Kamil Cəlilov: “Yatanda da qaboyu yanıma qoyuram”

  Kamil Cəlilov:  “Yatanda da qaboyu yanıma qoyuram”
  31 Yanvar 2020    Oxunub:8486
“Məni bazarda görəndə, yaxınlaşıb şəkil çəkdirirlər”

Bu dəfə həmsöhbətimiz Xalq artisti, qaboy alətinin mahir ifaçısı Kamil Cəlilovdur. İki gün əvvəl 82 yaşı tamam olan ustad sənətkar Azvision.az-a müsahibəsində sənətindən və gələcək arzularından danışıb, istəklərini dilə gətirib.
- Daha bir ili geridə qoydunuz. Hərdən keçmişə, bu günə kimi yaşadıqlarınıza boylanıb hansı qənaətə gəlirsiniz?

- Əlbəttə, mütləq geriyə baxıram. Keçmişimi vərəqləyirəm. Xoş və əziyyətli günlərimi yada salıram. Gəldiyim qənaət budur ki, Allahın yaratdığı insanlar gərək zövqlü, gözəl musiqilər eşitsinlər. İnsanlar bir-birilərinə mehriban, səxavətli olsunlar. Mən həmişə bunu demişəm. Uşaqlıqda da məndə belə xasiyyət olub.

Sənətimlə insanlara mənəvi zövq verirəm. Onların qəlbini təmizləyirəm. Deyirlər, Kamil müəllim, sizin musiqiləriniz adamları xəstlikdən uzaq edir. Belə şeylər eşidəndə sevinirəm ki, əməllərimlə, sənətimlə onları yaşadıram.

Mərhum Prezidentimiz Heydər Əliyev mənim xətrimi çox istəyirdi. “Azərbaycan təranələri”ni mən ona həsr etmişəm. Heydər Əliyev tədbirlərdə həmişə mənimlə görüşüb söhbətləşirdi. Deyirdi, “Azərbaycan təranələri”ni dinləyəndə Azərbaycanın xəritəsi gözlərimin önünə gəlir, elə bil zirvədən Azərbaycanı görürəm. Ulu öndərimiz mənə hər zaman böyük diqqət göstərirdi.

Maestro Niyazi mənim haqqımda deyirdi ki, Kamilin sadəliyi, kövrəkliyi onun çalğılarında da öz əksini tapır. Niyazi məni tez-tez evlərinə dəvət edirdi və onlarda qaboy çalmağımı istəyirdi. İfalarıma qulaq asırdı. Muğamları çox sevirdi.

- Başlanğıca qayıtsaydınız, yenə də qaboyla yol yoldaşlığı edərdiniz?

- Mən bu sənəti o qədər sevirəm, o qədər bağlanmışam ki, yatanda da qaboyu yanıma qoyuram ki, birdən kimsə götürüb aparar. Bu alət mənim ikinci ürəyimdir. Yenə də yaradcılığımı davam etdirirəm. İndiki həvəsim, təravət gəncliyimdən geri qalmır. Elə bil daha da püxtələşmişəm. Keçmiş illəri yada salıram, insanlarımız üçün yeni nələrsə yaratmaq istəyirəm.

Xalqımızdan çox razıyam. Məni yolda, dükanda, bazarda, harada görsələr görüşüb şəkil çəkdirirlər. Xalqın məhəbbətini qazanmaq böyük şərəfdir. Mən heç vaxt sızıldayıb, heç kimdən heç nə istəməmişəm. İnsanların sevgisi şöhrətdir, şərəfdir. Bu yaxınlarda evimizin yanındakı parkda gəzirdim. Bir uşağın yıxıldığını gördüm. Təxminən 3 yaşı olardı, ağlayırdı. Tez ona yaxınlaşdım, yerdən qaldırdım, velosipedə otuzdurub başını tumarladım. Bu zaman anası özünü yetirdi. Məni tanıyandan sonra dedi, Kamil müəllim siz ürəyi yumşaq insansınız. Sizin çalğılarınızda da bu hiss edilir.

- Ürəyinizdən keçirmi ki, kaş davamçılarım olardı?

- Bəziləri soruşur ki, Kamil müəllim tələbəniz var? Deyirəm, tələbələrim olub, simfonik orkestrdədirlər. Muğam məsələsinə gələndə bacarmadılar. Çünki bu vergi məndə uşaqlıqdan var. Muğamlara heyrətlə qulaq asırdım. Şövkət Ələkbərovanın, Xan Şuşinskinin ifalarını yaddaşıma həkk edirdim. Xan əminin Qarabağ şikəstəsindən mən nələr götürmüşəm. Yadıma bir əhvalat düşdü. Bir dəfə Xan əmi ilə Əbülfət Əliyev filarmoniyanın yanında əyləşmişdilər. Əbülfət Əliyev məni görən kimi çağırdı və ona təqdim edib bildirdi ki, Xan Şuşinskinin bəyəndiyi segahı çalan mən olmuşam. Xan əmi məni süzüb dedi, ona elə gəlir ki, mən Qarabağ şikəstəsini qaboyda da çala bilərəm. Bir müddətdən sonra işləyib yaratdım. Fatma Mehraliyevanın ifa etdiyi “Kəsmə şikəstə”ni ifa etməyə başladım. Kim qulaq asır, heyran olur. İnsanlara elə gəlir ki, bunu ifa etmək asandır. Amma mən çalğıların üzərində o qədər işləmişəm ki, nəticəsi yaxşı alınsın. Muğam ustadı Əlibaba Məmmədov deyir ki, çoxları istədilər Kamil olsunlar, amma ola bilmədilər. Kamil yenə tək qaldı.

- Ömrünüzün bu çağında özünüzə nə arzulayırsınız? Hansı istəyinizin reallaşmasını diləyirsiniz?

- Özümə can sağlığı arzulayıram. Bir də Allah mənə nə qədər ömür veribsə, onu elə yaşayım ki, sənətimi davam etdirə bilim. Başqa istəyim yoxdur.

- Heç nəvələrinizdən danışmadınız. Onlar babalarını çox istəyirlərmi?

- Məni onlar yaşadır. 7 nəvəm, 4 nəticəm var. Onların həvəsinə yaradıcılığımı daha böyük istəklə davam etdirirəm. İndi Gülşən adlı qızımın yanında qalıram. Qızım dedi ki, atamı heç yerə buraxmaram, mənimlə qalacaq. Görün, övlad nə qədər gözəldir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Kamil-Cəlilov  





Xəbər lenti