İdlib düyünü: Türkiyə mürəkkəb vəziyyətdən necə çıxacaq? – TƏHLİL

      İdlib düyünü:    Türkiyə mürəkkəb vəziyyətdən necə çıxacaq? –    TƏHLİL
  19 Fevral 2020    Oxunub:4872
Türkiyə iddia edir ki, onun başının Liviyaya və Aralıq dənizinın şərqindəki proseslərə qarışmasından istifadə edən müttəfiqi Rusiya İdlibdə hegemonluğunu bərqərar etməyə çalışıb. O zaman belə bir sual yaranır: son hadisələr Türkiyə-Rusiya ittifaqının sonu ola bilərmi? İdlibdəki hadisələrin arxasında əslində kim dayanır? Doğurdanmı, ABŞ istədiyinə nail oldu və müttəfiqi Türkiyəni Rusiyadan qopara bilər?!
Hər şey Əsədə bağlı qüvvələrin Türk əsgərinə atəş açmasından başladı. Türkiyə isə qarşılığında Suriya ordusunun 101 hərbçisinin və xeyli silahlarının məhv edildiyini bildirdi. ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin Ankaraya səfər edərək, Türkiyəyə Rusiya və Əsədlə mübarizədə hər cür dəstək verməyə hazır olması da diqqətçəkəndir. Rusiyanın türk əsgərlərinin hərəkət marşrutunu bilmədiyinə Ərdoğan inanmır. Suriyada kosmik kəşfiyyat aparmaq gücü olan dövlətin bunu bilməməsi doğurdan da, təəccüblüdür. Bu proseslərin arxasında İsrailin dayanması versiyası son günlərdə xüsusən tez-tez səsləndirilir. Putinin Netanyahu ilə intensiv görüşləri və Suriyanın gələcəyini müzakirə etməsi diqqəti İsrailin üzərinə yönəldir. Hətta İsrailin Rusiya ilə Ukrayna, şəxsən Zelenski arasında münasibətləri düzəltməyə çalışdığı da sirr deyil. Buna qarşılıq olaraq Ərdoğan da bu yaxınlarda Ukraynaya gedib, yəhudi mənşəli Zelenski ilə görüşdü və Mustafa Cəmilovla görüşü protokola daxil etməklə Krım məsələsində türklərin Rusiyanın deyil, Ukraynanın yanında olmasını ona xatırlatdı.

Lakin Putinlə Netanyahunu başqa səbəblər də bağlayır. İsrail və Rusiya kimi dünya siyasətinə təsir edən ölkələrin rəhbərlərinin görüşü, şübhəsiz ki, bir sıra mühüm məsələlər ətrafında məsləhətləşmələri əhatə edib. Bura Yaxın Şərq, İran, Aralıq dənizində, Kipr adası yaxınlığında milyardlarla kubmetr qaz ehtiyatlarının istismarı və nəqli marşrutlarından tutmuş, ABŞ-Rusiya münasibətləri, Rusiyanın “Böyük Səkkizliy”ə qayıtmasınadək bir çox mövzuları aid etmək olar.

Netanyahunun Rusiya səfərlərində əsas məqsədlərdən biri İsraildəki parlament seçkiləri ilə əlaqədar Putinin dəstəyini almaq idi. Benyamin Netanyahu və Aviqdor Liberman Knessetə keçirilən seçkilərdə qalib gəlmək üçün keçmiş SSRİ-dən olan rusdilli yəhudilərin səslərini qazanmaq uğrunda mübarizəyə başlamışdılar. "Le Figaro" qəzeti yazırdı ki, Hayfaya gedən avtomagistral üzərində Putin və Netanyahunun birlikdə böyük plakatı asılıb və Netanyahu bununla 270 min əhalisindən 70 min nəfəri rusdilli keçmiş sovet mühaciri olan şəhər əhalisinin rəğbətini qazanmağa müvəffəq olmağa çalışır. Soçiyə gəlib Putinlə görüşməkdə yəhudi dövləti başçısının məqsədi Putindən seçkidə ona qalib gəlməyə yardım xahişi ilə bağlı idi. Netanyahu seçicilərin rəğbətini qazanmaq üçün Putinlə yaxın münasinətinin olması amilindən yararlanmağa çalışırdı və qeyd etdiyimiz kimi, bu məqsədlə Ukrayna prezidenti Vladimir Zelenski ilə də görüşüb. İsraildə Rusiya ilə yanaşı Ukraynadan da mühacirət etmiş çoxlu sayda rusdilli yəhudi yaşayır.

