“Rüsumların çox olması qaçaqmalçılığa şərait yaradır” - DGK sədri

  18 Fevral 2020    Oxunub : 1772
 “Rüsumların çox olması qaçaqmalçılığa şərait yaradır” - DGK sədri
"Hər birimiz ölkədə zərgərliklə bağlı problemin nə qədər ciddi olduğunu bilirik. Kölgə iqtisadiyyatı ilə mübarizəni vahid komanda şəklində aparsaq, leqal fəaliyyət göstərən sahibkarların gələcək inkişafı qaçılmaz olacaq".
Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla keçirilən görüşdə deyib.

DGK sədrinin sözlərinə görə, rəqəmlərə və statistik göstəricilərə nəzər salanda, bu sahədə vəziyyətin ürəkaçan olmadığı görünür.

"Ağır vergilərin qoyulması, tariflərin tətbiq olunması, idxal-ixrac əməliyyatlarında verginin qaldırılması ilə bunu tənzimləmək mümkün deyil. Bunun yolu müzakirə, gələcəyə yönəlik təkliflərin dəyərləndirilərək sektorun inkişafına səbəb olmaq, qaçaqmalçılıqla bağlı birgə mübarizə aparmaq və sahibkarlara münbit şəraitin yaradılmasını təmin etməkdir. Dövlət və özəl sektor birgə tədbir görməsə, hansısa verginin azaltması və ya qaldırılmasından asılı olmayaraq, bazarın inkişaf etdirilməsi mümkün deyil".

S.Mehdiyev qeyd edib ki, qanunvericilikdə idxal əməliyyatları üzrə vergi və rüsumların həddən artıq çox olması leqal fəaliyyət göstərən şirkətin qaçaqmalçılıq yolu ilə malları gətirilməsinə şərait yaradır. "Bu, bizim mübarizəmizi çətinləşdirir. İstər regional, istərsə də daxildə istehsalın qorunması üçün qanunvericiliyə yenidən baxılmalıdır. Həm emal, həm idxalda şəffaflığın təmin olunmasında sahibkarların yanındayıq".

Aytən Zəhra
Azvision.az

Teqlər: DGK   Səfər-Mehdiyev   Gömrük