Xalq artistləri 90 yaşlı Əlibaba Məmmədov haqqında nələri danışdılar?

 Xalq artistləri 90 yaşlı Əlibaba Məmmədov haqqında nələri danışdılar?
  06 Fevral 2020    Oxunub:17281
"Əlibaba müəllim böyük şəxsiyyət və böyük sənətkardır"

Bu gün Xalq artisti Əlibaba Məmmədovun doğum günüdür. 90 yaşını qeyd edən xanəndənin sənət dostları onunla bağlı xatirələrini Azvision.az-a danışıblar.
Xalq artisti, tanınmış xanəndə Mənsum İbrahimov bildirib ki, ustad sənətkarla tanışlığı tələbəlik illərindən başlayıb.

“Əlibaba müəllimi 35 ildən çoxdur ki, tanıyıram. 1982-ci ildə Ağdamdan Bakıya gəlib, sənədlərimi Asəf Zeynallı adına Bakı Musiqi Kollecinə vermişdim. İlk dəfə Əlibaba müəllimi orada gördüm. Ona qədər isə efirlərdən izləyirdim. Əlibaba müəllim mənə qulaq asdı. Dedi, oğlum haradan gəlmisən? Ağdamlı olduğumu bildirdim. Dedi, əlbəttə, bu Qarabağ səsidir. Beləliklə, tanışlığımız başladı.



Əlibaba müəllim gənclərə qarşı hər zaman diqqət göstərən insan olub. Böyük şəxsiyyət və böyük sənətkardır. Və bu gün bizim muğam sənətimizin ağsaqqalıdır. O, həmişə məsləhət yerimizdir. Aramızdakı yaş fərqinə baxmayaraq, çox gözəl dostluq münasibətimiz var. Uzun illər Asəf Zeynallı adına Bakı Musiqi Kollecində, Milli Konservatoriyada birgə çalışmışıq. Muğam müsabiqəsində neçə illər münsif yoldaşı olmuşuq. Azərbaycanın bir çox bölgəsinə səfərlər etmişik. Onunla maraqlı söhbətlərimiz də olub. Bəzən gənclik xatirələrindən danışardı ki, Xan əmi ilə necə yoldaşlıq edib. Əlibaba müəllim gözəl yol yoldaşıdır, həm də yaxşı insandır. Əsl Azərbaycan kişisidir. Müdrik, aqil bir adamdır.

Onun ifa etdiyi mahnıların müəllifi sərt ola bilmz. Onun kövrək, pambıq kimi qəlbi var. Mərhəmətli insandır. Yaxşılıqdan başqa əlindən heç nə gəlmir. Eyni zamanda çox gözəl ailə başçısıdır. Oğlu, nəvələri ilə birgə yaşayır”.



Sevilən xanəndə, Xalq artisti Mələkxanım Əyyubova hələ gənclik illərindən Əlibaba Məmmədovdan təriflər eşitdiyini deyib.

“Mənim 16 yaşım var idi. Universitetin birinci kursunda oxuyurdum. Həm də ansambılda çalışırdım. 1979-cu il idi. "İçərişəhər" metrosuna minmək üçün bağın içərisindən qalxırdım, bir də gördüm ki, Əlibaba müəllim mənə yaxınlaşdı. Artıq məni tanıyırdı. Birinci kursdan efirlərə çıxırdm. Dedi, ay qızım, sənin nə gözəl səsin var. İran müğənnisi Xomeyrənin səsinə bənzəyir. Mənə çox xoş sözlər dedi. İlk tanışlığımız belə oldu.

Əlibaba müəllim heç vaxt paxıl, sənət yoldaşlarına qarşı qısqanc olmayıb. Çünki böyük ürəyin sahibidir. Həmişə sözün düzünü danışıb. Pisə belə pis demirdi. Yol göstərirdi. Heç kimi qırmırdı. Ona görə də bu yaşa qədər üzü nurlu qaldı, Allah onu sevdi, uzun ömür yaşadı. Sənət adamları ilə dil tapırdısa, görün ailəsində necə ata, baba olub”.



Xanəndə, Xalq artisti Səkinə İsmayılova isə müəllimi Əlibaba Məmmədovun onun sənətinə yüksək qiymət verdiyini söyləyib.

“İlk dəfə Əlibaba müəllimi Asəf Zeynallı adına Bakı Musiqi Kollecində imtahanda gördüm. “Orta Mahur” muğamını oxudum. Mənə "5" qiyməti verdi. Dedi, indiyə kimi heç bir xanım ifaçıdan “Orta Mahur” muğamını eşitməmişəm. Sonrakı illərdə elə vaxtlar oldu ki, eyni səhnələri bölüşdük, səfərlərdə olduq. Muğam müsabiqəsində münsif olduq.

1981-ci ildə “Leyli və Məcnun” operasında Leylini oynayanda Əbülfət Əliyevlə birgə həmin tamaşaya gəlmişdi. İndiyə qədər yadımdadır. Əlibaba müəllim bizim muğam sənətimizin sütunlarından biridir. Əsil kişiyə xas keyfiyyət və xüsusiyyətləri var. İkimiz də bakılıyıq. Hörmət etdiyi adamın sözünü yerə salmaz. Sonuncu muğam müsabiqəsində iştirak etmək istəmirdi. Dedi, yaşlanmışam, çətindir. Dedim, sizsiz müsabiqənin dadı-duzu yoxdur. Sözümü yerə salmadı”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Xalq-artisti   Əlibaba-Məmmədov  





Xəbər lenti