İsraildəki seçkilərdə Netanyahunun "Likud" partiyası ilə Libermanın "Bizim ev İsrail" partiyası arasında həlledici mübarizə hökumətin formalaşmasının taleyini həll etməli idi. Moldovadan olan Libermana rusdilli yəhudi mühacirlərin rəğbətini nəzərə alan Netanyahu rəqibini zərərsizləşdirmək üçün Soçidə Putinə seçkidə ona yardım etməsi xahişi ilə müraciət etmişdi, çünki yəhudilər arasında nüfuzu olan Putinin mövqeyi seçkilərə təsirsiz ötüşə bilməzdi. Belə olan halda İsrailin hazırda Suriya və Livan cəbhəsində, eləcə də Şərqi Aralıq dənizi məsələsində düşmən münasibətində olduğu Ərdoğanı deyil, Putini dəstəkləməsi təbiidir.

Əslində, Türkiyə də Rusiya-İsrail diplomatik təmaslarına cavabsız qalmayıb. Ərdoğan və Tramp arasında Vaşinqton görüşündə razılaşmalar əldə ediləcəyi təqdirdə Yaxın Şərqdə çox həlledici dönüş nöqtəsi ola bilərdi. Lakin ən vacib bir məsələ Yaxın Şərq neftinin taleyi məsələsidir. “Barış pınarı” əməliyyatı başlayanda Tramp ABŞ-ın Suriyadan çəkildiyini, lakin neft quyularının Vaşinqtonun nəzarətində olduğunu yazmışdı. Məlumatlara görə, YPG/PYD Suriya neftinin İsrailin "Global Development Corporation" şirkəti tərəfindən istismarına dair razılaşma imzalayıb. Suriya nefti kürdlərin vasitəsilə artıq İsrailin istifadəsinə verilib. Türkiyənin hərbi əməliyyatlarına cavab olaraq, yəhudi lobbisinin Konqresin Nümayəndələr Palatasında saxta erməni soyqırımı iddiasının tanınmasına dair qanun layihəsini qəbul etməsi də bununla bağlı idi. Konqresdəki və ümumiyyətlə, ABŞ siyasi isteblişmentinə təsir imkanları olan yəhudi lobbisinin Türkiyəyə qarşı addımları ilk növbədə bu amillə bağlıdır. Konqresdə bu məsələni müzakirəyə çıxarmaqla yəhudi lobbisi Ərdoğan-Tramp görüşündə ABŞ prezidentinin mövqeyini möhkəmlədərək, Trampın İsrailin neft maraqlarının təmini üçün Türkiyədən güzəşt qoparmağa nail olunmasına çalışırdı.

Məlumatlara görə, 2015-2017-ci illərdə kürd terrorçuları Suriyada Rakka, Deyr əz-Zor, əl-Haseki və s. ərazilərdə ümumilikdə 11 nəhəng neft-qaz bölgəsini ələ keçirərək, onların istismarına dair İsrail şirkətlərilə razılaşmaya gəlmişdilər. İsrail şirkətilə müqavilə Suriya Demokratik Şurası deyilən kürdlərin terror təşkilatı adından imzalanıb və ABŞ Maliyyə Nazirliyinin xaricdəki aktivlərə dəstək hüququ sənəddə əks olunub. İsrailin “İsrael Hayom” və ABŞ-ın “Los Angeles Times” qəzetlərində sözügedən şirkətin prezident Trampın razılığını gözlədiyi qeyd olunurdu. Yəqin ki, ABŞ və Ərdoğan arasında bu məsələ əsas müzakirə mövzularındandır.



Suriyada əməliyyatların bərpasına Trampın ən azı sükutla dəstəyini təmin etməsi Vaşinqton görüşündə Ərdoğanın qarşısında duran əsas hədəflərdən biri idi. Uzun müddətdir ki, ABŞ Konqresi kürdlərə qarşı hərbi əməliyyatlarına görə Türkiyəyə geniş sanksiyaların tətbiq edilə biləcəyi ilə hədələyirdi. Həmin sanksiyaların bəzisi Ərdoğanın özünü hədəf alır. Bu hədələr dayanacağı halda ABŞ və Türkiyə arasında müsbət nəticələrindən danışmaq mümkün idi və Suriya cəbhəsində baş verənlər göstərir ki, Türkiyə müəyyən qədər ABŞ-ın dəstəyini qazana bilib, hərçənd, bu, təbii olaraq Rusiyadan uzaqlaşma bahasına başa gəlir. Pompeonun Belarusa, Mərkəzi Asiyaya səfəri, Ərdoğanın Ukraynaya getməsi, türk hərbçilərinin öldürülməsi və s. aralarında qarşılıqlı əlaqə olan zəncirin ayrı-ayrı hissələridir. 2020-ci ildə Qərb ilə Rusiya arasında qarşıdurmaların yüksələn xəttlə inkişafı gözlənilir və burada MDB məkanındakı türkdilli dövlətlərin də payı var, onlar öz üzərində ABŞ, Rusiya və Türkiyənin təsirini hiss edirlər. Suriyada Rusiya və Türkiyə arasında vəziyyət gərginləşdiyi zaman Pompeonun Qazaxıstan və Özbəkistan səfəri, Çini uyğur türklərinə qarşı qəddar davranmaqda ittiham etməsi, Bakıda Türkdilli dövlətlərin əməkdaşlıq şurasının XİN başçılarının növbədənkənar iclasının çağrılması, Ərdoğanın Ukraynaya səfəri İdlibdə rus-türk qarşıdurmasının Suriya sərhədlərində qalmadığını göstərir.

