Məhkəmə-hüquq islahatlarının ikinci mərhələsi hansı sahələri əhatə edir – TƏHLİL

   Məhkəmə-hüquq islahatlarının ikinci mərhələsi hansı sahələri əhatə edir –    TƏHLİL
  20 Dekabr 2019    Oxunub:11888
Azərbaycan Respublikasının Prezidenti məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketini imzalayıb. Məhkəmə-hüquq sistemində islahatların növbəti mərhələsinin başlanğıcı Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə qoyulmuşdu. Fərmanda islahatların əsas istiqamətləri müəyyən edilmiş, hər bir sahə üzrə müvafiq dövlət qurumlarına tapşırıq və tövsiyələr verilmişdi.
İslahatların institusional komponentini əhatə edən ilk qanunvericilik aktları paketi bu ilin iyul ayında qəbul edilmişdi. Bu normativ sənədlər toplusuna daxil olan qanunlarla iki ayrıca, ixtisaslaşmış məhkəmələr inzibati və kommersiya məhkəmələri sistemi yaradılmışdı. Həmçinin məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması prosedurları sadələşdirilərək işə birbaşa kassasiya instansiyasında və yalnız yazılı icraat qaydasnda baxılması qaydası müəyyən edilmişdi. Hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər olunmuşdu.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən dekabrın 18-də imzalanmış sənədlər Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrinə, “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Dövlət məhkəmə ekspertizası haqqında”, “İnzibati icraat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlara dəyişikliklərin edilməsini nəzərdə tutur.

2020-ci il martın 1-dən qüvvəyə minəcək həmin dəyişikliklər məhkəmə-hüquq islahatlarının iki əsas istiqamətini əhatə edir – vahid məhkəmə təcrübəsinin formalaşdırlması və məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar fəaliyyətin təkmilləşdirilməsi.

Vahid məhkəmə təcrübəsinin formalaşdırılması

Hüquq normalarının tətbiqində vahidliyin olmaması, bənzər faktiki hallara malik işlər üzrə hüquqi məsələlərin müxtəlif şəkildə həlli ədalət mühakiməsinin nüfuzunun aşağı düşməsinə səbəb olan mühüm amillərdən birdir. Normativ hüquqi aktların tətbiqi ilə bağlı məhkəmələrin hüquqi mövqeyinin qabaqcadan proqnozlaşdırıla bilməməsi apellyasiya və kassasiya şikayətlərinin sayının artmasına, eyni işlərin Ali Məhkəmədə və apellyasiya instansiyası məhkəmələrində dəfələrlə baxılmasına gətirir.

Vahid məhkəmə təcrübəsinin mövcudluğu prosesdə tərəflərə imkan verir ki, oxşar kateqoriya işlər üzrə məhkəmələrin əvvəllər qəbul etdiyi qərarları təhlil edərək konkret iş üzrə məhkəmənin hansı hüquqi mövqeyi rəhbər tutacağını proqnozlaşdırsın. Bu isə həm ədalət mühakiməsinin həyata keçirilməsində sui-istifadə hallarına yol verilməsi imkanlarını azaltmaqla effektivliyin artırılmasına səbəb olur, həm də proses iştirakçılarını perspektivi olmayan şikayətlərin verilməsindən çəkindirməklə məhkəmələrdə lüzumsuz iş yükünün yaranmasının qarşısını alır.

Keyfiyyətli və effektiv ədalət mühakiməsi sisteminin fəaliyyət göstərməsi üçün əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının yeni mexanizminin qanunvericilikdə təsbit edilməsi tövsiyə edilir.

Qeyd edilməlidir ki, hüquq nəzəriyyəsində və praktikada Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırması vəzifəsi birmənalı olaraq qəbul edildiyinə baxmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyində belə bir norma birbaşa nəzərdə tutulmayıb. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsində Ali Məhkəmənin məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verməsinə dair müddəanın mövcudluğu, prosessual qanunvericilik aktlarında onun konkret işlər üzrə son qərar qəbul edən instansiya olmasını təsbit edən normaların yer alması dolayısı ilə Ali Məhkəmənin bu funksiyanı həyata keçirməsinə dəlalət edir.

Yeni dəyişikliklər Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsini “Məhkəmələr və hakimlər haqqında” Qanunda təsbit edir. Qanunda müəyyən edilir ki, Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini həm məhkəmə kollegiyalarının, məhkəmə tərkiblərinin baxdığı ayrı-ayrı işlər üzrə qərarları, həm Ali Məhkəmənin Plenumunun əlavə kassasiya qaydasında baxdığı işlər üzrə qəbul etdiyi qərarlar, həm də Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırmalıdır.

