Keçmişi qaranlıq Dezir sifarişlə nəyi sezir?

   Keçmişi qaranlıq Dezir sifarişlə nəyi sezir?
  31 Dekabr 2019    Oxunub:3790
ATƏT-in Kütləvi İnformasiya Vasitələrinin Azadlığı üzrə Xüsusi nümayəndəsi Harlem Dezir bələdiyyə seçkilərində seçilməməsi ilə barışa bilməyən, daha dəqiq desək, seçilməmək üçün əlindən gələn bütün yaramazlıqları edən Mehman Hüseynovun saxta populyarlıq sevdası ilə uydurduğu guya polis tərəfindən döyülməsi barədə nağıla reaksiya verərək, öz narahatçılığını ifadə edib.
Mehman Hüseynova göstərilən belə yüksək “etimad”ın səbəbi nədir, görəsən? Yoxsa fransalı diplomat bu yolla Mehmanın nüfuzunu artırmağa çalışır? Ümumiyyətlə, kimdir bu şəxs – Harlem Dezir? Və nəyə görə hətta Azərbaycan miqyasında belə, heç bir əhəmiyyəti olmayan xırda hoqqabazlığa reaksiya verməyi lazım hesab edib? Gəlin, aydınlaşdıraq.

2017-ci ildə Fransada prezident seçilmiş Fransua Makron əvvəlki hökuməti istefaya göndərir və Eduar Filipi baş nazir təyin edərək, yeni hökumətin formalaşmasını ona tapşırır. Eduar Filip formalaşdırdığı yeni kabinetə adı maliyyə fırıldaqçılığında hallanan Avropa məsələləri üzrə dövlət naziri Harlem Deziri daxil etmir.

Dezir hələ 1998-ci ildə ictimai əmlakdan sui-istifadə olunması, uydurma maaş alması ittihamı ilə 18 aylıq şərti cəzaya məhkum edilmiş, eyni zamanda, 30 min frank cərimə olunmuşdu. Ümumiyyətlə, Fransanın Sosialist Partiyasının rəhbər heyətinə daxil olan şəxslər barədə dəfələrlə maliyyə pozuntusuna yol vermələri, müxtəlif qanunsuz mənimsəmələr həyata keçirilmələri barədə mütəmadi məlumatlar yayılmaqdadır. Sosialist partiyasının 2012-2014-cü illərdə baş katibi vəzifəsini Harlem Dezir, 2014-2017-ci illərdə isə Jan Kristof Kampadeli icra edib. Kampadelliyə qarşı da maliyyə pozuntularına yol verməsi ilə bağlı ittiham irəli sürülmüşdü.

Beləliklə, Makronun hakimiyyətə gəlməsilə Fransanın siyasi səhnəsini tamamilə tərk etməli olan Dezir, birdən-birə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Kütləvi İnformasiya Vasitələrinin Azadlığı üzrə xüsusi nümayəndəsi postuna təyin olunur. Həmin vaxt Fransanın Le Monde jurnalı yazırdı ki, Harlem Dezirin təyinatı Ukraynadakı münaqişə ilə bağlı ATƏT-lə münasibətləri gərginləşmiş Rusiyanı qane etdiyi üçün baş tutdu. Dezirin bu posta təyin olunmasında əsas rolu məhz həmin amil oynayıb. Güman ki, Rusiyalı diplomatlar Dezirin o qədər də şəffav olmayan keçmişini araşdırdıqdan sonra onun müəyyən təltiflər müqabilində razılığa gətirilmə ehtimalının yüksək olmasını nəzərə alıblar.

Dezirin bu vəzifəyə təyin olunduqdan sonra xüsusilə Türkiyə və Azərbaycana qarşı kəskin mövqedən çıxış etməsi ATƏT nümayəndəsi üçün erməni maraqlarının söz azadlığından daha üstün olması təəssüratını yaratdı. Bəlkə Dezir yenidən Fransada aktiv siyasətə qayıtmağı arzulayır və bunun üçün indidən fransalı ermənilərin etimadını qazanmağa çalışır? Xatırlamaq yerinə düşər ki, Dezirin 2017-ci il prezident seçkilərində namizədliyini dəstəklədiyi keçmiş baş nazir Manuel Vals ilkin praymerizdə partiyadaxili mübarizədə uduzaraq, seçkiyə belə qatıla bilməmişdi.

ATƏT-in Kütləvi İnformasiya Vasitələrinin Azadlığı üzrə Xüsusi nümayəndəsi Harlem Dezir müxtəlif vaxtlarda Azərbaycan və Türkiyədə baş vermiş hadisələri özünəməxsus formada şişirdərək, müxtəlif bəyanatlarla çıxış edib. Azərbaycanda müxalifətin 19 oktyabr mitinqi, Xədicə İsmayılova, Mehman Əliyev, Əfqan Muxtarlı və digər məsələlərlə bağlı bəyanatlar səsləndirmiş Dezir, Azərbaycan hökumətinə müraciətlər ünvanlamışdı.

Görəsən, Dezir nəyə görə Ermənistanın ictimai-siyasi həyatında baş verən hadisələri izləyib, münasibət bildirməyə o qədər də həvəsli deyil? Məsələn, niyə Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryanın həbsxanada etdiyi aclığın ardından vəfat etməsinə reaksiya verilmədi? Yaxud, niyə Dezir baş nazir Paşinyanın siyasi rəqiblərinin müxtəlif ittihamlarla həbs olunmasının səbəbləri ilə maraqlanmır?

Hələ 1984-cü ildə “SOS Racisme” adlı qeyri-hökumət təşkilatı yaradaraq, özünü irqçiliyə, ksenofobiyaya qarşı mübariz kimi qələmə verən bir şəxsin konfrontasiya vəziyyətində olan iki ölkə arasında qərəzli mövqedən çıxış etməsi ATƏT-in missiyasının sülh yaratmaqdan daha çox, sabitliyi pozmaq olduğunu açıq biruzə verir.

Tofiq Vahid
Azvision.az



Teqlər: Harlem-Dezir  





Xəbər lenti