İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşıb

  20 Noyabr 2019    Oxunub : 760
İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşıb
İsmayıllı rayonu ərazisində cari ildə 2 yol infrastrukturu layihəsinin icrası yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildirilib ki, sözügedən layihələr başlanğıcını respublika əhəmiyyətli Muğanlı-İsmayıllı avtomobil yolunun 30-cu kilometrindən götürən Təzəkənd-Ağbulaq-Qoşakənd, həmçinin başlanğıcını respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 27-ci kilometrindən götürən Quşencə-Zoğallıq marşrutları üzrə yaşayış məntəqələrini əhatə edir.

Layihə çərçivəsində yeni yol yatağı inşa edilib, yollar boyu müxtəlif diametrlərə malik 191 poqonmetr uzunluğunda yeni dəmir-beton suötürücü borular, həmçinin kommunikasiya xətlərinin keçirilməsi üçün 122 poqonmetr metal borular quraşdırılıb, yol əsasının inşası işləri aparılıb. Yollar boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Ümumilikdə isə 150 min kvadratmetrədək sahədə tikinti işləri həyata keçirilib.

Son mərhələdə zəruri olan yerlərdə 7 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkil üçün yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricicilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb.

Avtomobil yollarının yenidən qurulması 5 mindən çox əhalisi olan 5 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, eləcə də bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək.

Azvision.az

Teqlər: İsmayıllı   Yol