“Payatsı” operası nümayiş olunacaq

“Payatsı” operası nümayiş olunacaq
  10 Yanvar 2020    Oxunub:3046
Fevralın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Rudjero Leonkovallonun “Payatsı” operasının tamaşası keçiriləcək.
Teatrdan Azvision.az a verilən məlumata görə, tamaşada Azərbaycanın opera ustaları ilə yanaşı Almaniya, Rusiya və Gürcüstandan dəvət olunmuş tanınmış sənətkarlar da iştirak edəcəklər.

Opera tamaşasını idarə etmək üçün Ştutqart (Almaniya) Opera və Balet Teatrının baş dirijoru, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Mixail Aqrest dəvət olunub. M.Aqrest dünyanın ən məşhur teatrları - Kovent-Qarden (Böyük Britaniya), Metropoliten-opera (ABŞ) və konsert salonlarında çıxış edir.

Tamaşada əsas partiyalardan birini - Kanio partiyasını Tbilisi Dövlət Opera və Balet Teatrının solisti, Gürcüstanın Xalq artisti, Gürcüstanın Dövlət mükafatı, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili ifa edəcək.

Tonio rolunda Rusiya Böyük Teatrının solisti, vokalçılarının beynəlxalq müsabiqələrinin laureatı Andjey Beletski çıxış edəcək.

Tamaşada eyni zamanda Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova (Nedda), Cahangir Qurbanov (Silvio), Əliəhməd İbrahimov (Arlekin) və Tural Ağasıyev (Kəndli) çıxış edəcəklər.

Şəhanə Rəhimova
Azvision.az


Teqlər: Teatr  





Xəbər lenti