Aprel zəfərinin diplomatik müstəvidə davamı – TƏHLİL

   Aprel zəfərinin diplomatik müstəvidə davamı –    TƏHLİL
  17 Fevral 2020    Oxunub:6771
Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirildi. Həmin müzakirələr bir sıra ciddi və tarixi məqamlarla yadda qaldı. Tarixdə ilk dəfə Azərbaycan və Ermənistan liderləri arasında açıq, yəni hər kəsin izləyə biləcəyi debat baş tutdu.
Və bu tarixi debatın qalibi birmənalı olaraq Prezident İlham Əliyevdir. Ermənistanın baş naziri Nikol Paşinyan isə açıq-aşkar nokaut vəziyyətinə düşdü.

Bu, belə demək mümkündürsə, Paşinyanın, bütövlükdə Ermənistan hökumətinin, erməni lobbisinin Azərbaycan qarşısında 2016-cı ilin Aprel döyüşlərindəki məğlubiyyətindən sonra ikinci böyük məğlubiyyəti idi. Paneldə baş verən debatda Prezident İlham Əliyev tarixə, real faktlara əsaslanan fundamental cavablarla Nikol Paşinyana necə lazımdır, tarix dərsi verdi. Ermənistanın rəhbəri isə hər dəfə ağzını açdıqca naşı formada özü-özünü çətinə salırdı, sanki, bataqlıqda tərpəndikcə batırdı.

Şübhəsiz ki, erməni həyasızlığı hər zaman olduğu kimi, bu dəfə də özünü göstərdi. Ermənistanın baş naziri hər vəchlə sərsəm fikirlər səsləndirərək, reallıqları ört-basdır etməyə çalışırdı ki, bu da nəticədə onun gülməli vəziyyətə düşməsi ilə müşahidə olundu.

Ümumiyyətlə, beynəlxalq münasibətlərdə hər kəs tərəfindən qəbul edilmiş etalonlardan biri də budur ki, əgər bir ölkə hərb meydanında rəqibi üzərində qələbə qazanıbsa, hərbi cəhətdən qüvvətlidirsə, masa ətrafında onun dedikləri keçəcək. Bu mənada, Münhen Təhlükəsizlik Konfransında Aprel Qələbəsinin davamı yaşanırdı, diktə edən tərəf İlham Əliyev idi.

Paşinyanın çxışında həqiqətə söykənən bircə dənə də olsa, arqumenti yox idi. Dövlət başçımızın bütün debat boyu dediklərini ümumiləşdirəndə, dahi diplomat Otto fon Bismarkın bir sözü yada düşür: "Siyasət elm deyil, sənətdir". Siyasətin bir sənət olaraq bütün incəlikləri Prezident İlham Əliyev tərəfindən Nikol Paşinyana tarixi nümunələrlə keçilən master-klassda bir daha öz təsdiqini tapdı.

Prezident İlham Əliyevin çıxışı əvvəldən axıra qədər ciddi arqumentlərlə dolu idi. Tezislər isə təkzib edilə bilinməyəcək qədər güclü və əsaslı idilər. Məsələn: 1918-ci ildə İrəvan şəhəri Ermənistana verilib - "Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub".

Prezidentin çıxışına diqqət etdikdə bir daha aydın olur ki, o, təkcə Ermənistanın baş nazirinə deyil, bütünlükdə ermənilərə, onların lobbisinə, Ermənistanın havadarlarına şillə kimi diplomatik zərbə vurub.

İlham Əliyev tarixi həqiqətlərin nə olduğunu Paşinyanın şəxsində bütün Ermənistana xatırlatdı və sanki dedi ki, siz ermənilər kimsiniz, kökünüz haradan başlayır, Cənubi Qafqazda necə peyda olmusunuz və uydurduğunuz nağıllara özünüzdən savayı daha inanan qalmayıb!

Ümumiyyətlə, belə formatda olan görüşdə nə deyilməli idisə, cənab Prezident hamısını dedi. Paşinyanın və onun simasında erməni diplomatiyasının bu raunddan salamat çıxmaq üçün heç bir şansları yox idi.

Fərrux Həsənov
Azvision.az


Teqlər: Münhen-Konfransı   İlham-Əliyev   Paşinyan  





Xəbər lenti