Neftin ucuzlaşması bizim üçün qorxuludurmu? – TƏHLİL

   Neftin ucuzlaşması bizim üçün qorxuludurmu? –    TƏHLİL
  14 Fevral 2020    Oxunub:4381
Neftin dünya bazar qiymətləri düşməkdə davam edir. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatları nəticəsində Brent markalı neftin 2020-ci ilin aprel ayı üçün təhvil-təslim müqaviləsinin qiyməti 0,13 faiz azalaraq, 1 barelə görə 54,40 ABŞ dolları təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında mart ayı üçün WTI markalı neftin dəyəri isə uyğun olaraq 0,10 faiz azalaraq, 50,27 dollara bərabər olub. Bütün bunlar uzunmüddətli fasilədən sonra ilk kəskin enişdir.
Sual yaranır ki, Azərbaycan, yəni dövlət büdcəmiz və makroiqtisadi göstəricilərimiz üçün təhlükə varmı? Özü də indiki həssas məqamda. Belə ki, sosial istiqamətdə maliyyələşdirmə xeyli dərəcədə genişləndirilib, cari ildə əlavə addımlar atmaq nəzərdə tutulur, üstəlik, 2020-ci ilin dövlət büdcəsi indiyədək olmayan qədər böyük həcmdədir və sair... Gəlirlərin əsasını neftin satışından əldə olunan pullar təşkil etdiyindən, nələrsə yarımçıq saxlanıla və yaxud, qayçılana bilərmi?

Bu il Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 55 ABŞ dolları götürülüb, keçən il isə 60 dollar idi. Əvvəlki şərhlərimdə bu məsələyə toxunaraq qeyd etmişdim ki, bu ilin dövlət büdcəsində neftin dünya bazar qiymətinin 55 dollar götürülməsi təqdirəlayiqdir. O mənada ki, bu qiymət keçən ildəkindən 5 dollar aşağıdır. Yəni, demək istədiyim budur ki, keçən il 60 dollar götürülsə də, dünya bazarlarında qiymət faktiki olaraq bundan həmişə yuxarı oldu, üstəlik, 2020-ci ildə də qiymətin bundan aşağı olmayacağı gözlənilirdi. Bu vəziyyətdə hökumət özü üçün riski artırmadı, əksinə, azaltdı. Bu da keçən ilin əvvəlindən etibarən həyata keçirilməyə başlanılan məlum genişmiqyaslı sosial paketin icrasının cari ildə də uğurla davam etdiriləcəyinə əlavə zəmanət yaradılması demək idi.

Ancaq təkrar edirəm: indi qiymət 55 dollardan aşağı düşdüyündən təhlükə varmı? Üstəlik, hələ ilin əvvəlidir, yəni fevral ayı heç yarılanmayıb. Bu, davam edə bilərmi? Ümumiyyətlə, qiymətlər nə qədər ucuzlaşa bilər?

Yeri gəlmişkən, maliyyə naziri Samir Şərifov qeyd edib ki, təşvişə ehtiyac yoxdur. “Dünya bazarında neftin qiyməti müəyyən amillərdən asılı olaraq gah düşür, gah da qalxır. Buna soyuqqanlı yanaşmalıyıq",- deyə, nazir bildirib.

Əsas məqam isə ondan ibarətdir ki, neftin qiymətləri bizdə ümumiyyətlə, dövlət büdcəsinə birbaşa təsir etmir. Çünki, ortada Dövlət Neft Fondu (ARDNF), başqa sözlə desəm, təhlükəsizlik yastığı vardır. Neftin qiyməti təsirini ilk olaraq məhz adı çəkilən qurum üzərinə götürür. 2020-ci ilin dövlət büdcəsi gəlirlərinin 11350,0 milyon manatı və ya 47,0 faizi ARDNF-dan transfert təşkil edir ki, bu məbləğin də köçürülməsi neftin dünya bazar qiymətlərinin səviyyəsindən asılı olmayaraq, həyata keçirilir. Yəni, hər il olduğu kimi. Və beləliklə də, dövlət büdcəsinin icrasında heç bir qeyri-sabitlik ortaya çıxmır və çaxmaq iqtidarında da olmur.

Bunu 2015-2016-cı illərdəki təcrübə də sübut etdi. Belə ki, həmin illərdə neftin dünya bazar qiymətləri hətta 40 dollardan da aşağıya düşdüsə də, ölkəmizdə dövlət büdcəsinin icrasında heç nə yarımçıq saxlanılmadı və yaxud da qayçılanmadı. Dalğa ancaq, valyuta bazarını, başqa sözlə desəm, manatın məzənnəsini vurdu. Amma Maliyyə naziri Samir Şərifov onu da əlavə edib ki, ucuzlaşma uzun müddət davam edərsə, iqtisadi siyasətə hansısa düzəlişlər oluna bilər. Söhbət nədən gedir?