Bununla belə, İdlibdəki atışmanın Ərdoğanla Putin arasında diplomatik demarşlardan o tərəfə keçəcəyi inandırıcı deyil. Ərdoğan şəxsən bəyan edib ki, o, Əsədin İdlibdə möhkəmlənməsinə imkan verməyəcək. Lakin Rusiya ilə ciddi fikir ayrılığına da gedilməyəcək, çünki nəhəng layihələr var və onları yarımçıq qoymaq olmaz. Bundan başqa, Türkiyə hazırda Liviya məsələsi gündəmdə olduğu üçün iki cəbhədə döyüşmək istəməyəcək və Rusiya ilə Şimali Afrikada qarşı-qarşıya gəlmək tərəflərin heç birinə lazım deyil.

Türkiyə və Rusiya bir-birini İdlibə dair öhdəliklərə əməl etməməkdə ittiham edirlər. Məsələn, Lavrov Türkiyəyə bağlı yüzlərlə döyüşçünün İdlibdən Liviya cəbhəsinə aparıldığını qeyd edib. Hər halda, qarşılıqlı ittihamlara baxmayaraq, Türkiyə və Rusiya Suriyada etibarlı müttəfiq olaraq qalırlar. Bunu ABŞ və Avropa Birliyinin Ankaranı bir NATO ölkəsi olaraq İdlibdə dəstəkləyəcəyinə bayanatına cavab olaraq, Çavuşoğlunun sözləri də təsdiq edir: "Onlar indiyədək bu cür bəyanatlar çox veriblər, amma Almaniyadan başqa heç biri qaçqınlar məsələsində belə, hər hansı addım atmayıblar".

İdlibdə deeskalasiya zonasının yaradılmasına dair üç il əvvəlki Rusiya-Türkiyə anlaşması Əsəd qüvvələrinin hücumu ilə sarsıldı və Ərdoğan "Astana prosesi artıq yoxdur!" dedi, lakin bunun Suriyada Türkiyə və Rusiya ittifaqını tamamilə aradan qaldıracağına inanmaq sadəlövhlük olardı. Putin Əsədə dəstək verərək, bunu oradakı qiyamçıların tərksilah edilməsi üçün Ankaranın heç bir şey etməməsi ilə əsaslandırıb. Rusiya həmin cihadçıları "Əl-qaidə"yə bağlı terrorçu hesab edir. Bununla yanaşı, Putin Suriyanın şimalında kürd muxtar vilayətinin yaradılmasına qarşı gedərək, Ankaranın maraqlarına uyğun mövqedən çıxış edir. Hər halda, Afrin və Fəratın şərqinə türk qoşunlarının yeridilməsi Kremlin razılığı olmadan mümkün olmazdı.

Lakin Ərdoğan İdlibdə zəif duruma düşüb və bu, onun xarakteri üçün qəbuledilməzdir. Ərdoğanın Suriyada 30 min xarici cihadçının yerləşməsinə kömək etməsi iddiası və Əsədin devriləcəyinə ümid etməsi onun Suriyada iki ən böyük səhvi kimi göstərilir. Üstəlik, cihadçıların bir hissəsinin Liviyaya aparılması narazılığı artırıb. Suriya rejimi, kürdlər və İŞİD-lə düşmən olduqdan sonra, müttəfiq Rusiyanın dəstəyinin itirilməsi Türkiyəni çətin duruma sala bilər. Bunu dərk edərək, Türkiyə yəqin ki, düşmən cəbhədəki qüvvələrdən biri ilə razılığa gəlməyə çalışacaq. Bu, hər halda, yəqin ki, Əsəd olacaq. Türkiyə kəşfiyyat şefinin Suriyadan olan həmkarı ilə bu yaxınlarda baş tutan görüşü bunu sübut edir.

Lakin Türkiyənin ən böyük düşməni heç də Əsəd və Netanyahu deyil, "Müsəlman qardaşları”nı devirmiş əl-Sisi rejimidir. Öz əqidəsinə yaxın olaraq Mursini dəstəklənməsi, son nəticədə isə onun devrilməsi Türkiyənin Orta Şərq siyasətini zəiflətdi, lakin onu regiondan sıxışdırıb çıxarmadı, çünki Türkiyə əsrlərdir həmin coğrafiyada əsas söz sahibidir.

Nəzakət Məmmədova



Teqlər: İdlib   Suriya   Türkiyə   Rusiya  





Xəbər lenti