İdmanı siyasətə dəyişən məşhurlar - FOTOLAR

  14 Yanvar 2020    Oxunub : 12169
 İdmanı siyasətə dəyişən məşhurlar - FOTOLAR
Dünya təcrübəsində bir peşə sahibinin digər sahədə özünü sınaması nadir hadisə deyil. Bəzən musiqini seçən bir insan sonradan taleyini idmana bağlayır və ya əksinə. Bəzən isə peşəkar idmanda müəyyən uğurlar qazanan biri özünü siyasətdə sınamaq istəyir.
“Siyasətin idmanla heç bir əlaqəsi yoxdur”, - deyənlər çox güman ki, yanılırlar. Sən demə, idman və siyasət heç də biri-birindən uzaq sahələr deyilmiş.

İdmanı siyasətə dəyişən bəzi məşhurlarla bağlı məlumatları təqdim edirik:



Vitali Kliçko

Məşhur boksçu, ağır çəkidə WBO, WBC və WBA versiyaları üzrə üçqat, kikboksinq üzrə altıqat dünya çempionu olan Vitali Kliçko özünü yalnız idman aləmində təsdiq etməyib. 2006-cı ildən siyasətə qatılan Kliçko 2008-ci ilədək Ukrayna Prezidentinin müşaviri vəzifəsində çalışıb.

2012-ci ilin oktyabr ayında Vitali Kliçkonun “УДАР” Partiyası parlament seçkilərində 42 deputat mandatı qazanıb, boksçunun özü isə fraksiyanın başçısı vəzifəsində çalışıb. Ancaq məşhur boksçu bunlarla kifayətlənmək fikrində deyildi. Hətta 2013-cü ildə Dünya Boks Şurasının prezidenti Xose Süleyman ilə görüşü zamanı Kliçko ona gələcək planlarından danışıb və prezident seçkilərində namizədliyini irəli sürmək fikrində olduğunu demişdi.

Qeyd edək ki, hazırda Vitali Kliçko Kiyev Şəhər Şurasının deputatı və «УДАР» Partiyasının sədridir. O, kiçik qardaşı Vladimir Kliçko ilə birlikdə xeyriyyə fondu yaradıb. Həmin fond vasitəsilə gənclərin idmana cəlb olunması və sağlam həyat tərzinin təşviqi həyata keçirilir.



Menni Pakyao

Məşhur filippinli boksçu Menni Pakyao idman karyerasına 1995-ci ildə başlayıb. Səkkiz müxtəlif kateqoriyada dünya çempionu kimi boks tarixinə düşən Pakyao karyerası ərzində 56 qələbə qazanıb, cəmi 5 dəfə məğlub olub. Qələbələrinin 38-ni nokautla qazanıb. Amerika İdman Akademiyası versiyası üzrə 2009-cu ilin ən yaxşı idmançısı seçilən Menni Pakyao siyasət aləmində də kifayət qədər tanınır. Menni ilk dəfə siyasətdə özünü 2007-ci ildə sınayıb və o vaxt Filippin Liberal Partiyasının nümayəndəsi seçilib.

İdmançı 2010-cu ildə keçirilən parlament seçkilərində qalib gəlib. Menni Pakyao müsahibələrinin birində deyib: “Mənim siyasətçi kimi xalqıma xidmət etməyə hər zaman vaxtım var. Lakin əgər irəlidə ciddi bir döyüş planlaşdırılsa, o zaman mən digər işlərimi ikinci plana keçirirəm”.



Kaxa Kaladze

Kaxa Kaladze futbol karyerasına 11 yaşında olarkən doğma şəhəri Samtredianın yeniyetmələrdən ibarət komandasında başlayıb. Hücumçu qismində meydana çıxan Kaxa daha sonra SSRİ milli komandasının keçmiş futbolçusu David Kipiani tərəfindən Tiflisin “Dinamo” klubuna dəvət alıb. 1998, 1999, 2000-ci illərdə Gürcüstan çempionu olan Kaxa 2001-ci ildə “Milan”-a transfer olunub. O, 2004-cü ildə İtaliya çempionu, həmin ildə İtaliya Superkubokunun, 2003 və 2007-ci illərdə UEFA Superkubokunun sahibi olub. Bununla da Kaxa Kaladze Gürcüstanın ən bahalı futbolçusu adını alıb. Lakin o, futbolla kifayətlənməyib. 2012-ci ilin oktyabrında keçirilən parlament seçkilərində qalib gələrək Bidzina İvanaşvilinin sahibi olduğu “Грузинская мечта” koalisiyasının ən fəal üzvlərindən birinə çevrilib və Gürcüstanın Enerji və Təbii Sərvətlər naziri seçilib. O, 2017-ci ildən Tbilisi şəhərinin meri vəzifəsində çalışır.



Romario de Souza

Futbolçu karyerasına Braziliyanınc klubunda başlayan Romario da idmanı siyasətə dəyişənlər sırasındandır. 1994-cü ildə Braziliya komandasının heyətində dünya çempionluğunu qazanan futbolçunun şərəfinə Duki-di-Kişiasda yerləşən 10 000 tamaşaçı tutumu olan stadion var. Futbol dünyasında istedadı və bacarığı ilə tarixə adını yazdırmağı bacaran əfsanəvi futbolçunun şərəfinə, həmçinin də Rio-de-Janeyrodakı “San-Januario” stadionunda heykəl ucaldılıb. Futbolçunun vurduğu 1000-ci qolun ərazisində ucaldılan heykəl “Vasko da Qama” klubuna 10 min dollara başa gəlib.

Siyasətdə böyük uğurlar əldə etmək istəyən Romario 2010-cu ildə Braziliya Sosial Partiyasından Milli Konqresin aşağı palatasına üzv seçilib. Futbolçunun fikrincə, ölkənin siyasi həyatında olmaq insanlara yardım etmək üçün gözəl vasitədir. Məşhur futbolçu siyasətdə əsas məqsədinin aztəminatlı ailələrin övladlarına yardım etmək olduğunu deyib. Qeyd edək ki, bir çoxlarının fikrincə, ulduz futbolçunun bu addımı atmasının səbəbi 2005-ci ildə dünyaya gələn və Daun xəstəliyindən əziyyət çəkən İvi adlı qızı olub.

2009-cu ildə 43 yaşında futbolla vidalaşan Romario 4,5 milyon səs toplayaraq senator seçilib.



Nikolay Valuyev

Nikolay Valuyev nəhəng və hündür bədən quruluşuna (boyu 2,23 sm, çəkisi 147 kq-dır) malik idmançı olması ilə daha çox xatırlanır. Onun haqqında “Rus nəhəngi”, “Dəmir baş”, “ Piter Nikolayı” kimi ifadələr işlədilir.

Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyev Panasiya Boksçular Assosiasiyasının versiyası (2000), WBA versiyası (2005-2007-ci illər və 2007-2009-cü illər) üzrə dünya çempionu və yenə də WBA versiyası (2008-2009) üzrə müvəqqəti dünya çempionudur.

Məşhur boksçu 2009-cu ildən etibarən özünün təsis etdiyi boks məktəbi ilə “Valuyev kuboku” turnirlərinin təşkili ilə məşğuldur. 2011-ci ildə Nikolay Valuyev altıncı çağırış Rusiya Dövlət Dumasına deputat seçilib. O, həmçinin dövlət dumasının üzvü kimi bədən tərbiyəsi, idman və gənclər məsələləri ilə məşğul olur. (AzərTAc)

Azvision.az

Teqlər: İdman   Siyasət   Məşhur