maksimal nailiyyətlər əldə etmişik. Hasilat, ixrac, geoloji kəşfiyyat və digər sahələrdə işlər plana uyğun, bəzi sahələr üzrə plandan daha artıq yerinə yetirilib. Rəqəmlərlə ifadə etsək, ötən ildə 2018-ci il ilə müqayisədə qızıl hasilatında 21.3%, gümüş hasilatında isə 33.2 % artım qeydə alınıb".
Azvision.az xəbər verir ki, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən mətbuat konfransında deyib.

Sədr bildirib ki, 2019-cu ildə 50 min unsiya qızılın istehsalı nəzərdə tutulsa da, ilin yekununda 10.4 % artıq olmaqla 55,2 min unsiya qızıl istehsal edilib:

"Eyni şəkildə, il ərzində 87,4 min unsiya gümüşün istehsalı planlaşdırılıb, halbuki faktiki 17.9% artıq olmaqla 103 min unsiya gümüşün istahsalına nail olunub. Məlumat üçün bildirim ki, 2019-cu ilin hasilat rəqəmləri Çovdar mədəninin fəaliyyəti dövründə qeydə alınan rekord göstəricidir. Ötən ilki ixrac əməliyyatlarımız da çox uğurlu olub. 2019-cu ildə 59,2 min unsiya qızıl, 110,9 min unsiya gümüş satılıb. Qızılın satışından 141,9 milyon manat, gümüşün satışından isə 3 milyon manatdan çox gəlir əldə edilib və ümumilikdə ölkə iqtisadiyyatına 145 milyon manat məbləğində vəsait daxil olub. Ümumi gəliri ötənilki göstəricilərlə müqayisə etsək, qızılın satışında 33%, gümüşün satışında isə 47% artım qeydə alınıb".

Z.İbrahimov qeyd edib ki, 2020-ci il üçün qızıl və gümüşün satışına dair hədəf 55,2 min unsiya qızıl və 103,7 min unsiya gümüşdür:

"AzerGold” QSC-nin hasilat və satış göstəricilərində olduğu kimi 2019-cu ildə bütün növ vergi ödənişlərində də artım qeydə alınıb. Belə ki, ötən il dövlət büdcəsinə ümumilikdə 13 487 739 AZN vəsait ödənilib. 2018-ci ildə isə bu məbləğ 12 644 465 AZN təşkil edib. 2019-cu ildə büdcə ödənişləri öncəki illə müqayisədə 843 274 AZN, yəni 6,7 % artıb. Hasil edilən metalların dünya bazarlarında ixracı ilə yanaşı ölkənin qızıl ehtiyatlarının Azərbaycan qızılı hesabına da formalaşması işinin təşkili istiqamətində Cəmiyyət tərəfindən hasil olunan qızılın Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən alışı təşkil edilib. 2019-cu ildə 57 min unsiya saf qızıl ARDNF-ə satışı həyata keçirilib. Qeyd edək ki, bu satışın ümumi həcminin 95%-i təşkil edir".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Zakir-İbrahimov   Qızıl  





Xəbər lenti