Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılışı oldu

  07 Noyabr 2019    Oxunub : 1657
Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılışı oldu
Beynəlxalq Muğam Mərkəzində 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının təntənəli açılış mərasimi keçirilib.
Azvision.az xəbər verir ki,tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Mərasimdə festivalın direktoru Fehruz Şamıyev çıxış edərək, kinoforumun 10 illiyi münasibəti ilə qısa hesabat verdi və bu illər ərzində onlara dəstək olmuş qurumlara, yaradıcı insanlara və komanda heyətinə təşəkkürünü bildirib. Daha sonra səhnəyə dəvət edilən C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev on il ərzində festivalın böyük rəğbət qazandığını vurğulayıb: “ Festival keçirmək çox məsuliyyətli işdi. Bu festival artıq 10 ildir ki, təşkil olunur və böyük tamaşaçı auditoriyası toplaya bilib. Bu gün Azərbaycanda müxtəlif səpkili festivallar keçirilir. Lakin Bakı Beynəlxalq Film festivalının əhəmiyyəti böyükdür. Bu festival öz ətrafında gənc yaradıcı insanları birləşdirir və gənclər yaradıcı fikir mübadiləsi apara bilirlər. Hesab edirəm ki, festivalın 10 il ərzində keçirilməsi artıq beynəlxalq miqyaslı uğurdur. Festivalın direktoruna və iştirakçılarına uğurlar arzu edirəm”.



Bu il festivalın müsabiqə bölmələrinə 21 ölkədən 48 film düşüb. Beynəlxalq müsabiqədə 29, Yerli müsabiqədə isə 19 film mübarizə aparacaq. Hər iki müsabiqə bölməsinin öz münsiflər heyəti var. Beynəlxalq müsabiqənin münsiflər heyətinə azərbaycanlı rejissor İlqar Safat, türkiyəli rejissor Rezan Yaşılbaş, gürcüstanlı rejissor Artçil Xetaquri, iranlı rejissor Kərim Əzimi daxildir. Münsiflər heyətinin sədri İlqar Safat iştirakçılara uğurlar arzuladı, festivalın uzunömürlü olmasını dilədi. Rezan Yaşılbaş festivalların müxtəlif ölkələrin yaradıcı insanlarının bir-biri ilə tanış olmasında böyük rolu olduğunu qeyd etdi. Gürcüstanlı təmsilçi Artçil Xetaquri belə kinoforumların tamaşaçılar üçün də çox önəmli olduğunu deyib: “Festlivallarda nümayiş olunan filmləri izləyən tamaşaçıları həmişə çox şanslı hesab etmişəm. Onlar kütlə üçün nəzərdə tutulmayan, az-az nümayiş olunan filmləri izləyə bilirlər. Biz də, həmçinin gözəl, əlçatmaz filmlər izləyəcəyik”.



Yerli müsabiqənin münsiflər heyətinin üzvü xalq artisti Vidadi Həsənov isə festival sayəsində azərbaycanlı yaradıcı gənclərin düşüncə tərzi ilə tanış ola biləcəyini və tam obyektiv qərarlar veriləcəyini xüsusi olaraq vurğulayıb. Digər yerli münsif əməkdar artist Gülzar Qurbanova festivalda iştirak edən gənclərə sənətdə cəsarətli və mübariz olmağı məsləhət görüb. Yerli münsiflərdən olan rejissor İmam Həsənov da həmkarlarına qoşularaq iştirakçılara və festival təşkilatçılarına uğurlar arzulayıb. Mərasim festivalın müsabiqə proqramına daxil olan Amil Məmiyevin “Son seçim” (Azərbaycan), Marin Ceykobun “Bu gün yox” (Belçika), Behnam Əsədulahinin “Qarğanın ağır kölgəsi” (İran) filmlərin nümayişi ilə sona çatıb. Festival filmləri noyabrın 9-na kimi saat 11:00-dan 16:00-dək Nizami Kino Mərkəzində nümayiş olunur. Nümayişlərə giriş sərbəstdir. Mükafatlandırma mərasimi isə 9 noyabr saat 17:30-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.



Xatırladaq ki, Bakı Beynəlxalq Qısa Filmlər Festivalı "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə baş tutur. Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi də festivala dəstək göstərir.

Azvision.az

Teqlər: Film