Əvvəla, hazırda neftin qiymətini ucuzlaşdıran nə siyasi və nə də birbaşa olaraq iqtisadi hadisə deyil, koronavirus və bunun Çində yaratdığı vəziyyətdir. Çin dünya iqtisadiyyatı üçün istehsal mənbəyi, fabrik rolunu oynayır, dünyada ən böyük istehlakçı ölkə sayılır. Mövcud vəziyyət Çində alış-verişi azaldıb, bu da dünya iqtisadiyyatı üçün mənfi təsir və nəticələr doğurub. Çində istehsalın azalması xarici istehsalçıların fəaliyyətini də zəiflədib. Çin həmçinin, bir çox dəbdəbəli mallar, məşhur brend istehsalçılar üçün möhtəşəm bazardır.

Bu ilin təkcə birinci rübü ərzində Çin də daxil olmaqla, bir sıra ölkələrin birbaşa iqtisadi itkilərinin 280 milyard ABŞ dollarından çox təşkil edəcəyi proqnozlaşdırılır. Böyük Britaniyanın Capital Economics adlı konsaltinq şirkəti belə hesablayıb. Bu səbəbdən də, dünya iqtisadiyyatında ÜDM istehsalı həcminin 2009-cu ildən bəri rüblük ifadədə heç bir artım nümayiş etdirməyəcəyi bildirilir ki, bu da nefti ucuzlaşdırır.

Ancaq bu, çox davam edə bilməz. Nəyə görə? Bəli, uzun müddətdir dünya bazarlarında vəziyyət sabit idi. 2016-cı ilin ikinci yarısından etibarən OPEC+ ölkələrinin hasilatı azalmaq haqda təşəbbüslərindən sonra ABŞ-ın qiymətləri aşağı salmaq istəyi uğursuzluğa düçar qaldı. Və bazarlarda qiymətlərin diqtə yolu ilə idarə olunması dayandı. Neft hasil edən ölkələr bununla sübut etdilər ki, maraqlarını qorumaq naminə lazım gələrsə, birgə addım atmaq iqtidarında və imkanındadırlar.

İkincisi, 60 dollar bütün neft hasil edən ölkələr üçün sərfəli qiymət səviyyəsidir. Və bayaq qeyd etdiyimə uyğun olaraq, OPEC+ ölkələrinin hasilatı azalmaq haqda qərarlarından sonra 2017-2019-cu illər ərzində qiymətlər məhz bu rəqəm ətrafında sabitləşdi. Belə ki, bu və ya digər siyasi hadisə və proseslərin nəticəsində qiymətlər arada 60 dollardan aşağıya və yuxarıya doğru hərəkət etsə də, heç bir halda bundan çox uzağa getməmişdi.

Odur ki, qiymətlərin davamlı olaraq enəcəyinə əmin deyiləm. Bu, OPEC+ ölkələri üçün sərfəli deyil. Çin iqtisadiyyatına da koronavirus davamlı olaraq uzun müddət təsir göstərə bilməz. Loru dildə desəm, Çində işləməsələr, dayana bilməzlər. Mövcud atmosfer tezliklə sovuşub, "qara bulud kütləsi" yoxa çıxacaq. Digər tərəfdən, Çin iqtisadiyyatının "əbədi tənəzzülü" onunla rəqabətdə olan, başda ABŞ olmaqla, nə Avropa Birliyi, nə Böyük Britaniya və o cümlədən, bir çox digər ölkələr üçün sərfəli və məqsədəuyğun deyil. Düşünürəm, nə demək istədiyim aydındır.

O ki qaldı Azərbaycanımıza, neftin dünya bazar qiyməti 50 dollara enənədək heç bir qorxusu yoxdur. Maliyyə naziri Samir Şərifovun "ucuzlaşma uzun müddət davam edərsə, iqtisadi siyasətə hansısa düzəlişlər oluna bilər" fikrinə gəldikdə isə, bu, dövlət investisiyalarına aiddir. Qiymət 50 dollardan aşağı düşərsə, ölkəmizdə mövcud makroiqtisadi göstəricilər və valyuta bazarındakı vəziyyət üçün "qırmızı işıq" yanacaq, 40 dollara düşdükdə və bundan aşağı həddə keçdikdə manatın məzənnəsi üzərində nəzarət itəcək. Belə vəziyyət isə gözlənilmir...


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Neft   Büdcə  





Xəbər lenti