Prosessual qanunlara edilən dəyişikliklər həm şaquli, həm də üfüqi səviyyələrdə vahid məhkəmə təcrübəsinin təmin edilməsinə şərait yaradacaq. Hüquq nəzəriyyəsinə əsasən, şaquli səviyyədə vahid məhkəmə təcrübəsi – aşağı instansiya məhkəmələrin yuxarı instansiya məhkəmələri tərəfindən formalaşdırılan hüquq tətbiqi təcrübəsinə riayət etməsindən, üfüqi səviyyədə vahid məhkəmə təcrübəsi isə eyni instansiya məhkəmələrinin müxtəlif tərkibləri arasında oxşar xarakterli məsələlərə baxarkən hüququn fərqli şərhinin və tətbiq edilməsinin qarşısının alınmasından ibarətdir.

Vahid məhkəmə təcrübəsinin formalaşdırılması və ona riayət edilməsinin yeni qurulan mexanizmində Ali Məhkəmənin Plenumunun izahlarına mərkəzi rol ayrılır. Ali Məhkəmənin Plenumunun bu qərarları maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı hüquqi müstəvidə yaranan fikir ayrılıqlarını həll etməli, müasir dövrdə həyata keçirilən dinamik islahatlara müvafiq olaraq sürətlə dəyişən qanunvericiliyin tətbiqinə dair müxtəlif yanaşmaların meydana gəlməsini önləməlidir.

Şaquli səviyyədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması mexanizminin mühüm komponenti hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasının məhkəmə qərarının ləğvi üçün əsas kimi prosessual qanunlarda təsbit edilməsidir. Məhkəmə qərarı Ali Məhkəmənin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olduqda yuxarı instansiya məhkəməsi tərəfindən ləğv ediləcəkdir. Sözsüz ki, bu müddəa Ali Məhkəmə Plenumunun izahlarının qüvvəsini və əhəmiyyətini artırmış olur, məhkəmələrdə icraatın bütün iştirakçılarını belə izahlara daha diqqətlə yanaşmağa sövq edir.

Lakin burada eyni zamanda qeyd etmək zəruridir ki, Ali Məhkəmə Plenumunun izahları heç bir halda yeni norma yarada və ya onları şərh edə bilməz. Hüquq normasının rəsmi şərhi yalnız həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən verilə bilər.

Bu mənada, Ali Məhkəmənin Plenumunun izahlarının məhkəmə qərarının ləğvi üçün əsas kimi təsbit edilməsi heç də onlara məcburi hüquqi qüvvə verilməsi anlamına gəlmir. Hüququn təkamülü və inkişafı prosesini dayandırmamaq üçün yeni dəyişikliklər məhkəmələrə imkan verir ki, Ali Məhkəmənin Plenumunun izahlarında təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurətini əsaslandırmaqla belə qərar qəbul edə bilsin. Halbuki, normativ hüquqi aktlara münasibətdə məhkəmələrin belə addım atması qeyri-mümkündür.



Yeni mexanizmə əsasən, Ali Məhkəmənin Plenumunun izahlarında təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanı nəzərdə tutan apellyasiya instansiyası məhkəməsinin qərarı Ali Məhkəmədə kassasiya qaydasında araşdırılır. Bu halda hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə mübahisəli hüquqi məsələyə Ali Məhkəmənin müvafiq kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır. Müvafiq sahədə tətbiq edilən maddi və prosessual hüquq normaları nəzərə alınmaqla mülki və kommersiya kollegiyalarının hakimləri birlikdə, cinayət və inzibati kollegiyalar isə hər biri ayrılıqda bu məsələlərə baxacaq.

Üfüqi səviyyədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün müəyyən edilir ki, Ali Məhkəmənin məhkəmə tərkibləri işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər eyni xarakterli məsələlərlə bağlı qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə belə işlərə də Ali Məhkəmənin müvafiq kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılmalıdır.

Yuxarıda göstərilən hər iki halda müəyyən sahədə ixtisaslaşmış bütün Ali Məhkəmə hakimlərinin müzakirələrdə və qərarın qəbulunda iştirakı hüquqi məsələnin həm hərtərəfli araşdırılmasına, həm də gələcəkdə tətbiqində fərqli yanaşmaların mövcudluğunun qarşısının alınmasına şərait yaradacaq. Həm işə baxan məhkəmə tərkibi, həm də eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri qəbul edilən qərarda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Yeni mexanizmin tətbiqi ilə Ali Məhkəmə Plenumunun izahlarının artan əhəmiyyətini nəzərə alınaraq, qanun onların yenilənməsi, daim dəyişən hüquq münasibətlərinə və dövrün tələblərinə uyğun olaraq aktuallığının təmin edilməsini zəruri hesab edib.

Dəyişikliklərə əsasən, Ali Məhkəmənin Plenumu onun sonuncu iclasından ötən dövr ərzində müvafiq kollegiyaların bütün hakimlərindən ibarət tərkibdə qəbul etdiyi qərarları (qərardadları) nəzərdən keçməli və mövcud izahlarına dəyişikliklər etməli və ya yeni izahlar verməlidir.

Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında müəyyən edilmiş digər bir istiqamət məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizmin yaradılmasıdır.

