“Güzəştlər o şəxslərə ediləcək ki, şəffaf fəaliyyət göstərəcək” - Nazir

  18 Fevral 2020    Oxunub : 2023
 “Güzəştlər o şəxslərə ediləcək ki, şəffaf fəaliyyət göstərəcək” - Nazir
Ölkəmizdə qızıl sənayesinin inkişaf etdirilməsi perspektivlərini müzakirə edərkən problemlərə də nəzər salmalıyıq. İqtisadiyyatın şaxələndirməsinin mühüm hissəsi dağ-mədən sənayesinin inkişafıdır.
Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov sahibkarlarla görüşündə deyib. Onun sözlərinə görə, son illərdə ölkəmiz qızıl hasilatı sahəsində mühüm nailiyyətlər əldə edib.

"Regionlarda dağ-mədən sənayesində qızıl istehsalı ilə yanaşı, digər qiymətli metalların istehsalı potensialı böyükdür. Azərbaycanın zərgərlik sahəsində tarixi ənənələri mövcuddur. Biz sıfırdan hər hansı işi başlamırıq. Zərgərlik sənayesinin yüksəldilməsi üçün ciddi dəstək verilməsi vacibdir. Stimullaşdırıcı amillərin artırılması zərgərlik sənayesinin inkişafında əhəmiyyətli ola bilər".

M.Cabbarov qeyd edib ki, sektorda şəffaflığın təmin edilməsi vacib məsələ olaraq qalır: "Biz kölgə iqtisadiyyatının bu sahədə azaldılmasına nail olmalıyıq. Güzəştlər o şəxslərə verilir və veriləcək ki, şəffaf fəaliyyət göstərəcək. Bu sahədə rəqabət mühitinin olması bizim üçün əsas məqsədlərdən biridir. Zərgərlik sahəsində aparılan təhlillər burada bir sıra çatışmazlıqların olduğunu göstərir".

Nazirin sözlərinə görə, bazarda yerli zərgərlik məhsullarına o qədər də rast gəlmək mümkün olmur: "Qızılın keyfiyyəti hər zaman ictimaiyyət tərəfindən müzakirə olunur. Bu, həm istehlakçıların hüquqlarına, həm də bizim hədəflərimizə zərbə vuran məqamlardan biridir. Sektorda qeyri-şəffaf əmək münasibətlərinə də rast gəlinir. Biz bunu bilirik. Bazarda şəffaflığın təmin edilməsi dövlətin aidiyyatı strukturlarının üzərinə düşən əsas hədəflərindən biridir. Zərgərlik sahəsində çətinlikləri müəyyən etmək üçün qısa müddət ərzində ixtisaslaşmış asosiassiyanın yaradılması təqdirəlayiqdir".

Aytən Zəhra
Azvision.az

Teqlər: Nazir   Mikayıl-Cabbarov