Struktur islahatları işçilərin ixtisarına səbəb olmayacaq - “Azəriqaz”

  21 Fevral 2020    Oxunub : 1775
Struktur islahatları işçilərin ixtisarına səbəb olmayacaq - “Azəriqaz”
Son vaxtlar “Azəriqaz” İstehsalat Birliyi abonent məmnuniyyəti qazanmaq, onlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün bir çox addımlar atır.
"Azəriqaz" İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, xüsusən də müştəri xidmətləri sahəsində şəffaflığın və operativliyin təmin olunması üçün müvafiq işlər görülür. Lakin bu prosesin daha da genişlənməsinə, Prezident İlham Əliyevin ölkədə apardığı islahatlara uyğun hədəflərin düzgün seçilməsinə, yeni çağırışlara cavab verən struktur islahatlarına ehtiyac yaranıb. Ölkədə kommunal xidmətlər sektorunda xüsusi yeri olan və 2 milyon 300 minə yaxın abonenti əhatə edən “Azəriqaz” İstehsalat Birliyi ölkə başçısının qarşıya qoyduğu tapşırıqları qüsursuz yerinə yetirmək üçün strukturunda müəyyən dəyişiklik edib.

Fevralın 20-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin imzaladığı əmrlə struktur islahatı aparılıb. Belə ki, Bakı Regional Qazın Satışı Departamenti, Bakı Regional qaz ölçü qurğularına Xidmət Departamenti və Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi birləşdirilməklə onların bazasında Bakı Regional Qazın Satışı Departamenti yenidən formalaşdırılıb. Bu məqsədlə Birliyin idarəetmə aparatına daxil olan 100-ə yaxın aşağı dərəcəli işçilərin ştatı bağlanaraq yeni Departamentə köçürüləcəklər. Lakin onların – xüsusən də mühəndis heyətinin struktur islahatları zamanı əmək haqlarında hər hansı azalma baş verməyəcək, əksinə bəzi əməkdaşların məvaciblərində artım qeydə alınacaq. Ümumilikdə isə struktur islahatları işçilərin ixtisarına səbəb olmayacaq.

Qeyd edək ki, aparılan struktur islahatı ilk növbədə abonentlərin rahatlığı və məmnuniyyəti üçün həyata keçirilir. Belə ki, bugünədək abonentlər haqlı olaraq bəzi xidmətlərdən istifadə zamanı narazılıqlarını bildirirdilər. Artıq yeni struktur islahatı hər bir abonentə bir neçə xidməti bir yerdə və bir məsul şəxsdən qəbul etməyə imkan verəcək.

Azvision.az

Teqlər: Azəriqaz