Bu məqsədlə “Məhkəmələr və hakimlər haqqında” Qanuna edilən dəyişikliyə əsasən Ali Məhkəmə məhkəmələrdə maddi və prosessual hüquq normalarının tətbiqi təcrübəsini daim ümumiləşdirərək bir çox hallarda rast gəlinən, geniş yayılmış nöqsanları müəyyən etməli və bununla bağlı Ali Məhkəmənin Plenumunun izahı verilməlidir. İzah verildikdən sonra nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin Ali Məhkəmə tərəfindən monitorinqi təşkil edilir və monitorinqin nəticələri hakimlərin fəaliyyətinin Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilməsi zamanı nəzərə alınır.

Məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar fəaliyyətin təkmilləşdirilməsi

Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında verilmiş tapşırıqlara müvafiq olaraq qanunvericilik paketində məhkəmə ekspertizasının keçirilməsi ilə bağlı yeniliklər aşağıdakı əsas istiqamətlərdə qruplaşdırıla bilər:
- Məhkəmə ekspertizasını həyata keçirmək hüququ olan subyektlər dairəsinin genişləndirilməsi;
- Məhkəmə ekspertizasının keçirilməsini təyin (sifariş) etmək hüququ olan subyektlərin dairəsinin genişləndirilməsi;
- Məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi.
Qanuna edilmiş dəyişikliklər özəl məhkəmə ekspertləri institutunu yaradır. Belə ki, hazırda yalnız dövlət orqanlarının nəzdində fəaliyyət göstərən məhkəmə ekspertizası idarələrinin ekspertləri ilə yanaşı özəl məhkəmə ekspertlərinə də müvafiq ekspertiza fəaliyyətini həyata keçirmək və ekspert rəylərini təqdim etmək hüququ verilir.

Ali təhsilli və müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan Respublikasının vətəndaşları müvafiq şəhadətnamə almaqla özəl məhkəmə eksperti qismində fəaliyyət göstərə biləcəkdir. Şəxsin xüsusi biliklərə malik olmasını təsdiq etmək üçün ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 il iş stajının və ya fəlsəfə doktoru (elmlər doktoru) elmi dərəcəsinin olması, yaxud beynəlxalq səviyyədə tanınan diplom, sertifikat və sair sənədlərinin mövcudluğu tələb edilir.

Qanunla müəyyən edilmiş tələblərə cavab verən şəxslərə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müvafiq şəhadətnamələr veriləcək.

Şəxsin ekspert fəaliyyətini həyata keçirmək hüququna malik olub-olmaması barədə məhkəmə icraatının iştirakçılarının operativ məlumatlandırılmasını və bu sahədə şəffaflığı təmin etmək, habelə mümkün sui-istifadə hallarının qarşısını almaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertləri Reyestrini aparacaqdır. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə biləcəkdir. Reyestr açıq olacaq, Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək, daim yenilənəcək və hər bir şəxs online qaydada özəl məhkəmə ekspertləri barədə ətraflı məlumat əldə edə biləcəkdir.

Bununla yanaşı, qanuna əsasən hazırkı dövrdə məhkəmə-tibb (məhkəmə-psixiatriya), məhkəmə-ballistik, məhkəmə partlayış-texniki, pul nişanları və qiymətli kağızların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin məhkəmə ekspertizaları yalnız dövlət orqanlarının məhkəmə ekspertizası idarələri tərəfindən həyata keçirilməsi ilə bağlı məhdudiyyət müəyyən edilib.

Bu sahədə digər mühüm bir yenilik mülki işlər, habelə inzibati xətalara, kommersiya və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasını sifariş vermək hüququnun bütün fiziki və ya hüquqi şəxslərə, həmin şəxslərin vəkilləri və nümayəndələrinə şamil edilməsidir. Bu şəxslər həm dövlət məhkəmə ekspertizası idarələri, həm də özəl məhkəmə ekspertləri ilə bağlanan müqavilə əsasında öz hesablarına məhkəmə ekspertizasını sifariş edə biləcəklər.

Təcrübədə məhkəmə ekspertizası fəaliyyəti ilə bağlı şikayətlərin bir qismi məhkəmə ekspertizasının keçirilməsi müddətləri ilə bağlı idi. Azərbaycan Respublikasının Mülki-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrində, habelə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilərək məhkəmə ekspertizasının keçirilməsi müddətləri məhdudlaşdırılmışdır. İnzibati xətalara dair işlər üzrə bu müddət 10 günədək, mülki işlər, kommersiya və inzibati mübahisələrə dair işlər üzrə isə bu müddət xüsusi hallar istisna olmaqla 1 ayadək müəyyən edilib.

Hazırda məhkəmə-hüquq islahatları çərçivəsində növbəti normativ hüquqi aktlar toplusu üzərində iş davam edir. Yeni sənədlər toplusuna cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması, məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi, mülki prosessual qanunvericiliyin kompleks şəkildə təhlili və təkmilləşdirilməsi, məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması ilə bağlı qanunvericilik aktlarının layihələri daxildir.

Azvision.az



Teqlər: Məhkəmə-hüquq-islahatları   İslahat   Hüquq   Məhkəmə  





Xəbər lenti